Sülhəddin Əkbər: “Putinin korrupsiyaya qarşı mübarizə qərarı prinsipcə düzgündür, amma...”
Rusiya prezidenti Vladimir Putin korrupsioner məmurlarla bağlı xüsusi reyestrin yaradılmasına göstəriş verib. Məlum yeniliyə əsasən, bundan sonra korrupsiyaya yol verən məmurların adları bu reyestrə daxil ediləcək və onların bir daha dövlət işində çalışmasına icazə verilməyəcək.
Maraqlıdır, Rusiyadakı məlum yeniliyin Azərbaycanda tətbiqi mümkündürmü? Bu, korrupsiyaya qarşı mübarizə baxımından hansısa effekt verə bilərmi?
anaxeber.info-a açıqlama verən AZDP sədri Sülhəddin Əkbər bu kimi yeniliklərin yalnız demokratik ölkələrdə fayda verəcəyini vurğuladı:
“Bəllidir ki, həm Rusiyada, həm də Azərbaycanda korrupsiya sistem xarakteri daşıyır və səviyyəsi yüksəkdir. Bu baxımdan korrupsioner bir hökumətin hansısa qərar verməsinin bir effekt verəcəyini düşünmürəm. Prinsip etibari ilə bu, düzgün qərardır. Lakin bu qərar o ölkədə işlək olacaq ki, orada demokratiya olsun, hökumət şəffaf fəaliyyət göstərsin və hesabatlı olsun. Şəffaf fəaliyyət göstərməyən hökumətin korrupsiyaya qarşı hansı səviyyədə mübarizə aparması həmişə böyük sual altında olur. Bu kimi addımların faydalı olması üçün ilk növbədə demokratik hökumət olmalıdır. Bu, olmadığı təqdirdə məlum addımların fayda verməsi ehtimalı azdır”.
anaxeber.info