Moskva İrəvan ilə hərbi-texniki əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir.Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı informasiya yayıb.
Bildirilir ki, Rusiya regionda vəziyyətin inkişafını müşahidə edir. Xarici təhlükə olduqda, Rusiyanın münaqişəyə Ermənistan tərəfindən dövlətlərarası müqavilələrə uyğun olaraq müdaxilə etməsi zəruridir.
Aprelin 3-də Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri Moskvada üç gün davam edən danışıqları başa vurublar. Toplantılarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqaev, “Rostec” şirkətinin sahibi Sergey Çemezov və Rusiya müdafiə sənayesi kompleksi müəssisələrinin rəhbərləri iştirak edib. Görüşlərdə müzakirə olunan məsələlər məxfi saxlanıldığı üçün onların siyahısı yayımlanmır.
Daha əvvəl Ermənistan müdafiə naziri David Tonoyan İrəvanın Rusiyadan döyüş təyyarələri almağa davam etməyi planlaşdırdığını açıqlamışdı. Nazir bildirmişdi ki, onlar 4 qırıcı ilə məhdudlaşmayacaqlar. Nazirin açıqlamasından belə çıxır ki, Ermənistan mövcud razılaşmanın ehtiva etdiyi kredit borcunu – 100 milyon dolları Rusiyaya ödədikdən sonra yeni silah krediti ala biləcək. Ermənistan bu müqavilə ilə 4 qırıcı əldə edib. Müqavilə şərtlərinə görə, 2020-ci ildə onları təhvil alacaq.
Moskva əməkdaşlıq çərçivəsində Ermənistanın 7 illik ordu müasirləşdirmə proqramına dəstək verən ilk müttəfiqlərdəndir. Bundan başqa, Rusiya S-300PS anti-raket sistemlərinin iki diviziyasını Ermənistana pulsuz verib.
Qeyd edək ki, Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqidir. Rusiyanın Gümrü şəhərində 102-ci hərbi bazası yerləşir. Protokola əsasən, bu bazanın istismar müddəti 2044-cü ilə qədərdir.
Xatırladaq ki, Moskva Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir.