Tanınmış ekspert Elinanın ölümünün günahkarlarını açıqladı - SƏRT AÇIQLAMA

15-04-2019, 19:31   




 
"Ölkədə fəaliyyət göstərən 4500 orta məktəbin çox sayda direktoru ancaq bir məqsəd üçün çalışır; özünün maddi vəziyyətini düzəltmək, özünün hegemonluğunu möhkəmləndirmək". 
 
Bakupost.az-ın məlumatına görə, bu sözləri tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O, 162 nömrəli orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümündə kimin günahkar olduğu barədə danışarkən belə deyib. 
 
Ekspert bildirib ki, bu gün təhsili, məktəbi nüfuzdan salan elə məktəblərdə çalışanlardır: "Çünki onlar üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər. 
Məktəbin direktoru tabeliyində olan bütün şagirdləri tanımalı, onlar haqqında məlumata malik olamalıdır. Amma biz belə bir direktoru ancaq Türkiyədə görə bilərik. Hadisə baş verəndən sonra belə, məktəb direktoru təhsili, məktəbi, şagirdi qorumağa çalışmadı, öz vəzifəsini qorumağa çalışdı. Mübarizəsi ancaq özünün kreslosunu qorumaq idi. "Nə olur-olsun, günah ancaq öləndədir" prinsipini rəhbər tutaraq, hətta ölənin arxasınca, bu ölən azyaşlı qız uşağı olmasına baxmayaraq, ən iyrənc addımları belə atdı".
 
K.Əsədovun sözlərinə görə, baş verən hadisə əslində bütün direktorlara dərs olmalıdır ki, şagirdlər onlar üçün təkcə gəlir mənbəyi deyil, onlardan ancaq qazanc əldə etmək olmaz, həm də onlara görə vəzifəni, azadlığını belə itirə bilərsən: "İnsanlar sizə övladlarını etibar edir, əmanət edir, əmanətə xəyanət etmək olmaz".
 

Ekspert həmçinin Elinanın sinif rəhbərinin də günahkar olduğunu deyib: "Sinif rəhbəri günahkardır. Çünki o rəhbəri olduğu sinifi beş barmağı kimi tanımalı, bilməli idi və mütəmadi olaraq onlarla fərdi qaydada işləməli idi. Bu gün sinif rəhbərləri ancaq bayramlar üçün pul yığmaq, dərsə gəlməyən şagirdlərdən, qiyməti aşağı olan şagirdlərdən aylıq pul yığmaqla məşğuldurlar. Məktəbin psixoloqu da günahkardır. Çünki o, şagird barədə məlumata malik deyil. Bu əslində, orta məktəblərdə psixoloq xidməti göstərən hər kəsə aiddir. Onlar ancaq əmək haqqı davası edirlər. Deyirlər ki, əmək haqqımız azdır. Sizin əmək haqqınız azdır deyə, camaatın balası ölməlidir?  Şagirdlər arasında psixoloji test tapşırıqları keçirmək lazımdır, onlara psixoloji dəstək vermək lazımdır. 
Yoxsa sizə problemini deyən şagirdi direktora, valideynə xəbərlərəmək lazım deyil". 
 
K.Əsədovun fikrincə, orta məktəblərdə şagird müəllim, şagird direktor, şagird psixoloq münasibətləri pozulub: "Bu gün orta məktəbdə ayaqyolunda, məktəbin tinində siqaret çəkən nə qədər şagird var, üzərində bıçaq gəzdirən nə qədər şagird var. Amma onlarla bağlı heç bir fəaliyyət yoxdur. 
Məktəblərin yaxınlığında ət kəsimi yerləri, kafelər, çayxanalar, internet klublar var. Onların hər biri təsir göstərir şagirdlərə".

Ekspert Elinanın ölümündə Təhsil Nazirliyinin də günahkar olduğunu bildirib: "Çünki onlar məktəblərdən daxil olan şikayətləri araşdırmırlar. Ümumiyyətlə, təhsil nazirliyi vətəndaş müraciətlərinə baxmır. İndi də yeni qaynar xətt xidməti yaratmaq istəyirlər. Yenisini yaratmağa ehtiyac yoxdur, hazırda mövcud olana diqqət yetirmək lazımdır. Hadisələrə operativ reaksiya vermək lazımdır, hadisə baş verən kimi orda olmaq, təhsil alanının, təhsil verənin yanında olmaq lazımdır.  Amma Elina hadisəsində biz təhsil nazirliyindən bunu görmədik. Biz ancaq hadisə və problemlərdən qaçan, onu gözlədən, özünü qorumaq istəyən təhsil nazirliyi gördük.  Ölkədə bu tipi, problemli kifayət qədər məktəb, direktor, şagird var. İndi onlarda bu yolu tutsun ki, siz onlara diqqət ayırasınız? Təhsil nazirliyi ictimaiyyət nümayəndələrinə, obyektiv jurnalistlərə, ekspertlərə qapılarını bağlayıb. Onlarla birlikdə problemin həllini tapmaq üçün müzakirələr aparılmır. Siz kiməsə giriş qapısını bağışlayırsızsa, sizin üçün çıxış qapısı açılır deməkdir".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar