Fransa Avropa Şurasını Azərbaycana qarşı qisas vasitəsinə çevirdi

14-06-2014, 19:33   

Elşən Mustafayev: "Azərbaycanda insan haqlarının hansı səviyyədə olmasını müzakirə etmək üçün Avropa Şurasının əlaqədar qurumları var"
"Hər halda bu, meriyanın səlahiyyətinə aid deyil"

Strasburq şəhərində Azərbaycana yönəlik maraqlı bir addım atılıb. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin başlaması ilə bağlı Strasburqda yerləşdirilmiş reklam bannerləri yığışdırılıb. Yerli mətbuatın verdiyi məlumata görə, bu barədə Strasburqda nəşr olunan "Dernieres Nouvelles d’Alsace" adlı qəzet yazıb.
Qaydalara görə, Strasburqda Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi qəbul edən ölkəni dəstəkləmək praktikası var. Bu praktika 2009-cu ildən bəri tətbiq olunur.
Hər yarım ildən bir 47 üzv ölkədən biri AŞ Nazirlər Komitəsinin sədri olur. Bu münasibətlə sədr ölkənin bayrağı Strasburq meriyasının qarşısında qaldırılır, şəhərdəki tramvayların bir çoxu həmin ölkənin bayraqlarının rənginə boyanır və şəhərdə sədr ölkəni təbliğ edən reklam bannerləri yerləşdirilir. Bura, həmçinin, sədr ölkənin təbliği üçün təşkil edilən mədəni proqramlar da daxildir.
Xəbərdə deyilir ki, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi ilə bağlı da həmin hazırlıqlar adi qaydada başlayıb. Mayın əvvəlində Strasburq meriyasının qarşısında Azərbaycan bayrağı qaldırılıb. Lakin bundan cəmi bir neçə gün sonra Bakıda Avropa Şurası ilə Azərbaycan hakimiyyəti arasında ciddi qalmaqal yaşanıb. AŞ PA-nın Bakıda keçirilən toplantısına qatılan Fransa nümayəndə heyətinin üzvü, Assambleyanın vitse-prezidenti Rene Rukeyə viza verilməyib. Səbəb kimi onun daha əvvəl işğal altındakı Azərbaycan ərazilərində səfərdə olduğu göstərilib. AŞ PA isə cavab olaraq iki il ərzində Bakıda hər hansı tədbir keçirməmək barədə qərar verib. Həmçinin, Bakı toplantısında Azərbaycanda insan haqlarına dair tənqidlər səslənib.
Strasburq meriyasında Avropa işləri üzrə məsul şəxs Navel Rafik deyib ki, Avropa Şurasına üzv ölkədə insan haqlarının pozulması qeydə alınsa belə, meriya ona arxa çevirə bilməz. "Lakin Rene Rukenin məsələsində Avropa Şurasının işinin pozulması baş verib və biz buna laqeyd qala bilmərik" - deyə o bildirib. Bununla da Strasburqda şəhər nəqliyyatından Azərbaycanın sədrliyi ilə bağlı reklamlar yığışdırılıb, habelə Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə keçiriləcək mədəni tədbirlər barədə məlumat verən bütün reklam şitləri çıxarılıb.
Strasburq meriyasının bu addımı nə dərəcədə doğrudur?
Tez-tez beynəlxalq səfərlərdə olan Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, onun özü də bir neçə dəfə Strasburqda səfərdə olub və bir qayda olaraq, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən dövlətlərin reklamlarına rast gəlib: "Azərbaycana aid reklamların yığışdırılması ilə bağı məlumatı bu gün oxudum. Olduqca ciddi məsələdir. Mən Avropa Şurasının rəsmi məlumatlarını yayan saytlara da baxdım. Bu əməlin hansı səbəbdən törədilməsi ilə bağlı dəqiq məlumat ala bilmədim. Həmin reklamların yerləşdirilməsi Avropa Şurasının ənənəsinə aiddir. Məncə, bu ilk belə haldır ki, onunla da Azərbaycan üzləşir. Artıq bir sutkadır ki, Azərbaycanın rəsmi dairələri də bu barədə təfsilatlı informasiya vermir. Xarici İşlər Nazirliyi təcili məsələyə müdaxilə etməlidir. Onların nəyisə dəqiqləşdirmək, ətraflı informasiya toplamaq imkanları bizdən qat-qat çoxdur.
Məsələnin başqa bir tərəfi isə Strasburq meriyasının bu səlahiyyətə malik olub-olmamasını araşdırmaqla bağlıdır. Bunu da mütləq dəqiqləşdirmək lazımdır. Azərbaycanda insan haqlarının hansı səviyyədə olmasını müzakirə etmək üçün Avropa Şurasının əlaqədar qurumları var. Hər halda bu, meriyanın səlahiyyətinə aid deyil".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar