“Diqlas”da zərər çəkən sahibkarlardan bəziləri dövlət yardımını ala bilmir:Səbəblər... - VİDEOREPORTAJ, FOTOLAR

22-04-2019, 19:59   


“Diqlas”da baş verən yanğında zərər çəkən bir qrup sahibkar ticarət mərkəzinin qarşısında toplaşaraq, narazılıqlarını bildiriblər.

Musavat.com-un hadisə yerində olan müxbiri xəbər verir ki, 10 nəfərə yaxın sahibkar ölkə başçısının ayırdığı müvafiq dövlət yardımını almadıqları üçün narazılıqlarını ifadə ediblər. Yanğın zamanı zərər çəkən sahibkarlar ilkin mərhələdə müvafiq olaraq, 2 min və 10 min manat məbləğində dövlət yardımının verilməsini tələb ediblər.

Zərərçəkənlər musavat.com-a bildiriblər ki, bu işlə bağlı tapşırıq və göstərişlər verilsə də aidiyyatı qurumlar hələ də icra etməyiblər.

Digər bir narazılıq isə ticarət mərkəzinin icraçı direktoru Rasim Məmmədovun sahibkarların malına dəyən zərəri düzgün hesablamamasıdır. Sahibkarlar bildiriblər ki, ticarət mərkəzində zərərçəkənlərin qəbulu üçün xüsusi yer yaradılsa da, düzgün rəylər verilmir.

Onların sözlərinə görə, R.Məmmədov yanan malların siyahısını düzgün təsdiq etmir. Daha çox ticarət mərkəzi rəhbərliyinin xeyrinə aktlar bağlanır. Bu da narazalıqlara səbəb olur.

Sonda onu da edək ki, 296 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1 milyon 146 min manatın ödənilməsi qərara alınıb.

Aprelin 10-da 70 zərərçəkmiş sahibkarın bank hesabına 364 min manat məbləğində maddi yardım köçürülüb. İndiyədək İşçi Qrupu tərəfindən barəsində maddi yardımın ödənilməsi qərara alınmış 159 zərərçəkmiş sahibkara 1 milyon 142 min manat məbləğində maddi yardım ödənilib.

Məsələ ilə bağlı hadisə yerində olan “Diqlas” ticarət mərkəzinin icraçı direktoru Rasim Məmmədovun da mövqeyini öyrənməyə çalışsaq da, o, suallarımızı cavablandırmaqdan imtina edib.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məğrur Mərd,
Musavat.com,
Fotolar və video müəllifindir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar