“...Bizim ayrı çıxış yolumuz qalmır”; Füzulidə öldürülən çocuğun qatili məlumdur - XİN: “Alxanlını vurmaq əmri Sərkisyandan gəlib”; Ermənistan xarici işlər naziri ilə iyulun 11-də keçiriləcək görüşündən imtina təklif edilir; həmsədrlər yenə sülh deyir
İşğalçı Ermənistanın Azərbaycan ərazilərindəki ordusu iyulun 4-də saat 20:40 radələrində növbəti vəhşilik aktı həyata keçirib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyat olunub. Müdafiə Nazirliyi bildirir ki, baş vermiş təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan bu davranışları ilə beynəlxalq qanun və konvensiyalara tüpürdüyünü, danışıqlardan imtina xətti götürdüyünü, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərini tanımadığını nümayiş etdirdi.
Image result for Hikmət Hacıyev
Ancaq çox qəribədir ki, Azərbaycanın dinc sakinlərinin, xüsusən körpə uşağın qətlə yetirilməsi faktına ATƏT-in Minsk Qrupunun həmsədrləri sıradan bir hadisə kimi reaksiya veriblər. “Turist diplomatlar” Alxanlı kəndində baş vermiş və mülki şəxslər də daxil olmaqla, insan ölümü ilə nəticələnən hadisədən xəbərdar olduqlarını qeyd edərək, tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Bəyanatda işğalçı Ermənistanın əməli pislənmir, sanki həlak olanlar avtomobil qəzasının qurbanı olublar, erməni təcavüzünün yox. Həmsədrlərin bəyanatına hətta keçmiş həmsədr Metyu Brayza da ironiya ilə yanaşıb.
***
Sözsüz ki, Alxanlı sakinlərinin hədəfə alınması Ermənistan rəhbərliyinin və onun himayədarlarının tapşırığı əsasında baş verib, əks təqdirdə, işğalçı ordu özbaşına belə qərar qəbul etməzdi. Əslində 2 yaşlı uşağın və onun nənəsinin hədəfə alınması Qarabağ münaqişəsi başlayandan yeganə fakt deyil. Dünya Ermənistan prezidentinin mahiyyətinə çoxdan bələddir, 1989-cu ildən 1993-cü ilə kimi separatçı “Dağlıq Qarabağ respublikası”nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik etdiyi dövrdən. Bu, həmin Sərkisyandır ki, Xocalı soyqırımında şəxsən iştirakını beynəlxalq araşdırmaçı Tomas de Vaalla söhbətində dilə gətirmişdi. Sitat: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar”.
Sərkisyanın rəhbərlik etdiyi erməni terrorçuları Xocalıda 613 nəfəri qətlə yetirib ki, onların 63 nəfəri uşaq, 106 nəfəri qadındır. Yəni Sərkisyan körpə qatili kimi tanınır. Alxanlı qətliamı da buna daha bir sübutdur. Deməli, S.Sərkisyanın rəhbərlik etdiyi Ermənistanla sülh danışıqlarının heç bir mənası yoxdur. Azərbaycan dinc tənzimləmə üçün hər cür vasitəyə əl atdı, hətta Bakı Sülh Platformasını təsis elədi. Lakin Ermənistan rəhbərliyi öz havadarlarının tapşırığı ilə Azərbaycana qarşı düşmən siyasətini davam etdirdi.
***
Rəsmi Bakı hadisə ilə bağlı beynəlxalq qurumları məlumatlandırıb. “Bu hadisə Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin kobud şəkildə pozulması deməkdir”.
Bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib. “Beynəlxalq Qırmızı Xaç Komitəsinə, ATƏT-in fəaliyyətdə olan sədrinə məlumat verilib. Xarici işlər naziri həmsədrlərlə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspşiklə danışıb. Azərbaycanın ciddi narahatlığı həmsədrlərin diqqətinə çatdırılıb”. H.Hacıyevin sözlərinə görə, atəş əmri birbaşa Ermənistan ordusunun ali baş komandanından alınıb və məsuliyyət bilavasitə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür: “Bu, onların məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Ermənistan ordusunun Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu və status-kvonun davam etməsi bu kimi hadisələrin baş verməsinə səbəb olur. Bu hal regional sülh və təhlükəsizlik üçün təhdiddir. Anjey Kaspşik təmas xəttinin hər iki tərəfində araşdırma aparır, düşünürük ki, bu araşdırmalarla bağlı ədalətli bəyanat verəcək” deyə, H.Hacıyev bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib ki, düşmən tərəfinin itkiləri olsa da, gizlədilir. “Yaxın vaxtlarda məcbur olub məlumat verəcəklər. Ermənistan dərhal qatil sifətini qorumaq üçün yalan məlumatlar yayaraq, Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etdiyini bildirib. Biz bunu qəti rədd edirik. Bildiririk ki, Ermənistan həmişəki kimi mülki əhalini atəşə tutub. Alxanlıda nə qərargah, nə də atəş nöqtəsi var. Digər məlumatda bildirirlər ki, Azərbaycan guya ABŞ-a məxsus reaktiv sistemlərdən istifadə edib. Bu da ağ yalandır”. V. Dərgahlı qeyd edib ki, bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq: “Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, Alxanlıda baş verən hadisə ilə bağlı artıq Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb. “İstintaq qrupu yaradılıb. Meyitlərə baxış keçirilərkən onların tank əleyhinə qumbaraatan mərmilərinin qəlpələrindən öldüyü məlum olub. Cinayət içi üzrə obyektiv araşdırma aparılmaqla, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir”, - deyə o qeyd edib.
Türkiyənin Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayıb. “Ermənistanın törətdiyi bu hadisəni şiddətlə qınayırıq. Bu xain hücumda həyatlarını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı, atəş nəticəsində yaralanmış azərbaycanlıya şəfalar diləyirik”-bəyanatda deyilir. İsrailin Azərbaycandakı səfiri Dan Stav isə baş verənlərdən dəhşətə gəldiyini və dərindən kədərləndiyini vurğulayıb.
Ermənistan ordusunun bu vandallığı ilə bağlı artıq Bakı beynəlxalq təşkilatlara müraciət edib. ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev 5 iyulda Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında çıxış edərək deyib ki, bu hərəkət azərbaycanlı mülki əhali qarşı olan qəsdən, məqsədli şəkildə törədilmiş hücumdur. “Bu kimi hallar beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasıdır və birbaşa olaraq 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir. Minsk Qrupunun həmsədrləri bu məsələ ilə məşğul olmalı və belə qəddar hücumları pisləməlidir, dərhal bu kimi hücumları dayandırmaq üçün addım atmalıdır".
Milli Məclisin sədr müavini Bahar Muradova da ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında Alxanlı kəndində törədilən erməni vəhşiliyi ilə bağlı məsələ qaldırıb. Vitse-spiker “təmas xəttində baş verən, mülki insanların ölümünə görə məsuliyyət Ermənistanın hərbi-cinayətkar rejiminin üzərinə düşür”-deyə, bəyan edib.
***
Zəhra Quliyevanın yayılmış qanlı şəkli Azərbaycanda ictimai rəyin nədən ibarət olduğunu üzə çıxarıb. Cəmiyyətin rəyi belədir ki, daha işğalçı ilə danışmağın heç bir mənası qalmayıb və Azərbaycan hərbi əməliyyatlara başlamaqla bağlı qərar verməlidir. Sözsüz ki, bu qərarın verilməsi səlahiyyəti Ali Baş Komandana məxsusdur. Amma ictimai rəy Zəhranın və onun kimi yüzlərlə günahsız uşağın intiqamı üçün tamamilə döyüş ruhu üzərində köklənib. Hətta sosial şəbəkələrdə “müharibə istəyirik”, “qisas zamanıdır”, “Qarabağı işğaldan azad etmək üçün əmr gözləyirik” kimi çağırışlar kifayət qədərdir. Heç şübhəsiz ki, ölkə rəhbərliyi də situasiyanı ciddi şəkildə nəzərdən keçirir və daha doğru qərar veriləcək.
Günahsız insanların qətlə yetirilməsi və ümumiyyətlə, Ermənistanın işğala son vermək niyyətində olmaması düşmənə qarşı nifrətin artmasına səbəb olub. Hesab olunur ki, Azərbaycan gecikmədən savaş qərarı verməli, hətta Ermənistanın hərbi obyektləri vurulmalıdır. Əksəriyyət bu qənaətdədir ki, düşmən güc yolu ilə susdurulmadıqca durum dəyişməyəcək.
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü gec-tez bərpa edəcək: “Bunun üçün Azərbaycanın qətiyyətli və güclü Ali Baş Komandanı var. Bu gün Azərbaycan ordusu düşməni işğal altında olan torpaqlarımızdan qovmaq üçün Ali Baş Komandanın bir əmrini gözləyir. Əgər işğalçı Ermənistan sülh danışıqlarını pozmaqda davam edəcəksə, bizim ayrı çıxış yolumuz qalmayacaq və öz torpaqlarımızı güc yolu ilə düşmən tapdağından azad edəcəyik”.
“Azərbaycan ordusu ermənilərə kütləvi cavab zərbələri endirməlidir”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov belə deyib. Diplomat bildirib ki, bu faciəvi hadisəyə iki cür reaksiya vermək olar: “1. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün Azərbaycan silahlı qüvvələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindəki bütün hərbi infrastrukturuna kütləvi zərbə endirməlidir. Bunun hədəfi isə bizim Ermənistan-Azərbaycan sərhədində tam hərbi nəzarətimizi bərpa etmək olmalıdır. 2. Beynəlxalq ictimaiyyətə bu terrorizm və vandalizm aktının qınanması üçün müraciət olunmalıdır. Diplomat qeyd edib ki, konfliktin həlli ilə bağlı siyasətimiz dəyişməlidir: ”Bu, belə davam edə bilməz". (axar.az)
Bu arada XİN başçılarının planlaşdırılan görüşündən imtina olunması da təklif olunur. “Fikrimcə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə iyulun 11-nə nəzərdə tutulan görüşdən imtina etməlidir. Bu arada ”qisas əməliyyatı" vasitəsilə Ermənistana hərbi təzyiq artırılmalı, eyni zamanda böyük dövlətlərə aydın mesaj göndərilməlidir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər atəşkəsə riayət edəcəyimizi bizdən gözləməsinlər. Azərbaycan Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyi təmas halında çalışmalıdır. Biri vurmalı, o biri vurana haqq və dəstək qazandırmalıdır". Politoloq Elxan Şahinoğlu belə deyib.
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması gündəmdə olmasa da, bu məsələ kompleks şəkildə araşdırılmalı və qərar verilməlidir”.
Bunu isə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Cəbhə bölgəsindən gələn acı xəbər hamımızı sarsıtdı. 18 aylıq körpəmizin qətlə yetirilməsi Xocalı soyqırımının davamıdır. İmza da eynidir - Sərkisyan. Sadəcə, cinayətkar cəzasız qalanda yeni cinayətlər qaçılmazdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri, AŞ PA, Avropa Birliyi ciddi düşünməli, cinayətlərə və cinayətkarlara ikili münasibətin yeni faciələrə yol açdığını görməli, qətiyyətli addım atmalıdırlar. Əks təqdirdə, kimsə ədalət və hüquqdan danışmasın. Azərbaycan iqtidarı da düşünülmüş, planlı addım atmalıdır. Bəlkə də bu Ermənistan və onun himayədarlarının Azərbaycanı təxribata çəkmək və daha böyük itkilərlə üz-üzə qoymaq planının bir hissəsidir. Düşünmək lazım, həm də çox ciddi”. Bu fikirlər isə Ümid Partiyasının sədri İqbal Ağazadəyə məxsusdur. Partiya sədrinin sözlərinə görə, atdığımız addımlar qəti və sanballı olmayacaqsa, daşları yerindən oynatmağa dəyməz: “Müharibə ilə işğal olunmuş torpaqlarımızı geri almağa hələlik kimsə nəinki dəstək vermir, əksinə, hamı əleyhimizədir. Mən də keçmiş döyüşçü və Qarabağ torpağının övladı kimi narahat və qəzəbliyəm. Lakin qəzəb və kin qələbə üçün kifayət etmir. Zəhra balamızın və nənəsinin ruhu qarşısında baş əyirəm...”
Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markovun fikrincə, tərəflər danışıqlar masasına tez bir zamanda oturmasalar, regionda genişmiqyaslı müharibə qaçılmaz olacaq: “Aprel döyüşlərinin təkrarlanması ehtimalı çox yüksəkdir. Ona görə də tərəflər danışıqlar masasına oturmalıdır. Dünya ictimaiyyəti ilk növbədə Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməlidir. Rusiya və dünya ictimaiyyəti Ermənistan rəhbərliyinə güclü təzyiq göstərməlidir” (APA). S.Markov Ermənistan silahlı qüvvələrinin dinc sakinlərə qarşı fəaliyyətinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsinin vacibliyini vurğulayıb: “İki yaşlı körpənin öldürülməsinə, bu vəhşiliyə dünya ictimaiyyəti lazımi qiymət verməlidir. Ermənistan dövləti ekspansiyada günahlandırılmalıdır. Onlar qonşu ölkənin ərazisini-Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. Bu işğala son qoyulmalıdır”.
Elşad PAŞASOY