Tamara Qriqoryeva Bakıya qarşı...; “Narıncı inqilablar” mövzusu arxa plana keçsə də, indi dünyada başqa bir eksperiment “uğurla” həyata keçirilməkdədir: “seçkilərə kənardan müdaxilə”; təəssüf ki, bəzi hallarda milli hisslərdən uzaq, Azərbaycana içərisində nifrət daşıyanlar ölkəmiz əleyhinə kampaniyanın ən fəal üzvlərinə çevrilirlər...
Azərbaycanda keçiriləcək prezident seçkilərinə 1 ildən çox zaman qalsa da, bəzi Qərb təsisatlarının indidən fəallaşması barədə ilkin siqnallar daxil olur. Artıq “narıncı inqilablar” mövzusu arxa planı keçsə də, indi dünyada başqa bir eksperiment “uğurla” həyata keçirilməkdədir. Bu, ümumi olaraq “seçkilərə kənardan müdaxilə” adlanır.
2016-cı ilin noyabrında ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyi iddiası elə bir beynəlxalq qalmaqal yaradıb ki, bu, az qala “narıncı inqilab” kimi dağıdıcı gücə malikdir. Küçələrdə Ukraynadakı “narıncı inqilab” və ya Avromeydanda olduğu kimi, barrikadalar qurulmur, adamlar qarşı-qarşıya gəlib bir-birinin qanını tökmür, amma mahiyyət etibarilə proses hakimiyyətlərin dəyişməsinə hesablanıb.
Bu eksperimentin ilk qurbanı kimi qüdrətli ABŞ-ın qalmaqallı prezidenti Donald Tramp seçilib. “Rusiyanın adamı” kimi damğalanmış Tramp aylardır nəyisə sübut etmək üçün cəhdlər edir, amma faydası yoxdur. Bu prosesin sonunda Tramp kürsüsündən olarsa, əmin olun ki, tezliklə “seçkilərə kənar müdaxilə” modeli dünyanın dörd bir tərəfinə yayılacaq...
***
Nə qədər qəribə səslənsə də, Azərbaycan hakimiyyəti üçün “seçkilərə kənar müdaxilə” mövzusu yeni deyil, əksinə, ölkəmiz demək olar ki, hər seçkilərdə bu “müdaxilələrlə” üzləşir. Məsələn, 2013-cü il prezident seçkilərində Kremlin “Milyarderlər İttifaqı” adlı təşkilatı məhz Azərbaycandakı seçkilərə təsir etmək üçün yaradılmışdı. Amma bu proses adətən Qərb təsisatları üzərindən qurulur ki, hakimiyyət bu hücumları dəf etməkdə artıq kifayət qədər təcrübə toplayıb.
Yada salaq ki, 2009-cu ildən başlayaraq ABŞ-ın Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublikaçılar İnstitutu kimi ttəşkilatlar məhz bu və ya digər şəkildə “seçkilərə kənardan müdaxilə” ittihamları ilə Azərbaycanda fəaliyyətlərini dayandırıblar. Rəsmi Bakı seçkilərə bu cür müdaxilələri nəinki qəbul etməyib, üstəlik, “beşinci kolon” kimi tanıdığı bütün xaricdən maliyyələşən QHT-ləri son illər tam nəzarəti altına ala bilib.
Hakimiyyət “kənar müdaxilə”ni o həddə qəbul etmir ki, hətta o kampaniyaların arxasında hansı supergüclər dayanarsa, onları ifşa etməkdən də çəkinmir. Məsələn, 2015-ci il Avropa Oyunları və parlament seçkiləri ərəfəsi Azərbaycan əleyhinə xüsusilə Avropada ciddi anti-təbliğat başlamışdı. Azərbaycan hakimiyyəti tezliklə bu kampaniyanın arxasında dayanan təşkilatları de-şifrə etdi və külli miqdarda pul ayrılmış anti-Azərbaycan qüvvələrin ABŞ-ın o zamankı dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə olunduğunu açıqlamaqdan çəkinmədi.
Rəsmi Bakını indi Tramp administrasiyasından daha çox məmnun edən “kənar müdaxilə” siyasətindən imtina etməsidir ki, bu, ən yüksək səviyyədə bəyənilir.
Amma Avropa təsisatları ilə bağlı məsələ o qədər də sadə deyil. Doğrudur, indi Avropa Birliyi ilə əlaqələrdə yeni bir mərhələ başlayıb ki, bu da hakimiyyəti tam qane edir. Ağ Ev rəsmilərinin “kənar dövlətlərin işinə qarışmırıq” deməsindən sonra ehtimal etmək olar ki, yaxınlaşmaqda olan seçkilərdə “kənar müdaxilələr” insan haqları qurumları üzərindən qurulacaq ki, yazının girişində dediyimiz fəallıq da bu səbəbdən diqqət çəkir.
İnsan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar üçün “kənar müdaxilə” aydındır ki, bütün hakimiyyətlərin ən həssas nöqtəsi olan insan haqları və siyasi məhbus problemi üzərindən qurulur. Azərbaycanda demokratiya və insan haqları sahəsində problemlər var, bunu heç kim birmənalı inkar da etmir. Fəqət bu cür “insan haqları” deyə bağıran təşkilatların bu kimi problemləri Azərbaycan dövləti əleyhinə siyasətə, seçkilərdə təzyiq alətinə çevirmələri qəbuledilməzdir.
Bir çox hallarda bu təşkilatların hesabatları hələ rəsmən açıqlanmazdan əvvəl ermənilərin əlinə düşməsi, Azərbaycan əleyhinə beynəlxalq erməni lobbisinin anti-təbliğatına çevrilməsi haqlı suallar yaradır. Qərbin insan haqları qurumlarının bəzilərinin ya mərkəzi, ya regional ofislərində ermənilərlə yanaşı, təəssüf ki, azərbaycanlılar da “çalışır”, külli miqdarda qrant layihələri “qardaş malı” kimi bölünür. Daha acınacaqlısı, bu tip dəyərsiz adamlar düşmən ölkə mediasında “ulduza” çevrilir, Azərbaycan haqda həqiqətdən uzaq reportajları yayılır. Təsadüfi deyil ki, Azərbaycanda bəzi insan haqları müdafiəçiləri siyasi məhbus probleminin ölkəmiz əleyhinə çirkin kampaniyaya çevrildiyinin fərqində olduğu üçün bəzi təşkilatlarla əlaqələri kəsiblər. Onlar siyasi məhbus siyahısı hazırlasalar da, onu beynəlxalq qurumlara deyil, Əfv Komissiyasına göndərirlər.
***
Əcnəbinin pulunun milləti yoxdur. Amma təəssüf ki, bəzi hallarda milli hisslərdən uzaq, Azərbaycana içində nifrət daşıyanlar bu kampaniyanın ən fəal üzvlərinə çevrilirlər. Mitinqlərdə heç vaxt barmağı belə qanamamış adamların Avropada rahat sığınacaq almalarının bir səbəbi də bu kimi Azərbaycana nifrət edənlər ordusu hazırlamağa hesablanıb.
Bu sırada mərkəzi qərargahı Vaşinqtonda yerləşən “Freedom House”nin daha fəal olması barədə məlumatlar var. Məsələn, bilgili mənbənin “Yeni Müsavat”a verdiyi məlumata görə, Avropada siyasi sığınacaq almaq istəyən şəxslər üçün Şengen vizaları “Freedom House”un Litva nümayəndəliyinin (əməkdaş Lyudmila Vackova) və bu dövlətin XİN-in (əməkdaş Danatas Butkus) dəstəyi ilə həmin ölkənin Gürcüstandakı səfirliyində alınır. “Freedom House” həmçinin Litva bankları vasitəsilə maliyyə vəsaitlərinin leqallaşdırılmasında da xüsusi rol oynayır.
“Freedom House” Gürcüstanla yanaşı, Polşada və Litvada da Azərbaycandan olan “siyasi qaçqınlar” üçün treninqlər təşkil edir. “Azərbaycan dəhşətlərini gözü ilə görmüş” adamların həmin ölkələrin ərazisində Qərb diplomatları ilə görüşünə şərait yaradılır. İddialara görə, bu cür görüşlərdə əsasən “göz yaşları” Azərbaycan üçün deyil, maliyyə yardımları ayrılması üçün axıdılır. Bu kimi görüşlərdən sonra isə “aktivistlərdən” Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün fəallıq, Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərin sayının artırılması tələb olunur. Azərbaycanla bağlı məsələlərə hansı səviyyədə maraq göstərilməsinin göstəricisi kimi keçmiş dövlət katibi Con Kerrinin insan haqları üzrə müavini Tomas Malinovski və onun köməkçisi Robert Berschinskinin bu görüşlərdə iştirakını göstərmək olar.
İddia olunur ki, xüsusilə Pribaltika və Qərbi Avropa ölkələrinin ərazilərində təşkil olunmuş bu kimi görüşlərdə ABŞ səfirliklərinin xüsusi fəallığı da nəzərə çarpır ki, bu da Ağ Ev administrasiyasında hələ də Trampın komandasının mövqelərinin möhkəmlənməməsi kimi izah edilir.
***
Siyasi məhbus problemindən Azərbaycana qarşı istifadə edilməsi üçün ölkədəki bəzi QHT-lərdən yararlanılması barədə xəbərlər var. Bildirilir ki, bu tip adamlar qonşu ölkələrə çağırılaraq treninqlərə cəlb edilir. Onlara Azərbaycandakı səfirliklərin əməkdaşları ilə sıx əlaqədə fəaliyyət göstərmək və işlərini qarşılıqlı koordinasiya etmək tapşırılır ki, əcnəbi diplomatlar da siyasi səhnədə cərəyan edən proseslər barədə məlumatlar toplayaraq öz ölkələrinin xarici siyasət idarələrinə ötürə bilsinlər.
***
Redaksiyamıza göndərilən e-maillərin birində isə bu məsələdə daha fəal olan bir adamın adı çəkilir: Tamara Qriqoryeva. T.Qriqoryeva 2004-2008-ci illərdə BDU-nun jurnalistika fakültəsində bakalavr, 2013-2015-ci illərdə ABŞ-ın Vaşinqton şəhərində yerləşən Amerika Universitetində rabitə və media araşdırmaları üzrə magistr təhsili alıb. T.Qriqoryeva 2008-ci ildə “France Press” agentliyinin Bakı müxbiri də işləyib. Hazırda “Freedom House”un “Emergency Asistance Programs” layihəsində Avrasiya üzrə mütəxəssis vəzifəsində işləyir. Onun həqiqətən də anti-Azərbaycan kampaniyasında hansısa rol aldığını iddia etmirik, çünki mənbə bizə yalnız öz bildiyi həqiqəti göndərib.
Lakin buradakı məlumatlar diqqətdən kənarda qalmamalıdır və böyük maraq doğurur. Orada hansı iddialar var?
Oxuyun: "Qriqoryeva Tamara Eyvazovna “siyasi məhbus”lara dəstək verilməsi, insan hüquq və azadlıqların bərqərar olması adı altında Azərbaycanda fəaliyyət göstərən gənclər sektorunun təmsilçilərini qonşu ölkələrə çıxararaq treninqlərə cəlb edir.
“Freedom House”da aparılmış vəzifə bölgüsünə əsasən, Tamara Qriqoryevanın məsuliyyət dairəsinə Tacikistan Respublikası da daxildir. O, həmin dövlətlərdə “rəngli inqilablar”ın baş verməsi üçün münbit şəraitin yaradılmasına çalışır.
Tamara xanımın dosyesindən bəzi ştrixlər onun gerçəkdən də necə mühüm mütəxəssis olduğunu göstərir. Məsələn, o, 2009-2014-cü illərdə “General Dynamics” informasiya texnologiyaları şirkətində araşdırmaçı qismində işləyib, Mərkəzi Asiya, Rusiya, Pakistan, Əfqanıstan və İran haqqında məqalələr hazırlayıb. 2013-2014-cü illərdə Vaşinqtonda təhsil aldığı müddətdə Avrasiya Fondu tərəfindən yaradılan “Gənc Mütəxəssislər Şəbəkəsi” proqramında təcrübə keçib. 2014-2015-ci illərdə ABŞ-da hökumət nümayəndələrinə informasiya texnologiyaları sahəsində xidmət göstərən və “Amerikanın səsi” radiosunun Ermənistan bürosuna yardımlar edən “Applied Memetics LLC” şirkətində media əməliyyatları üzrə direktor vəzifəsində çalışıb. Hazırda “Freedom House” təşkilatının “Emergency Asistance Programs” layihəsində Avrasiya üzrə mütəxəssis vəzifəsində işləyir. Bununla yanaşı, məlumatda iddia olunur ki, Tamara Qriqoryeva onlayn fəaliyyət göstərən Ermənistanın «a1plus.am» media şəbəkəsi üçün Azərbaycan barədə qeyri-obyektiv məqalələr hazırlayır. Azərbaycan, rus, ingilis və özbək dillərində danışır".
İddia olunur ki, Tamara Qriqoryeva Qərb dövlətlərinin Azərbaycandakı səfirliklərinin əməkdaşları ilə sıx əlaqədə fəaliyyət göstərir və işlərini qarşılıqlı koordinasiya edirlər. Əcnəbi diplomatlar Azərbaycanda siyasi səhnədə cərəyan edən proseslər barədə məlumatlar toplayaraq öz ölkələrinin xarici siyasət idarələrinə ötürürlər.
Göstərilən layihələrdə bir sıra tanınmış simalar, o cümlədən də hazırda Gürcüstanda siyasi qaçaq olan bəzi soydaşlarımız da iştirak edirlər. Onların əsas işi maliyyə vəsaitlərini Gürcüstanda qəbul edərək Azərbaycana ötürməkdir. Hansı ki, bu proseslə bağlı yaxın zamanlarda Azərbaycan hüquq mühafizə orqanları iki səs-küylü əməliyyat keçiriblər.
***
Bilinən ən böyük həqiqət budur ki, Azərbaycan təkcə hakimiyyətdən və müxalifətdən ibarət deyil. Bu ölkənin pisi də, yaxşısı da, uğuru da, uğursuzluğu da bütövlükdə Azərbaycanın adına yazılır. Azərbaycanın problemlərini xaricə göndərilən donoslarla, qərəzli hesabatlarla həll etmək mümkün deyil... Azərbaycan iqtidarı isə “xaricdən təzyiqlərə”, yuxarıda da qeyd etdiyimiz kimi, həmişə hazırlıqlı və qətiyyətlidir...
“YM”