Avropa Şurası erməni hərbi birləşmələri tərəfindən girov götürülmüş azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müsbət qərarını yaxın vaxtlarda açıqlayacaq. Bu barədə trend-ə Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Kollegiya sədri bildirib ki, Ermənistan tərəfi Avropa Şurasından bu ilin mart ayına qədər vaxt istəyib: “Marta qədər Ermənistan tərəfi öz mövqeyini bildirməli idi. Avropa İnsan Haqları Məhkəməsi də onlara bu vaxtı vermişdi. Artıq aprel ayıdır. Mən tam əminliklə deyə bilərəm ki, qısa zaman ərzində məsələ öz həllini tapacaq”.
O vurğulayıb ki, yaxın müddətdə Avropa İnsan Haqları Məhkəməsi öz qərarını elan etməlidir: “Çünki işin gedişatı, icraat bunu deməyə əsas verir. İş artıq yekunlaşmaq üzrədir. Əminəm ki, bu iş üzrə bizim ədalətli mövqeyimiz nəzərə alınacaq, Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqları müdafiə olunacaq və ədalətli, doğru qərar qəbul ediləcək”.
A.Bağırov onu da qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi qərar çıxarsa, Ermənistan tərəfinin bu qərarı icra etməmək imkanı yoxdur.
“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu isə məsələ ilə bağlı bir sıra məqamların olduğunu dedi:“Əvvəlcə arzu edək ki, istər ”hamının-hamıya" prinsipi ilə, istərsə də Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə Dilqəm və Şahbaz azadlıqda olsunlar. Onlar indi də öz torpağımızdadırlar, lakin azadlıqda deyillər, çünki həmin torpaqların özü də işğal altındadır. Burada bir məsələ var ki, əgər Avropa İnsan Haqları Məhkəməsi qərarı çıxararsa, o zaman gərək bunun icrasını Azərbaycan ordusuna tapşıra. Bu halda düşünürəm ki, Dilqəm və Şahbaz evində ola bilər. Çünki hazırda Ermənistan beynəlxalq hüququ inkar mərhələsindədir. Ən azından Çıraqovlarla bağlı məhkəməni göz önünə gətirə bilərik. Avropa İnsan Haqları Məhkəməsinin Ermənistanın özü ilə bağlı bir neçə qərarı var, ancaq ermənilər onları yerinə yetirmirlər. Bu baxımdan düşünürəm ki, girovlarımızla bağlı qərar olarsa Ermənistan bunu da yerinə yetirməyəcək. Bundan əlavə, Ermənistan “hamının-hamıya” prinsipini də rəddə edir.
Deyirlər ki, gəlin yolunu azıb keçənləri dəyişək. Yəni məlum olduğu kimi, Karen Kazaryan diversantdır. Deyirlər ki, Elvin İbrahimov da azaraq sərhədi keçib və onu Kazaryanla dəyişmək olar. Biz gördük ki, İbrahimov azıb digər tərəfə keçən zaman Kazaryanın atasını onunla görüşdürdülər. Yəni erməni tərəfi bu məsələdə xeyli şou hazırlayır. Düşünmürəm ki, onlar Dilqəm və Şahbazı qaytarmağa hazırdırlar. Əgər müdafiə nazirimizin orduya hazırlıqla bağlı verdiyi əmr irəliləyəcəksə, Dilqəm və Şahbaz azad oluna bilər. Əks halda düşünmürəm ki, onları azad etsinlər. Bir sözlə, ermənilər öz könülləri ilə heç nə edəsi deyillmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Əli RAİS,
“Yeni Müsavat”