Avropa Parlamenti gələn həftə Azərbaycanda mətbuatın vəziyyətini və jurnalist Əfqan Muxtarlının Tbilisidən oğurlanaraq həbs olunmasını müzakirə edəcək.
Bu barədə AP-nin növbəti sessiyasının açıqlanan gündəliyində qeyd olunub. Sessiya 12-15 iyunda Strasburqda, Avropa Parlamentinin binasında keçiriləcək.
Ölkəmizlə bağlı məsələ “Əfqan Muxtarlı işi və Azərbaycanda mətbuatın vəziyyəti” adı altında müzakirə olunacaq. Müzakirələrdən sonra qətnamənin qəbul ediləcəyi bildirilir.
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makkalester də Azərbaycanla bağlı qətnamənin qəbul ediləcəyini açıqlayıb. O, Gürcüstanın Avropa İttifaqındakı səfiri Natalya Sabanadze ilə görüşdən sonra bu barədə danışıb. Məlum olub ki, görüşdə Əfqan Muxtarlının Tbilisidən oğurlanaraq həbs edilməsi də müzakirə edilib. Makkalester görüşdən sonra bunları deyib:
“Səfirlə təkbətək görüş oldu. Belə görüşlərin məzmunu barədə danışmıram. Ancaq biz azərbaycanlı jurnalistin məsələsini müzakirə etdik. Bu məsələ növbəti plenar iclasın gündəliyinə salınacaq. Hazırda biz qətnamə üzərində işləyirik. Hələlik sənədi görməmişəm, ancaq yaxın vaxtda tanış olacam. Məsələni tək biz deyil, digər siyasi qruplar – Sosial-Demokratlar, Liderallar və Yaşıllar da diqqətdə saxlayır” (Makkalester Avropa Xalq Partiyası fraksiyasının üzvüdür).
Əfqan Muxtarlı ilə bağlı məsələni həmçinin, AP-nin deputatı Ana Qomez də araşdırır. O bildirib ki, bu məsələdə Gürcüstanın Təhlükəsizlik Xidmətinin etibarlılığı ilə bağlı suallar yaranıb.
Fizzə