2021-ci tədris ilinə qədər ölkəmizdə təqaüd alan tələbələrin sayının ümumi tələbə sayına olan nisbəti 50 faizdən az olmayan səviyyəyə çatdırılacaq.
Nazirlər Kabineti bununla bağlı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Nazirlər Kabinetinin qərarına əsasən, hər tədris ili üçün təqaüd yerlərinin ümumi sayı dövlət sifarişi və dövlət hesabına əyani və qiyabi təhsilalma formasında təhsilalanların sayının və əlavə təqaüd yerlərinin sayının cəmindən ibarət olacaq. Əlavə təqaüd yerlərinin ali təhsil müəssisələri arasında bölgüsü hər bir ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların sayının bütün ali təhsil müəssisələrinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək. Ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılacaq.
Qərara əsasən, ali təhsil müəssisələrində təqaüd yerlərinin sayı “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli sərəncamında göstərilən səviyyədə müəyyənləşdiriləcək. Həmin sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılmalı və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin edilməlidir.
Qeyd edək ki, bu həm də ödənişsiz plan yerlərinin sayının artırılması deməkdir.
Təhsil eksperti Şahlar Əsgərov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, dövlətin gənclərin təhsil xərclərini öz üzərinə götürməsi alqışlanmalıdır:
“Əvvəllər dövlət təqaüdləri alanların sayı az idi. Bunun artırılması sevindirici haldır”. Ekspert xatırladıb ki, Sovet dönəmində də ölkə vətəndaşları üçün təhsil ödənişsiz idi:
“Sonradan ödənişli təhsil modeli gətirildi. Xarici ölkələrdə mövcud olan bu modelin ölkəmizə gətirilməsi yaxşı olardı”.
Təhsil eksperti Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında hazırda təqaüd alanlar tələbələrlə təsnifatını aparıb. O, bildirib ki, hazırda Azərbaycanda əyani təhsil alan tələbələrin sayı 141274 nəfər, ümumi tələbə sayı isə 263779 min nəfərdir. Yalnız əyani təhsil alanlardan 37,8 faizi, yəni 53408 nəfər bakalavr təqaüd alır. Orta ixtisas təhsilli məktəblərdə oxuyan 41522 nəfərdən 46,5 faizi yəni 19222 nəfər təqaüd alır. İlk peşə təhsili müəssisələrində təhsil alan 34000 nəfərdən 54 faizi, yəni 16532 nəfər təqaüd alır:
“Təqaüd alanların sayı 16000 nəfər də artırılır ki, bura bakalavr, magistratura, doktoirantura pilləsində təhsil alanlar aid edilir. Burada əsas akademik göstəricilər rol oynayacaq - yəni göstəriciləri yaxşı olanlara aid ediləcək. Bu təbii ki, ödənişsiz plan yerlərinin artırılması deməkdir. 2018-ci il ali məktəbə qəbul zamanı 43 min plan yerinin 31 faizi ödənişsiz, 69 faizi ödənişli idi. İndi bu say artacaq. Bu il ödənişsiz olan yerlərin 21-22 minə qədər artacağı gözlənilir, amma bu ümumi plan yerinin də artması ilə müşahidə olunacaq. İstər ödənişli, istərsə ödənişsiz olsun, təqaüd verilməsi rəqabət əsasında formalaşacaq. Yeni qaydalar tələbələr arasında rəqabət yaradacaq, yəni yuxarı təhsil göstəriciləri olan tələbələri əhatə edəcək”.
Təhsil eksperti qeyd edib ki, universitetlərdə plan yerlərinə görə tətbiq olunan təqaüdlərdən başqa təqaüdlər də var:
“Ödənişli təhsil alanların belə təqaüd alma imkanları var. Məsələn, tələbə “Sabah” qruplarında oxuyursa, ona görə 50 manat təqaüd alacaq, “Gələcəyin müəllimi” təqaüdü var ki, burada 500 bal toplayan və ixtisas seçimində 2-3 müəllimlik ixtisası seçənlər 100 manat təqaüd alırlar, “Azərsell”-in 200, SOCAR-ın 100, kənd təsərrüfatı ixtisasları üzrə 100 manatlıq təqaüdlər var. Bundan başqa 20 universitetdə tanınmış şəxslərin adı ilə bağlı təqaüdlər var. Təkcə Bakı Dövlət Universitetində 22 ziyalının adı ilə bağlı 100 manatlıq, Azərbaycan Universitetində şəhid Fəxrəddin Qurbanlının adı ilə bağlı 500 manatlıq təqaüdlər var. Təqaüdlərin həcmi kifayət qədər çoxdur”.
Kamran Əsədov deyir ki, təqaüd alanların sayının artırılması ödənişsiz təhsil alanların sayına da təsir göstərəcək:
”Hazırda bütün təhsil pillələri üzrə110 min təqaüd alanlar varsa, bu rəqəm 126 minə çatacaq. Eyni zamanda prezidentin sərəncamına görə, həm təqaüd alanların sayı artırılır, həm də plan yerlərində ödənişsiz ixtisaslar artılır. 44 min plan yerindən 12 mini ödənişsiz, 32 mini ödənişlidir, 2019-cu ildə ödənişsiz plan yerlərinin sayı 21 min olacaq. Amma plan yerləri də artacaq. Bütün hallarda 2021-ci ilə qədər ödənişli və ödənişsiz yerlərin sayı bərabər olacaq”.
Təhsil eksperti xatırlatdı ki, 2013-cü ildə ölkə prezidenti tərəfindən imzalanmış “Təhsilin inkişafı üzrə dövlət strateqiyası”nda təhsilin əhatə dairəsinin genişlənməsi üçün plan yerlərinin, əlçatan olması üçün ödənişsiz yerlərin artırılması nəzərdə tutulur.
Ödənişsiz ali təhsil o zaman mümkün ola bilər ki...
Bir sıra xarici ölkələrdə yerli vətəndaşlar üçün təhsil tamamilə ödənişsizdir. Kamran Əsədovun fikrincə, bu sistem o zaman təqbiq olunur ki, universitetlər dövlət büdcəsinə pul qazandırır:
“Məsələn, Almaniyada xaricdən gələn tələbə sayı o qədərdir ki, onların öz ölkə vətəndaşlarından pul almalarına ehtiyac yoxdur. ABŞ universitetləri il ərzində təkcə ölkə büdcəsinə 14 milyard pul ödəyirlər. Sinqapur Bakının 1/4 hissəsi boyda olsa da, iki universitetinə xaricdən gələn tələbə sayı 80 min nəfərdir. Onların hər biri təqribən 2 min manat məbləğində pul ödəsələr, bu böyük məbləğ edir. Bizdə isə xaricdən gələn tələbə sayı 5000 nəfərdir. Ona görə də universitetlərimiz büdcədən asılı vəziyyətdədir. Müəllimlərin əmək haqları, laboratoriyalar, kommunal xərclər, təmir dövlət hesabına həyata keçirilir. Bu sistemin bizdə tətbiq olunması üçün ilk növbədə universitet idarəçiliyimiz dəyişilməli, universitetlər gəlir gətirən mexanizmə çevirilməlidir. Universitetlərə maliyyə muxtariyyəti verilməli, onlar məhsul istehsal etməli və əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirməlidirlər. Bundan sonra həmin mexanizmə keçmək olar”.
Xatirə Nəsirova
Cebhe.info