Vermaxt generalları onu “qroyssmester” adlandırıblar. Onun rəhbərlik etdiyi hərbi əməliyyatlar şahmat taxtası üzərində fiqurların düşünülmüş gedişləri qədər dəqiq olub. Marşal Jukovun təbirincə desək, Nikolay Vatutin yüksək hərb mədəniyyətinə malik, hərb sənətinin ən kiçik detallarına belə bələd olan, peşəkarlığı ilə fərqlənən generallardan biri sayılıb…
Nikolay Vatutin 1901-ci ildə Voronejdə anadan olub. Ailədə doqquz uşaq olublar. O, dörd illik təhsildən sonra yeniyetməlik yaşlarından kənd təsərrüfatı işləri ilə məşğul olub. 1922-ci ildə babası, atası və kiçik qardaşı aclıqdan ölüb. Digər iki qardaşı 1944-cü ildə cəbhədə həlak olublar.
1920-ci ildə Vatutin hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən sonra Poltava şəhərində orta hərbi ixtisas məktəbində, daha sonra isə Frunze adına Hərbi Akademiyada təhsil alıb. Almanların SSRİ-yə hücumuna qədər Vatutin ayrı-ayrı bölgələrdə briqada komandiri, hərbi hissənin qərərgah rəisi vəzifələrində xidmət edib. 1940-cı ildə SSRİ Silahlı Qüvvələrinin baş qərargahında əməliyyat idarəsinin rəisi olan Vatutin müharibə başlananda baş qərargah rəisinin (həmin vaxt Georgi Jukov baş qərərgahın rəisi olub) 1-ci müavini təyin olunub. Amma Vatutin kabinetdə rahatlıq tapan generallardan olmayıb. O, müharibə illərində Cənub-Qərb və Voronej cəbhələrinin, 1943-cü ildən isə 1-ci Ukrayna cəbhəsinin komandanı kimi xidmətini döyüş bölgələrində davam etdirib.
Nikolay Vatutin Stalinqrad və Kursk döyüşlərində əldə olunan qələbələrin müəlliflrindən biri və Kiyevi işğaldan azad edən general kimi tarixdə iz qoyub.
Kreml və hərbi komandanlıq onun daha çox uğurlara imza atacağına şübhə etməyiblər. Vatutin ən problemli bölgələrə göndərilib, qısa müddətdən sonra müsbət göstəricilər rəhbərliyi sözün əsl mənasında təəccübləndirib.
Stalin Nikolay Vatutinin hərbi fəaliyyətini yüksək qiymətləndirib. Hərbçiləri tərifləməkdə həmişə “xəsislik” edən Ali Baş Komandan Vatutin haqqında yüksək fikirlər söyləməkdə səxavətini əsirgəməyib.
Zaman-zaman əfsanəyə çevrilən ordu generalı 1944-cü ildə 42 yaşında 1-ci Ukrayna cəbhəsinə komandanlığı vaxtında müəmmalı şəkildə həlak olub. Tabeçiliyində olan 60-cı ordunun yerləşdiyi əraziyə gedərkən Vatutinin olduğu və digər iki müşaiyətçi avtomobil avtomat silahlarından atəşə tutulub. General ayağından güllə yarası alıb. Və müharibə dövrü üçün çox adi sayılan bu yaradan Vatutin xilas ola bilməyib.
Bu hadisə ilə bağlı bir neçə versiya mövcuddur.
Birinci versiyaya görə, komandanın maşınına atəş açanlar Ukraynanın millətçi qruplarının üzvləri olublar.
İkinci versiyaya görə, Vatutini “NKVD”-nin sifarişi ilə aradan götürmək istəyiblər. Çünki Vatutinin nüfuzu bir çox general və marşalları narahat edib, yüksəkçinlilər arasında Vatutinə qarşı qısqanclıq o qədər güclü olub ki, son çıxış yolu onu aradan götürmək olub.
Üçüncü versiyaya görə, həmin dövrdə Ukraynanın birinci katibi olan Nikita Xruşov üçün Vatutinin Ukrayna hərbi dairəsinə rəhbərliyi arzuolunmaz sayılıb. Müharibənin tezliklə qələbə ilə sona çatacağını dərk edən Xruşov belə düşünüb ki, müharibədən sonra Vatutinin Ukraynada siyasi hakimiyyətə gəlməsi ehtimalı böyük olacaq.
Vatutin yaralandıqdan sonra onu əvvəlcə Rovno şəhərinə, oradan isə qatarla Kiyevə aparıblar. Maraqlı faktlardan biri o odur ki, Vatutin ilk günlər qospitala deyil, Xruşovun mənzilinə yerləşdirilib, tibbi personal da məhz birinci katibin mənzilində generala yardım göstərib.
Hadisədən xəbərdar olan Stalin Vatutinin Moskvaya gətirilməsini təklif edib. Xruşov bununla bağlı Stalinlə telefonda müzakirə aparıb, bildirib ki, Vatutin Kiyevdə qalmaq istəyir, təkidlə Stalindən generalın Kiyevdə qalmasına razılıq verməsini xahiş edib.
Stalin Xruşova Vatutinin səhhətinə cavabdehlik daşıdığını söyləyib, müntəzəm olaraq generalın sağlıq durumu ilə məruzə etməsini göstəriş verib.
Sonralar generalın qızı Yelena Vatutinanın söylədiklərinə görə, atasının Moskvaya göndərilməsinə Xruşov mane olub. O, həmin günləri belə xatırlayıb:
“Atamın ayağından aldığı güllə yarası o qədər də dəhşətli deyildi. Əgər onu sıravi həkimlər müalicə etsəydilər, o sağ qalacaqdı. Xruşovun göstərişi ilə təyin olunan həkimlər isə öz bildiklərini edirdilər. Onlar əvvəlcə atamın ayağına gips qoydular. Atam gipsə dözə bilmirdi, ciddi narahatlığı var idi və o, gipsin çıxarılmasını tələb edirdi. Gips çıxarılanda yaranın yeri böyümüşdü. Bu yaxşı heç nə vəd etmirdi. Həkimlər isə yaranı spirtlə təmizləməklə öz işlərini bitmiş hesab edirdilər və bütün günü içib kinoya baxırdılar. Atamın ağrıları isə çoxalır, səhhətində yeni problemlər yaranırdı. O ağrılara dözə bilmirdi, hərdən qışqırırdı. Və həmin ağrılı günlərin birində Xruşov qospitala gəldi. Atamın ağrılardan qışqırdığını görüb, özü daha da ucadan qışqırmağa başladı: “Nikolay Fyodoroviç, niyə qışqırırsınız? Özünüzü uşaq kimi aparmayın, bura uşaq bağçası deyil, hərbi hospitaldır…” Biz həmin vaxtlar Xruşova yaxınlaşıb bir söz deyə bilmirdik. O hospitala gələndə özünə heç kimi yaxın buraxmırdı. Atamın vəziyyəti isə günü gündən ağırlaşırdı. Nəhayət, Stalinin göstərişi ilə Silahlı Qüvvələrin baş cərrahı general Burdenko Kiyevə gəldi. Atamın yarasına baxdıqdan sonra çox mədəni insan olan Burdenko müalicə ilə məşğul olan həkimləri ən ağır söyüşlərlə lənətlədi və qərarını verdi. Atamın ayağı kəsilməli idi, qanqrena (çürümə) başlamşdı. Atam “mənə ayağım yox, başım lazımdır” deyə əməliyyata razılıq verdi. Ancaq bu əməliyyat, Burdenkonun digər cəhdləri də atamın həyatını xilas edə bilmədi, gec idi…”
Beləliklə, ordu generalı 15 aprel 1944-cü ildə 42 yaşında aldığı güllə yarasından vəfat edib.
Vatutinin ölümündə Stalin Xruşovu günahlandırıb. Xruşov bununla bağlı öz xatirələrində yazıb:
“Vatutinin ölümündə Stalin məni gühlandırırdı. Mən bunu heç cürə anlaya bilmirdim. Axı mən kim idim? General Burdenko kimi bir həkim heç nə edə bilməyəndən sonra, mən nə edə bilərdim axı?”
Ordu generalı Nikolay Vatutin Kiyevdə dəfn olunub. Dəfn mərasimi çox tələsik keçirilib. Çünki həmin gün Nikita Xruşovun 50 illik yubileyi olub...
Yubiley tədbirlərindən öncə isə İosif Stalinin radio vasitəsi ilə Vatutin haqqında fikirləri səsləndirilib: “Ordu və donanma ehtiram əlaməti olaraq döyüş bayraqlarını general Vatutinin tabutu önündə endirirlər...”
SSRI Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ordu generalı Nikolay Vatutin ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
İlham Cəmiloğlu, Musavat.com