"Niyə saziş Azərbaycan xalqından gizli saxlanılmalıdır?"

11-04-2019, 09:05   
 

“Əgər orada cəmiyyəti qane edəcək müddəalar mövcuddursa, nəyə görə o sənədin məzmunu xalqdan gizli saxlanılmalıdır?" Müsavat partiyasının başqanı Arif HacılıAvropa İttifaqı ilə Azərbaycan arasında müzakirə olunan yeni sazişə reaksiya verir. "Ona görə biz o məsələlərlə bağlı narahatçılığımızı ifadə edirik. Bir cümlə ilə deyəsi olsaq, bir daha onu demək istəyirəm ki, biz Avropa İttifaqı ilə sazişin bağlanmasını istəyirik. Ancaq bu sazişin yalnız saziş bağlamaq xətrinə bağlanan bir saziş yox, ölkədə siyasi və iqtisadi vəziyyəti yaxşılaşdıran, Azərbaycanı Avropanın bir parçasına çevrilməsinə, Azərbaycanda hüquqi dövlətin, demokratik cəmiyyətin yaranmasına şərait yaradan saziş olmasını istəyirik.”

Hacılı aydın edir ki, partiya Avropa İttifaqı ilə sazişin bağlanmasının tərəfdarıdır. Lakin onun sözlərinə görə, hazırda mühüm olan məsələ sazişin məzmunudur. O, bu sazişin demokratiya və insan haqlarının inkişafını təmin edən və liberal bazar iqtisadiyyatı münasibətlərinin qurulmasına şərait yaradan saziş olmasını istədiyini bildirir. Lakin Arif Hacılı qeyd edir ki, sazişlə bağlı narahatlıq doğuran məqam bu sazişin Azərbaycan tərəfindən hazırlanması və sazişin məzmununun gizli saxlanılmasıdır.


Məsələyə münasibət bildirən Milli Şuranın sədri Cəmil Həsənli sazişin Gürcüstan və Ermənistanla olduğu kimi Azərbaycanla da eyni şərtlər daxilində imzalanmasını istədiyini söyləyir.

“Bu strateji tərəfdaşlıq adı bir qədər yayğın ifadədir və bu strateji tərəfdaşlıq adı altında demokratiya məsələlərindən yan keçilə bilər, insan haqları ilə bağlı məsələlərdən yan keçilə bilər, siyasi məhbuslarla bağlı məsələlərdən yan keçilə bilər, siyasi və iqtisadi islahatlarda yan keçilə bilər, seçki məsələsindən yan keçilə bilər,” Cəmin Həsənli deyib.

Onun sözlərinə görə, bu saziş Azərbaycan üçün “strateji seçim məsələsidir” və bu səbəblə də sazişin məzmunu ictimaiyyətə açıqlanmalıdır.

“Bunun ətrafında müəyyən müzakirə açılmalıdır. Əks təqdirdə çox qəribə bir vəziyyət yaranır. Biz orada nə olub-olmamasından xəbərsiz oluruq və eyni zamanda buna tərəfdar olduğumuzu ifadə edirik. Biz nəyə tərəfdar olduğumuzun fərqində olmalıyıq,” o deyib.


Cəmil Həsənli əlavə edib ki, mətnin Azərbaycan höküməti tərəfindən hazırlanması sazişdə Azərbaycan xalqının demokratiya, seçki, insan hüquqları, iqtisadi vəziyyəti məsələri ilə bağlı maraqlarının əks olunacağına dair şübhələr yaradır.

“İndi elə bir məqam yetişib ki, Azərbaycan xalqı zaman-zaman istədiyi, arzuladığı bir-sıra məsələləri həmin sazişdə əks etdirə bilər və Azərbaycan xalqının köklü maraqları o sazişdə əks oluna bilər. Biz ona ümidimizi bəsləməməliyik ki, saziş imzalansın, imzalanandan sonra açıqlansın və onun şərtləri bizi təmin etməsə, biz onun parlamentlər arasında ratifikasiyasına mane olarıq. Bu, tamamilə yanlış yoldur, yanlış bir yanaşmadır,” Cəmil Həsənli bildirib.

Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişlə bağlı danışıqlar aparılır.

Aprelin 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxış edərkən saziş üzrə danışıqların tezliklə yekunlaşacağını bildirib.

Avropa İttifaqının xarici işlər komissarı Federika Moqerini də deyib ki, Brüssel və Bakı “yeni ambisiyalı ikitərəfli sazişə” dair danışıqların “yekun və həlleci mərhələsindədir”.

Saziş ölkə hökumətinin və demokratik dəyərlərə inanan bütün ictimai-siyasi təşkilatların diqqətindədir. Azərbaycanın müxalifətdə olan siyasi partiyaları da davamlı olaraq Avropa institutlarına inteqrasiyasının dərinləşdirilməsini dəstəkləyir.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar