Hafiz Hacıyev: “Onlar dərviş kimi maskalanıb xalqın arasına çıxsalar, xalqın nə çəkdiyini görərlər”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev anaxeber.info saytına açıqlamasında ölkə məmurları ilə bağlı yeni ittihamlar səsləndirib. H.Hacıyev məmurları prezidentə xəyanət etməkdə, xalqın ağır vəziyyətinə biganə qalmaqda günahlandırıb:
“Ölkədə baş verən bütün bu proseslərin, bahalaşmaların arxasında məmurlar dayanır. Əlisi belə, vəlisi belə, dəlisi belə... Onların övladları xarici ölkələrdə təhsil alır, altlarında bahalı avtomobillərlə xuliqanlıq edirlər. Kişilikləri çatırsa, hərəsi yığdığı puldan bir milyard manat ortaya qoysin, desin ki, cənab prezident, bunu öz cibimizdən təşkil etmişik. Niyə mən bütün bunları deməliyəm? Onlar xalqın hansı şəraitdə yaşamasını bilmək istəyirlərsə, dərviş kimi görkəmlərini dəyişsinlər. Maskalansınlar, çıxsınlar xalqın arasına. Baxıb görsünlər ki, xalq necə yaşayır.
Mən bunları qəbul edə bilmərm. Mən bu idarəetmə ilə bağlı xalq arasında danışılan sözlərdən əriyirəm, məhv oluram. Buna ehtiyac varmı? Yoxdur. Bunlar toxdular deyə acdan xəbərləri yoxdur. Onlara elə gəlir ki, hamı toxdur. Halbuki, xalq məmurların əlindən cana doyub”.
anaxeber.info