Müdafiə naziri və hərbi prokuror barədə sensasion bəyanat gözlənilir

19-06-2014, 10:30   
Müdafiə naziri və hərbi prokuror barədə sensasion bəyanat gözlənilir
Vəkil Adəm Məmmədov: «Əlimizdə xeyli faktlar var...»

Müdafiə nazirinin keçmiş müavini, Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı olmuş vitse-admiral Şahin Sultanovun həbsindən iki aya yaxın vaxt keçir. Amma hələ də bu həbsin arxasında dayanan gerçək səbəblər bəlli deyil. Hərçənd, bu bu məsələdə müdafiə naziri Zakir Həsənov, respublikanın hərbi prokuroru Xanlar Vəliyevin adları hallanırdı. Mətbuatda yayılan məlumatlarda vitse-admiralın həbsində adları çəkilən şəxslərin rolu olduğu bildirilirdi. Yeri gəlmişkən, Şahin Sultanovun xanımı “Azadlıq”a müsahibəsində həyat yoldaşının həbsində günahlandırdığı şəxslər sırasında Zakir Həsənovun da adını çəkmişdi.

Əldə etdiyimiz xəbərə görə, Şahin Sultanov həbsinin əsl səbəblərini ictimaiyyətə açıqlamaq qərarına gəlib. O, həbsində rolu olmuş şəxslər barədə detallı məlumat vermək niyyətindədir. Bu barədə “Azadlıq”a xəbər verən mənbə bildirir ki, Şahin Sultanovun sensasion bəyanatında müdafiə naziri və hərbi prokurorun onun həbsilə əlaqəsindən də bəhs olunacaq. Məlumatı dəqiqləşdirmək üçün Şahin Sultanovun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədovla əlaqə saxladıq.

Müdafiəçi xəbəri təsdiqlədi. Vəkillə söhbət zamanı o da məlum oldu ki, sabiq nazir müavini barəsində cinayət işinin istintaqının qərəzli aparılması ilə əlaqədar baş prokuror Zakir Qaralova müraciət edəcək. Şahin Sultanov işi aparan istintaq qrupuna etiraz edir. Adəm Məmmədov deyir ki, istintaqın qərəzli aparıldığı, qanunun tələblərinin açıq-aşkar pozulduğu konkret faktlarla təsdiqlənib. Onlar da həmin faktları baş prokurorun diqqətinə çatdıraraq, istintaq qrupuna etiraz edəcəklər: “İstintaq başdan-ayağa ehtimallar üzərində qurulub. Əlimizdə bunu sübut edəcək xeyli dəlillər var. İstintaq hərəkətləri aparılarkən kobud qanun pozuntularına yol verilib. Məsələn, təqsirləndirilən Elxan Hacıyev aprelin 23-də həm özünə, həm də hüquqlarını müdafiə etdiyim şəxsə qarşı ifadə verib. Şahin Sultanovla Elxan Hacıyevin ifadələri arasında kəskin ziddiyyətlər yarandığından, müstəntiq onların arasında üzləşdirmə keçirib. Amma protokol tərtib olunmayıb, yalnız videoçəkiliş aparılıb. Müstəntiq bizə dedi ki, üzləşdirmə sonradan protokollaşdırılacaq. Şahin Sultanov barəsində həbs-qətimkan tədbiri seçilən zaman məhkəməyə təqdim olunan iş materiallarının içində həmin üzləşmənin protokolu yox idi.

Təsəvvür edin, aprelin 23-də keçirilmiş üzləşmənin protokolu bizə imzalamaq üçün bu istintaq hərəkətindən təxminən ay yarım sonra - iyunun 6-da verildi. Mən istintaqın gedişində sonradan tərtib olunmuş həmin üzləşmə protokolunun sübutlar siyahısından çıxarılması barədə vəsatət vermişdim. Vəsatətimdə Cinayət Prosessual Məcəllənin 235-ci maddəsinə əsaslanmışdım. Həmin maddəyə görə, üzləşmə aparılan zaman bütün ifadələr protokollaşdırılmalı və iştirakçılar tərəfindən yerindəcə imzalanmalıdır. Cinayət-Prosessual Məcəllənin 125.2.7-ci maddəsində deyilir ki, istintaq və ya digər prosessual hərəkətlərin kobud pozuntularla aparılması nəticəsində əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.

Deməli, bu üzləşdirmə protokolu heç bir halda sübut sayıla bilməz. Çünki istintaqçılar Cinayət-Prosessual Məcəllənin tələblərini kobud şəkildə pozublar. Yerində imzalanmalı olan üzləşdirmə protokolu israrlı vəsatətlərim sayəsində mənə 44 gün sonra verilib”. Qeyd edək ki, Şahin Sultanovla bağlı cinayət işinin istintaqı Hərbi Prokurorluqda aparılır. Vəkil deyir ki, müstəntiqlər özbaşınalıq edərək, qanunu belə kobud şəkildə pozublar və deməli, rəhbərlik onları bu əmələ görə cəzalandırmalıdır. Yox, cəzalandırmırsa, baş verənlərə göz yumulursa, bu da düşünməyə əsas verir ki, Şahin Sultanova qarşı belə münasibət prokurorluq rəhbərliyinin göstərişilə həyata keçirilir: “Bu mənada, əlbəttə ki, şübhələr istintaqı aparan quruma rəhbərlik edən şəxsə - hərbi prokuror Xanlar Vəliyevə yönəlir. İstintaq qrupunun rəhbəri, polkovnik-leytenant Mehdi Hüseynzadə deyəsən, ”qara məni basınca, mən qaranı basım" prinsipilə hərəkət edir. Protokolun gecikdirilməsilə bağlı vəsatətimdən dərhal sonra bu “qanun biliciləri” Vəkillər Kollegiyasına müraciət edərək, göstəriblər ki, protokolu 44 gün yox, 2 gün gecikdiriblər. Məgər iki gün gecikdirmək qanunidir? Bunlar anlamırlarmı ki, qanunun tələblərini 2 gün, yoxsa 44 gün pozmağın heç bir fərqi yoxdur?! Görün, qanun bunların gözündə nə qədər eybəcərləşib ki, 2 gün qanun pozuntusunu rəsmi qaydada etiraf etmələrinin fərqində deyillər. Məncə, artıq şərhə ehtiyac yoxdur... ".

Xatırladaq ki, Şahin Sultanov aprelin 23-də həbs edilib. Ona qarşı mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar