Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacaq.
Musavat.com-un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən dəyişiklik telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili ilə balıdır. Cinayət Məcəlləsinə bununla bağlı əlavə edilən 233-4-cü maddəsinə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Müvafiq qurğu” dedikdə, mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu başa düşülür. Eyni əməllər, təkrar törədildikdə, xeyli miqdarda (əlli min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Həmin əməllər külli miqdarda (yüz min manatdan yuxarı olan mәblәğ) ziyan vurmaqla, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Musavat.com