Ergün Diler
“Takvim”, Türkiyə, 12 aprel 2019-cu il
Gəlin, bu gün Trampdan başlayıb Sudana keçək, oradan da İstanbula – Türkiyəyə gedək. Baş verən hadisələrin bir zəncirin halqaları olduğunu anlamayanlar varsa, bəlkə bunun sayəsində bir az nəfəs almış olarlar. Bu, təbii, bir ehtimaldır.
Donald Tramp sandı ki, prezident olduqdan sonra hər şeyi edə biləcək, hər şeyə özü qərar verəcək. Bunu sınaqdan da keçirdi. Ən böyük addımı Şimali Koreya ilə bağlı oldu. Bir müddət öncə “ABŞ-ın böyük gücü və səbri var, ancaq özü və ya müttəfiqləri müdafiə olunmağa məcbur edilərsə, Şimali Koreyanı tamamilə yox etməkdən başqa çarəsi qalmayacaq” dedi. Bu, Trampın güc nümayişi idi. Haqlı idi. Axı ABŞ prezidenti idi. Ancaq sonra nə oldu? Bir dost kimi Şimali Koreya lideri ilə bir araya gəlməyə məcbur oldu.
Liderlər bir birinə əl verdilər, xoş sözlər havada uçuşdu. O gün “dərin ABŞ” patronun kim olduğunu Trampa göstərmişdi. O da gördü. Arxadakı güc onu səhnənin önündə tutur, ancaq proseslərin gedişinə özləri qərar verirlər. Unutmamaq lazımdır ki, Tramp Türkiyə ilə birlikdə hərəkət etmək üçün çox səy göstərdi. Ancaq son dövrdə vəzifəni, deyəsən, Ankaraya tərs baxan Mayk Pens alıb.
Daha öncə çox yazdım. Hər kəs evin önünə baxdığı üçün məhəlləni, rayonu, şəhəri, ölkəni və dünyanı görə bilmir. “Der Spiegel” məsələni üz qapağına çıxardı, oradan Tramp, Ərdoğan, Putin və Szinpinin yeni dünya nizamı qurduğunu elan etdi və “Buna izin verməyin” dedi. “Der Spiegel” önəmli və dərin bir jurnaldır. Nəticədə Robert Müller və hələ bilmədiyimiz bir çox şey vasitəsilə Tramp bir az geri çəkilməyə məcbur edildi. Bu dördlük pozulmağa başlarsa, – görünür artıq başlayıb, – Türkiyəyə doğru gələcəklərini kimsə unutmasın. Böyük siyasət bu yöndədir. Bunu anlamaq üçün də jurnalist və ya diplomat olmağa ehtiyac yoxdur.
Məsələni bir az da açaq. Son 10 günə baxın. Sudan haqqında neçə yazı yazdım. Sudanda çevriliş olacağını anlatdım, özü də detallı bir şəkildə. Öncə çevrilişlə birlikdə Türkiyəni hədəfə qoyan bir NATO təliminin Sudanda miniatür Türkiyə xəritəsi üzərində keçirildiyini çatdırdım. Və dedim ki, bu il içində eynisi Somalidə keçiriləcək. Nəticələri ortaya qoyunca, Sevakinin (Sudanda Türkiyənin hərbi baza qurmaq istədiyi ada – tərc.) bizdən getdiyini, Fransanın bu ölkə üzərindəki təsirinin budandığını, Çinin “İpək yolu” üçün atdığı addımların hədər yerə getdiyini görürükmü? Əlbəttə, görürük.
İndi bizə gələk. Eyni komanda, eyni güc bu yaxınlarda Somalidə də əməliyyat keçirəcəkdir. Bu, qəti və dəqiqdir.Türkiyəni oradan da kənarlaşdırmaq üçün hər bir yolu yoxlayacaqlar. Uğur qazanmaq üçün şansları heç də az deyil.
Pentaqon inanılmaz bir səviyyədə təzyiq göstərməklə Afrikanın üstünə gəlməkdədir. Neçə dəfə yazdım ki, “Əsil müharibə Afrikada gedir”. Hələ yeni başlayıb. Ardı gələcək. Çünki Afrika olmazsa, “İpək yolu” da həyata keçirilə bilməz. Türkiyəsiz isə əsla. İki böyük gücün tam ortasında qaldığımıza görə öncə iqtisadi əməliyyatlarla, sonra da coğrafi qısqacla üstümüzə gələcəklər. Səhv etmirəmsə, hələ iki il bundan öncə bu köşədə yazmışdım.
Sudan, Somali və Qətər üçbucağı həddindən artıq önəmlidir. Buralarda Türkiyə var. Burası zənginliyin və ticarətin mərkəzidir. Burada Türkiyənin gücə çevrilməsi Vaşinqtonun uzaqlaşdırılması və qlobal məğlubiyyəti anlamına gəlir. Türkiyə regiondakı ən “isti” gücdür. Xalq tərəfindən səmimi qəbul edilən yeganə dövlətdir. Türkiyə, Rusiya-Çin-İran vektoru ilə birgə hərəkət etdiyi halda mövqe itirən ABŞ olurdu. Ona görə də Pentaqon öncə Trampa yerini göstərdi, sonra da onu kənarlaşdırıb Pens üzərindən əməliyyatlara başladı.
Somali də, Qətər də ABŞ-ın üzərimizdə təzyiq yaradacağı yerlərdir. Təbii, Somali bir neçə addım öndədir. Sonra növbə Türkiyə daxilinə gəlir. Əsas məsələ də budur.
Bu səbəblə, neçə gündür ki, 31 mart seçkilərinin müxtəlif aspektlərini anlatmağa çalışıram. Dövlət ağlı qalib gəlməlidir. Qəti şəkildə birgə hərəkət edilməlidir. Əks halda nə olacaq? Kimsə bu sualın cavabını verə bilməz. Qəbul edək ki, iqtisadi baxımdan sıxışdırılmış durumdayıq. Venesueladan, Madurodan başlayan təzyiq Sudan və Somali üzərindən bizə gələcəkdir. Doğrusu, artıq gəlir. Ona görə də hansı partiyanın qalib olması heç önəmli deyil. Hətta birlikdə Beştəpədə bir araya gəlməlidilər. Yarana biləcək problemlərə qarşı “Birlik və bütövlük” fotoşəkli verilməlidir. Sosial sınma xətləri müalicə edilməlidir. Unutmayın, “Ərəb baharı”nda olduğu kimi, illərdir burada işləyib ən həssas nöqtələrimizi bilən və bunu hesabat halına salanlar vardır.
Təkrar Sudana qayıdaq. Detallar verək.
ABŞ-ın sabiq Dövlət katibi Madelin Olbrayt 180-ə yaxın çevriliş təşəbbüsü göstərdiklərini etiraf etmişdi. Olbrayt haqlı idi. Beş qitənin hər hansı bir yerində çevriliş olsa, bilin ki, ABŞ ya əməliyyatı təşkil etmişdir, ya da təşkil edilən əməliyyatdan xəbərdardır. Sudanda Əl-Bəşirə qarşı həyata keçirilən çevrilişin arxasında da ABŞ dayanır. Doğrusu, heç gizlətmirlər də.
Afrikada 104 uğursuz, 100 də uğurlu çevriliş cəhdi oldu. Hamısının mərkəzində də ABŞ yer aldı. Ən çox çevriliş baş verən ölkələr isə Sudan və Burkina Faso oldu. Bu ölkələrin hər birində 14 dəfə çevriliş cəhdi olub. İndi Sudanda bu rəqəm 15-ə yüksəldi.
Sudanda çevrilişi həyata keçirən şəxs Baş qərargah rəisi general-leytenant Kamal Əbdül-Maruldur. O, yüksələn güc olaraq görülürdü. Uzun illər ərzində Fransa tərəfindən dəstəklənən Əbdül-Marul üç il öncə Pentaqona etdiyi gizli ziyarətlə ABŞ-ın tərəfinə keçmişdi.
ABŞ Müdafiə naziri Ceyms Mattisin yerinə təyin edilən Patrik Şanahan, Sudanın Baş qərargah rəisi general-leytenant Kamal Əbdül-Marulun ən böyük dəstəkçisi idi. İndi Sudanda baş tutan çevriliş sadəcə bir neçə ölkəni maraqlandıran bir hadisə deyildir. Vitse-prezident Avada, Kəşfiyyat direktoru Salah Qoş, Silahlı qüvvələrin komandanı Daqulo da bu gün Vaşinqtonun verdiyi qərarları həyata keçirmək üçün yeni vəzifələrinə hazırdırlar. Onların hamısının Vaşinqtonla birlikdə işləməyi qəbul etməsi asan olmadı. Vaşinqton, bəlkə də, iki ildir davam edən siyasətin nəticəsində regionda gücləndi. Sudan üçün həlledici dövr bundan sonra başlayacaq. Çünki Fransa Sudanda önəmli addımlar atacaqdı. Artıq bu addımların atılması çox çətindir.
Sudan bir çox baxımdan Afrikanın ən həlledici ölkəsidir. Efiopiya, Çad, Uqanda, Cənubi Sudan, Demokratik Konqo Respublikası və Mərkəzi Afrika Respublikasının dənizə çıxışının olmaması Sudanın əhəmiyyətini daha da artırır. Neft nəqli marşrutunun mərkəzində olması isə Sudanın “Yeni ipək yolu” üçün daşıdığı əhəmiyyəti zirvəyə qaldırır. Başda Süveyş kanalı olmaqla, Hind okeanı və Bəsrə körfəzi üçün də ən kritik nöqtədə yer alan Sudanın nəzarət altına alınması həddən artıq önəmli idi.
Bax bu ölkədə inflyasiya 75%-i keçmişdi. 11 qəpiyə olan çörək 33 qəpik olmuşdu. Yoxsulluq artıb gələcəyə ümid azalan kimi, ABŞ uyğun şəraiti yaxaladı. Sudanda durum belə idi.
Bu rüzgar orada qalmayacaq. Hər kəs baş verənləri görməli, anlamalı və dərs götürməlidir. Türkiyə hədəfdir. Bunu anlamaq üçün gecikməməliyik. Türkiyənin təhdid altında olması yaxşı anlaşılmalı və anladılmalıdır. Sanki, bu, çatışmır. Sistematik bir hücumla qarşı-qarşıyayıq. Addım-addım gəlməkdədirlər. Onları qapını döymədən durdurmaq ağıl işidir. Bunu da birlikdə edə bilərik. Daxildə ayrılarsaq, dağılarsaq çox ağrı çəkərik.
Qeyd: AKP-nin zəngin etdiyi bir çox iş adamı ya CHP ilə gizli təmas qurmuş durumda, ya da qurmaq istəməkdədir. Bunun da bilinməsində fayda vardır.
Tərcümə Strateq.az-ındır