Məlum olduğu kimi, aprelin 15-dən etibarən Bakıda “Azəristiliktəchizat”ASC tərəfindən mənzillərə verilən istilik kəsilib.
Ölkəmizdə mənzil və dövlət obyektlərinin istilik təchizatı beş ay - noyabrın 15-dən aprelin 15-nə qədər olan dövrdə nəzərdə tutulur. Amma hava yenidən soyumağa başlayıb. Xüsusilə məktəb və xəstəxanalarda soyuq fəsadlarını göstərir. Üstəlik qazın da təzyiqi aprelin 15-dən etibarən azalıb. İstiliyin hava şəraitindən asılı olmayaraq kəsilməsi, eləcə də qazın təzyiqinin azaldılmasından narazılıq var. Bu rejimin Sovet dövründən miras qaldığı vurğulanır.
Həmçinin son 20 ildə ölkədə və dünyada ciddi iqlim dəyişikliyi özünü göstərir. Bu baxımdan, istiliyin bir qayda olaraq müddət əsasında deyil, hava şəraitinə uyğun verilməsi təklif olunur.
Məsələ ilə bağlı “Azəristiliktəchizat”ASC-nin mətbuat katibi Rafiq Əliyev Cebhe.info-ya açıqlamasında deyib ki, uzun illərdir klimataloji vəziyyət nəzərə alınmaqla Azərbaycanda istilik mövsümü Bakı və rayonlarda noyabrın 15-dən, aprelin 15-nə kimi, dağlıq rayonlarda isə noyabrın 1-dən, aprelin 30-na kimi müəyyən edilib:
“Aprelin əvvəlindən başlayaraq havalar isti keçməyə başladı. Düzdür, son bir-iki gündə hava bir qədər soyuyub. Amma o dərəcədə kritik həddə çatmayıb ki, istilik mövsümü yenidən başlanılsın. Qaydalara görə, havanın orta sutkalıq temperaturu 5-8 dərəcədən aşağı enəndə mövsümə başlanıla bilər. Bu gün çöldəki havanın temperaturu otaq temperaturunu normadan aşağı salacaq səviyyədə deyil. Ona görə də hesab edirik ki, istilik mövsümünə başlamağa ehtiyac yoxdur. Müvəqqəti bir şeydir. Əgər havanın temperaturu kritik həddə düşsəydi, bu barədə danışmaq olardı. O ki qaldı Sovet rejimindən qalma qaydaya, bu, klimataloji amillər nəzərə alınmaqla hesablanıb. Əslində istilik mövsümü bu reallıqlar nəzərə alınmaqla müddətli təyin olunur. Əgər kəskin soyuqlaşma baş verərsə, istilik mövsümünə noyabrda vaxtından əvvələ çəkilə, apreldə də uzadıla bilər. Xəstəxanalar, doğum evləri və uşaq evlərində mövsümü noyabrın əvvəlində başladıq”.
Rafiq Əliyev onu da əlavə edib ki, bəzi müəsssisələrə istiliyin verilməsi müqavilə əsasında tənzimlənir:
“Əgər hər hansı müəssisə istiliyin verilməsinin uzadılması ilə bağlı müraciət edərsə, onlara mövsüm artırıla bilər. İl ərzində müqavilə 5 ay ərzində nəzərdə tutulub. Amma kim əlavə müraciət edərsə, baxıla bilər”.
Alçina Amilqızı
Cebhe.info