Ötən ilin sonlarında bağlanan Bakının ən məşhur və ən qalmaqallı gecə klublarından olan "İnfiniti” fəaliyyətini yenidən bərpa edib.
Hazırda gecə klubunu İrandan olan bir iş adamı işlədir. Ancaq klubunu sahibinin və himayəçilərinin yerli vəzifəli şəxslər olduğu bildirilir.
"İranlı iş adamının, fəaliyyəti ciddi ictimai narazılıq doğuran klubu yenidən işə salması elə də çətin olmayıb. Dediyinə görə, "haqqını” verərək, icazə alıb. İndi orada və ətrafında əvvəlkindən də biabırçı vəziyyət hökm sürür. Ərazidə "İnfiniti”dən əlavə "Ellepis” və başqa bir adda gecə klubu açıldığından, həmçinin çoxlu sayda otel fəaliyyət göstərdiyindən, pozgun həyat tərzi keçirən insanların, əxlaqsız qadınların əsas məkanına çevrilib”, – ətrafda yaşayan Bakı sakini bildirib.
Qeyd edək ki, Bakının mərkəzində yüngül əxlaqlı qadınların ən çox toplaşdığı və bu üzdən də ərəblərin sevimli məkanına çevrilmiş gecə klubunun ötən ilin sentyabr ayının sonlarında bağlandığı elan olunmuşdu. Konkret səbəbi açıqlanmasa da, bunu klubda baş verənlərin geniş ictimai narazılıq doğurması ilə izah edirdilər. Ərəblərin Bakının gecə klublarında, hətta şəhərin mərkəzində pozğun qadınlarla min cür hoqqadan çıxması ölkə ictimaiyyətinin narazılığına səbəb olmuşdu. Hətta bəzi ziyalılar bununla bağlı müafiq tədbirin görülməsi üçün ölkə rəhbərliyinə müraciət də etmişdilər. Klubda əxlaqsızlığın əndazəni aşması, orada baş verənlərin səsinin hətta ölkə hüdudlarından kənara belə yayılması ilə bağlı belə bir qərarın verildiyi iddia olunurdu.
Düzdür, klub bağlandığı elan edildikdən sonra da müəyyən müddət fəaliyyətini davam etdirdi. Belə ki, bir müddət əvvəlcədən aylıq pul ödəyib kluba üzv olan "elit müştərilərə” və varlı turistlərə xdmət göstərdi. Ancaq bu da çox çəkmədi.
Ötən ilin dekabrında dövlət orqanlarının (konkret qurumun adı çəkilmir-müəl.) tələbi ilə klubun fəaliyyəti tam dayandırıldı, hətta içi belə boşaldıldı. Bundan sonra klub bir müddət işləmədi. Ancaq çox keçmədi ki, hansısa "sehirli əl” klubun fəaliyyətinə "yaşıl işıq” yandırdı və "İnfiniti”nin ətrafında "can bazarı” bərpa edildi. Yəni, hər şey qaldığı yerdən davam etdirilir.
Xatırladaq ki, ötən ilin əvvəlində İraqdan olan blogerin "İnfiniti” gecə klubundan hazırladığı reportaj həm yerli, həm də xarici mətbuatda geniş şəkildə yayımlanmışdı. Ərəblərin Azərbaycandaki gecə həyatından bəhs edən reportajda "İnfiniti” klubun qarşısında qadın alverinin getdiyini, klubun əxlaqsız qadınların məskəninə çevrildiyini nümayiş etdirən görüntülər əks olunmuşdu. Məhz həmin qalmaqallı reportajdan qısa müddət sonra gecə klubunun bağlandığı elan olunmuşdu. ("AzPolitika”)