Azərbaycanın prezidenti İlham Əliyev iyulun 4-də Füzulinin Alxanlı kəndində atəşkəsin pozulması nəticəsində ikiyaşlı körpə və nənəsinin ölümünə Twitter səhifəsində münasibət bildirib.
O yazıb: «Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır».
Prezidentin xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva da baş verənlərlə bağlı adıçəkilən sosial şəbəkədə «Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır!» yazıb.
O daha sonra əlavə edib: «Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!».
İyulun 4-də saat 20:40-da Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutublar. Nəticədə iki dinc sakin - 50 yaşlı Sahibə Quliyeva və onun nəvəsi, ikiyaşlı Zəhra Quliyeva həlak olublar. Sərvinaz Quliyeva isə yaralanıb.
İyulun 5-də ölkə gündəmini zəbt edən bu məsələyə prezident və ali baş komandanın nədən münasibət bildirməməsi sosial şəbəkələrdə sual olunurdu.