"Prezidentlə görüşlərində biri dədəsinə heykəl istədi,..." — Millət vəkili
9-04-2019, 18:18
Bakıda keçiriləcək Avropa Liqasının finalı və AVRO-2020-nin iştirakçılarının gəlir vergisindən azad edilməsi təklif edilir.
Demokrat.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Bununla bağlı Vergi Məcəlləsinə əlavə olunması təklif edilən 102.1.34-cü maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək Avropa Liqasının finalı və qitə çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının, oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirləri vergidən azaddır.
Layihədə qeyd edilir ki, qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olacaq.
Layihənin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, idmanla yanaşı başqa digər sahələrə də güzəştlər edilməlidir:
"Məsələn, mədəniyyət və incəsənət xadimləri prezidentlə görüşlərində ictimai məsələləri yox, öz problemlərini qaldırdılar. Biri dədəsinə heykəl istədi, biri küçəyə ad verilməsini istədi. Ancaq biri demədi ki, kitaba tətbiq oluna 18 faizlik ƏDV aradan qaldırılsın. Qonşu ölkələrdə bu ƏDV aradan götürülüb. Bu günlərdə görkəmli şair Musa Yaqub müsahibə verir və deyir ki, məni heç yana müalicəyə göndərən yoxdur. Hələ mən Musa Yaquba, Ramiz Rövşənə xalq şairi adının verilməsi məsələsinə toxunmuram. Təkcə idmanla kifayətlənmək olmaz. Biz yaradıcı insanların bütün sahələrdə dəyərini verməliyik”.