İranda 3 həftəyə sağalan xəstə Azərbaycanda həmin müalicəni alsa da, aylarla sağalmır.
Təbriz xəstəxanalarının birində çalışan, tanınmış həkim uroloq Həsən Həsənzadənin açıqlaması ölkəmizdə səhiyyə sisteminin vacib problemlərindən birini bir daha gündəmə gətirib:
"Azərbaycanda yaxşı həkimlər çoxdur, amma dərmanlarınız çox keyfiyyətsizdir. Xəstə sağalmırsa, səbəbi dərmanlarda axtarın. Mən dünya tibbi protokolları müalicə üçün nə tələb edirsə, onu da yazırdım.
Amma Azərbaycanda yazdığım müalicələr burdakı kimi effekt vermirdi. Nə xəstə, nə mən təsirini görmürdüm. Anladım ki, səbəb dərmanlardır. Eyni dərman, eyni tərkibdir. İranda o reseptlə xəstəliyi 3 həftəyə sağaldırdım, Bakıda isə aylarla fayda görmürdük. Bu da xəstələrdə həkimə inamsızlıq yaradır".
Mətbuatda dərmanların keyfiyyətsiz olması ilə bağlı dəfələrlə yazılar gedib. Apteklərimizdə satılan dərmanların keyfiyyətsiz olması ilə bağlı nəinki vətəndaşlar, hətta həkimlər də narazılıq bildiriblər. Yaranmış durumda dərman işbazları da günahlandırılır, xarici şirkətlərə dərman sifarişi verənlər də. Belə bir iddia da var ki, idxalçılar qəsdən aşağı keyfiyyətli dərmanlar sifariş edirlər ki, maya dəyəri ucuz olsun. Amma iddia olunur ki, mövcud durumun yaranmasına səbəb həm də dərman qiymətlərinin tənzimlənməsidir.
Azərbaycanlı həkim-uroloq Vasif İsmayılovun mətbuatda gedən açıqlamasında da bu məqam yer alıb. Onun fikirləri İranlı həkimin dedikləri ilə üst-üstə düşür:
"Son 2 ildə ağırlaşmış sidik infeksiyası olan xəstənin birini də müalicə edə bilməmişəm. Bunun haqqında daha əvvəl də yazmışdım. Əvvəl də dediyim kimi, o qədər də fərsiz həkim deyiləm. Amma alınmır. İcra strukturları mütləq Azərbaycana gələn dərmanların keyfiyyəti ilə bağlı müvafiq tədbirləri görməlidir. Günah şirkətlərdə deyil. Sadəcə dərman qiymətlərinin tənzimlənməsi qərarı bu vəziyyəti yaratdı”.
Həkim bildirir ki, yaxşı antibiotik daha baha qiymətə olur, ucuz antibiotik isə adı nə olursa-olsun, bir işə yaramır:
“Bir daha təkrar edirəm, Azərbaycanda dərman bazarında ciddi problem olduğunu düşünürəm".
Həkim terapevt Rasif Bağırov “Cümhuriyət” qəzetinə açıqlamasında yaranmış durumla bağlı maraqlı məqamları açıqlayıb:
“Dərmanların keyfiyyəti ilə bağlı durum aktual olaraq qalır. Azərbaycanda gömrük siyasəti milli farmakoloji sənayenin qarşısını alır. Həmin siyasət farmakoloji zavodların açılmasına imkan vermir. Çünki dərman preparatlarının hər bir inqrediyentinin gömrükdən keçməsi üçün müəyyən rüsum tələb edirlər ki, nəticədə bir “aspirin”-in ölkədə istehsalının qiyməti onun xaricdən gətirilməsindən 5 dəfə baha başa gəlir. Ona görə də bizdə farmakoloji sənayenin inkişafını təmin etmək qeyri mümkün olur. Təsadüfü deyil ki, indiyədək bir neçə dəfə xarici şirkətlər Azərbaycanda dərman zavodu açmaq istəsələr də, bu, baş tutmayıb. Onlar da anladılar ki, dərmanı bura gətirib satmaq, onu Azərbaycanda istehsal etməkdən qat-qat ucuz başa gəlir”.
Həkimin bildirdiyinə görə, Azərbaycana gətirilən dərmanların isə “ciblərimizə uyğun olması” əsas götürülür:
“Azərbaycan kimi ölkələr heç də ABŞ, Avropa ölkələri ilə eyni kateqoriyadan hesab olunmur. Dərman ixracatçıları bilirlər ki, bizdə həmin keyfiyyət olarsa, qiymət çox baha olacaq və əhali onu ala bilməyəcək. Ona görə də Azərbaycanda əhalinin yaşayış səviyyəsinə uyğun olan “müəyyən qədər kömək edən, amma Avropa keyfiyyətində olmayan” dərmanlar verilir. Avropa keyfiyyətinə uyğun dərmanları gətirmək heç iş adamları üçün də əlverişli deyil”.
Avropada əsas dərman şirkətlərinin 200 illk tarixi olduğunu deyən Rasif Bağırov bildirir ki, heç bir şirkət öz brendinə hansısa sifarişçinin istəyi ilə xələl gətirmək istəməz:
“Dərman preparatlarının bir ampula daxilində yerləşdirilməsi hansısa sifarişlə oluna bilməz, bu farmakoloji qanunlar əsasında yerləşdirilir. Bu tərkiblərin qarşılıqlı təsirləri var. Sadəcə Azərbaycanın alıcılıq qabiliyyətinə uyğun dərmanlar verirlər. İrandan, Türkiyədən, Hindistandan gətirilən dərmanların keyfiyyətinə uyğun olmasa da, müəyyən qədər xəstələri yola vermək olur. Burada söhbət təmizlənmə dərəcəsindən gedir. Avropada istehsal olunan, təmizlik dərəcəsi 9-dan yuxarı olan dərmanın əgər Avropada nominal qiyməti 50-60 manatdırsa, o Azərbaycana gəlib 70-80 manata satılacaq.
Məsələn, “Hepatit S”-nin müalicəsi üçün istifadə olunan preparat var ki, o, İranda və Hindistanda istehsal olunur. Bu dərman Azərbaycanda 350 manata satılır, Avropa və ya Kanadada isə həmin dərman təqribən 25-30 min manat dəyərində satılır. “Hepatit S”-nin elə ağır dərəcələri var ki, onları bizim dərmanlarımızla müalicə edən zaman effekt vermir, amma Avropada, Kanadada, ABŞ-da müalicə aldıqları zaman bunun effekti olur. Sovet dönəmində də dərmanların müalicə effekti 30-40 faizi keçmirdi.Avropada isə o zaman bu 70-80 faiz idi.İndi hesab edirəm ki, Azərbaycana gətirilən dərmanların müalicə effekti 40-45 faiz olar.Əgər Avropa və ya Amerikada hansısa dərman 15 gün, 1 ay verilirsə, biz məcbur olub, onu 3-4 ay yazırıq”.
Bütün bu problemlərə baxmayaraq səhiyyə işçisi ölkəmizdə dərman istehsalının potensialını görmür:
“Azərbaycanda dərmanların istehsal olunması əlbəttə ki, lazımlıdır. Amma mövcud vəziyyətdə kim qarantiya verəcək ki, Sumqayıtda və ya başqa bir yerdə istehsal olunan dərmanlar standartlara cavab verəcək. Bu zamana qədər Azərbaycanda hansı istehsal sənayesi özünü doğruldub ki, dərman vasitələrinin istehsalı da özünü doğrultsun və biz bu istehsaldan yararlanaq”.
Xatirə Nəsirova
Cebhe.info