Orqan alverində təqsirləndirilən Vahib Xudadatovun məhkəməsi davam etdirilib.
Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Səid Ağayev deyib ki, "Unibank"a 3 min manat borcu olduğu üçün böyrəyini satmaq istəyib: "Bank tez-tez narahat edirdi. Krediti qaytarmaq üçün daim pul axtarırdım. Həmin ərəfədə əmimoğlu Elman dedi ki, böyrəyini Sahib adlı şəxs vasitəsi ilə satıb. Bir müddət sonra Bakıda Elmanla görüşəndə dedim, böyrək istəyən olsa, mənə xəbər eləsin. Daha sonra xəbər gəldi, Sahiblə görüşdük. Görüşümüzdən sonra bir necə dəfə zəngləşdik. Təxminən 10 gün sonra Sahib məni "Semaşko" xəstəxanasına çağırdı. Orda qan analizi verdim. Böyrəyi 12 min manata razılaşdıq. Demişdi ki, böyrəyim Pirəli adlı şəxsə köçürüləcək. 2015-ci ilin oktyabrında Sahib və Pirəli ilə Tehrana getdik. Analizləri verdik. Daha sonra Bakıya qayıtdıq. Gürcüstana gedib əməliyyat olunacaqdım. Hava limanınında görüşdük. Lakin qorxdum, böyrəyimi satmadım, aeroportdan geri qayıtdım".
Prosesdə digər zərərçəkən Şakir Nağıyev də ifadə verib.
O deyib edib ki, Bakıda fəhlə işləyib: "Bakıda işlədiyim vaxt qəzaya düşdüm. Kirayə pulunu verə bilmədiyim üçün rayona geri qayıtdım. Bir gün həmkəndlim Elmanla çayxanada görüşdüm. Həmin vaxt Sahib adlı şəxs də onun yanında idi. Ümumi söhbət əsnasında Sahib bildirib ki, əmisi nəvəsi Pirəliyə böyrək lazımdır".
Zərərçəkənin sözlərinə görə, bir böyrəyini 17 min dollara satmağa razılaşıb: "Sahibi taksi sürücüsü kimi tanıdım. Pul söhbətləri Elmanla olub. İranda müayinədən keçərək, Tiflisdə əməliyyat olundum. Pulum ödənilib. Heç bir şikayət və tələbim yoxdur".
Zərərçəkmiş qismində ifadə verən Rüstəm Ramazanov bildirib ki, Salyanda internatda qalıb: "Direktorun qorxunc əməllərini görüb internatdan çıxdım. Maddi vəziyyətimiz çox pis idi. Yeməyə çörək tapmırdıq. Qardaşım da həbsdə idi. Ona görə internetdə böyrəyimi satışa çıxartdım. Qiyməti dəqiq xatırlamıram. Bir müddət sonra Sahib müəllim zəng elədi. Rayondan Bakıya gəlib onunla görüşdüm. Böyrəyimi 40 min manata satdığımı ona dedim. Lakin sonda 12 min manata razılaşdıq".
Zərərçəkən qeyd edib ki, danışıq zamanı Sahibdən 100 manat alıb: "Ona dedim, evdə yeməyə içməyə heç nə yoxdu. Pulu verdi, gedib kartof-soğan aldım. Daha sonra İranda müayinədən keçdim və Tacikistanda əməliyyat olundum. Qayıdandan sonra Sahib pulumu verdi. Şikayətim, tələbim yoxdur".
Məhkəmə aprelin 26-da davam edəcək.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.
Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.
Cinayət işində 27 zərərçəkmiş var.