Medianın binası: məmur, rejissor, dələduz, katibə, nazirlik işçisi, “reket”... - Eksklüziv siyahı

15-07-2017, 21:18   

Cəmi 1 həftə sonra jurnalistlərin binasından mənzillərin sahiblərin açıqlanacaq. İyulun 22-də Milli Mətbuat Günü ilə əlaqədar namizədliyini irəli sürənlərdən kimlərin ev sahibi olduqları müəyyən olacaq.


anaxeber.info-a hakimiyyətdəki mötəbər mənbədən sızan məlumata görə, son günlərin əsas müzakirə trendi - jurnalistlər üçün nəzərdə tutulan binada mənzil bölgüsü ciddi gərginlik yaradıb.
Mənbə iddia edir ki, mənzil sahibləri arasında heyrət doğuran imzalar var. Onun sözlərinə görə, siyahıda varlı məmurların, mətbuat xidməti rəhbərlərinin, tanınmış artistlərin və özgə vaxtlarda “reket media” kimi tanıdığımız KİV “ulduz”larının adları yanaşı gedir.
İddialara görə, onların cərgəsində imkanları, sərvətləri göz qamaşdıran bir rütbəli şəxsin də adı var.
Həmin rütbəli şəxsin çalışdığı qurumla məhkəmə çəkişmələrində bərkimiş və buna görə üzərində həbs təhlükəsi qalan bir saytın rəhbəri isə onunla qonşu olacaqlar.
Qaynağımız qeyd edir ki, sözügedən qalmaqallı və məşhur rütbəli şəxslə paralel olaraq bir nazirliyin mətbuat xidmətinin rəhbəri də jurnalistlərin binasından mənzil sahibi olacaq.



Sahibkarları və zəngin məmurları pul verən obyekt kimi görən bir qəzetin baş redaktoru da nazirliyin sözçüsü ilə eyni binadan mənzilin açarına sahiblənəcək.
Mənbə onu da bildirir ki, jurnalistlərin varlı - hallı mətbuat xidməti rəhbəri kimi tanıdığı daha bir şəxs, nazirliyin sözçüsü də mənzillənəcək.
Bundan başqa, 2013-cü ildə özünü “prezidentin vəkili” kimi təqdim edərək dələduzluq etdiyi üçün məhkum olunmuş bir rejissorun iqtidara yaxın qəzetlərdən birinin əməkdaşı kimi nazirliyin mətbuat xidməti ilə qapı bir qonşu olması taleyin ironiyasıdır.
Medianı məyus edəcək siyahıda aparıcı iqtidar qəzetinin Yeni Yasamalda 2 mərtəbəli, müasir şəraitli fərdi mülkü, İsmayıllı və Göyçay rayonlarında torpaq sahələri olan reklam meneceri, digər aparıcı qəzetin hətta Türkiyə və Rusiyada gəlir gətirən obyektləri olan əməkdaşları da var.
Daha bir dəhşət isə siyahıda toylarda tamada kimi tanınan və qiyməti 5000-dən aşağı düşməyən məşhur TV aparıcısı, müdirindən qeyri-rəsmi uşaq dünyaya gətirən katibənin olmasıdır.


Siyahıda oliqarx-nazir kimi tanınan məmurdan kifayət qədər bəhrələnib özünə villalar və mənzillər kolleksiyası yaratmış, sonra nazirlikdən gedən mətbuat katibinin (hazırda başqa qurumda peyda olub) ev alması da ayrı bir aləmdir.
Mənbə bildirir ki, iyulun 22-də media və ictimaiyyət rəsmən şok yaşayacaq və uzunmüddətli müzakirələrin təməli qoyulacaq.
Oxucuları intizarda saxlasaq da, həmin adları hələlik etika naminə açıqlamırıq və 1 həftə gözləməyi xahiş edirik.
Həmin adlar bəlli olanda, hansı kriteriyalar, şərtlər əsasında, hansı şəffaflıq prinsipləri çərçivəsində komissiyanın jurnalistlərə ev payladığı aydınlaşacaq.
Əslində, indidən sosial şəbəkələrdə mübahisələr, didişmələr başlanıb və gələn həftənin bu günü isə daha böyük qırğınlara şahidlik edəcəyik. Əvvəlki bina ilə müqayisədə bu dəfəki jurnalistlərin binası daha zəngin, koloritli adamlarla diqqət çəkəcəkə .

anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.