POROŞENKO MÜXALİFƏTƏ, “BÖYÜK BAŞLARI YEYƏN” ZELENSKİ İSƏ BAŞA KEÇİR:Ukraynanın 6-cı prezidentini xeyli problemlər gözləyir

23-04-2019, 09:45   

Valentin Korj ( Dnepr, Ukrayna)


 

Ölkə ikinci turda namizədlər arasında bu qədər fərq hələ görməyib. Amma ekspertlər elliklə yeni prezidentə çox çətin  həyat vəd edirlər. Seçki məntəqələrinə gəlmiş ukraynalıların 75%-i Vladimir Zelenskiyə səs verib.

Səslərin diqqətlə sayılmasına ayrılmış 10 gün qanununa söykənməklə Zelenskinin qələbəsinə hələ şübhə etmək olardı, lakin seçki məntəqələri bağlanandan bir an sonra Poroşenkonun özü məğlubiyyətini tələsik boynuna alıb. Ukrayna, demək olar, 100% ehtimalıyla sayca altıncı prezidenti əldə edib.

Bəziləri sevinir, bəziləri ağlayırlar. Əhalinin millətin taleyi haqda – onun gedişi ilə Ukraynanın “sonu çatacaq” – vətənsevərlik qayğısını inhisara almış Pyotr Alekseyeviçin peyğəmbərliklərinə inanan bölümü göz yaşı tökür. Lakin burası da var ki, rəqabət aparan tərəfin strategiyası eyni prinsipə söykənib – Zelenskini prezident seçməsələr, onda qabaqkı başçı ölkənin “tam axırına çıxacaq”.

Amma bu faktla mübahisə etmək çox çətindir ki, qabaqkı siyasətin sürməsi xofu bilinməzlik qorxusundan xeyli geridə qalıb. İlk turdan bir an sonra Poroşenkonun uduzduğu aydın idi. Məsələ yalnız “hansı hesabla” idi. Darmadağınla, yoxsa çox da yox. Alındı – fantastik darmadağınla. Hələ heç kim ikinci turda Poroşenko qədər az səs toplamayıb. İndiyədək hamıdan az 1999-cu ildə Kuçmaya uduzan kommunist Pyotr Simonenko olub – 38%. İndi isə artıq keçmiş komikinki, demək olar, 75%-dir, beş dəqiqəsi qalmış keçmiş prezidentinki 25%-dən bir qədər azdır.

Və bu, idarəçiliyin son dərəcə səciyyəvi yekunudur. 2014-cü ildə Poroşenkonu ikinci tursuz prezident seçəndə adamlarda  ümidi var idi. Hər şeydən qabaq, savaşın tezliklə dayanacağına. Kimsə düşünürdü ki, o, sürətli hərbi qələbəyə nail olacaq. Kimsə güman edirdi ki, o, Rusiya ilə güzəştlərə gedəcək və savaşsız barış əldə edəcək. Kimsə fərz edirdi ki, madam prezident milyoner, bir də Maydandakı qandan sonra hakimiyyətə gələndir, sələfləri kimi sırtıqlıqla oğurluq etməyəcək. Amma nə birincisi doğruldu, nə ikincisi, nə də üçüncüsü. Və nəticə kimi – hətta ikinci turda da önəmsiz faizlər. Seçicilər son beş ildə çox tez-tez “eybəcər” görünən Poroşenkoya şəxsi sevgisizlikdən savayı “savaş” kursuna, korrupsiya, dövlətin aşınması, adamyeyən “islahatlara” və tariflərin sonsuz yüksəlişinə, küçə özbaşınalığına, ukraynalıları parçalayan millətçilik isterikasına qarşı durmuşdular.

Bundan başqa, Poroşenkoya qarşı səs vermiş seçicilər bundan sonra necə yaşamaq istədiklərini dəqiq bilmir, amma artıq nəyi heç istəmədikərinə tam əmindirlər. Və bu, udmuş Zelenskinin əsas problemi olacaq. Dövlətin yeni başçısına elliklə “həsəd aparmayan” ekspertlərin böyük çoxluğunun fikrincə, prezidentin seçimi qabaqcadan məhduddur: bir addım sola, bir addım sağa – Maydan. Xarici siyasət onun səlahiyyətinin əsas sahəsidir, onda nəyisə dəyişmək isə ölüm kimidir: əhali nə “vizasız rejim”dən, nə də Şimali Atlantika kursundan imtina etməyə hazırdır. Bəli, Donbasda savaşın bitməsinə tələbat var, amma RF ilə yaxınlaşma pis qarşılanacaq – ukraynalılara “Rusiya təcavüzü” haqda israrla və uzun müddət danışıblar.

Proqnozlaşdırırlar ki, Zelenski korrupsiayya savaş elan edərək ölkə daxilindəki sistemlə müabrizə aparmağa çalışacaq. Bəli, baş prokurorun təyin edilməsi onun səlahiyyətidir, amma sistem “ədalət uğrunda gənc mübariz”in onun təhlükəsizliyinə əl uzatmağına nə qədər icazə verər və istəyər – bu, böyük sualdır, ondan böyüklərin başını yeyiblər. Cəmiyyətdə populyar tələbat var – yaranmış durumda günahkarları cəzalandırmaq və Zelenski sanki belə hərəkətlər üçün alışıb yanır. Poroşenkonun aşağı nəticəsi dövlət başçısı səlahiyyətləri yerə qoyulandan sonra şəxsən onun da, komandasının da cinayət təqibi təhlükəsini gücləndirir. Yeni hakimiyyət Poroşenkonu və silahdaşlarını həbsxanaya tam göndərərək idarəçiliyin ilk aylarında özünün ilk piarını qura və eyni zamanda bədnam “Roshen”i (Poroşenkonun şirkəti-tərc.) sahibindən tutub almağa cəhd edə bilər. Amma siyasi kluarlarda qeybət qırırlar ki, guya, Vaşinqtonda ona artıq toxunulmazlıq zəmanəti verib və gələcək prezidentin komandasına xəbərdarlıq ediblər ki, Poroşenkoya toxunmasınlar.

Amma ABŞ uzaqdadır. Zelenskinin qisasa məhəl qoya bilməməsi üçün isə tələbat son dərəcə böyükdür. Özəlliklə də namizəd Zedən cinayət təqibləri perspektivləri artıq az səslənməyib. Bu haqda həm debatlarda, həm də onun öz komandasını təqdim etdiyi “1+1”-in efirində deyilib. Bundan savayı, bərk qoz Poroşenko brifinqdə bildirib ki, tarixin zibilxanasına hazırlaşmır, fəal müxalifətə keçir. Ola bilsin, bu, Pyotr Alekseyeviçin səhvidir – axı yeni komandaya belə mahir opponentlərə malik olmaq çox təhlükəlidir, onu bir anda bitirmək daha asandır. Lakin tezliklə görərik.

Güzəranla bağlı durum daha qəlizdir. Yüksək tariflər, gəlirlərin azalması və yoxsulluğun daimi təhlükəsi əhalini məğlub edir. Hökumət başçısını prezidentin təyin etmədiyinə baxmayaraq yeni prezidentdən durumu kökündən dəyişməyə qabil qəti hərəkətləri çox gözləyirlər. İqtisadiyyat isə tərs şeydir, ona sadəcə, tez hərəkətlənmək və bir saatda effektivli olmaq komandası vermək olmaz. İnflyasiya prosesləri ordu əmrlərini dinləmir: “Dur, bir-iki, addımla marş” – o, son dərəcə ətalətlidir, hətta hansısa uğurlu bir modeli seçib praktikatya tətbiq etsən də, onu bir dəfə əl yelləməklə durdura bilməzsən.

Ən nikbin proqnozlara əsasən, Zelenskinin komandası, ən yaxşı halda, prezident müddətinin sonuna doğru duyulası nəticələr sərgiləməyə nail olar, buna qədər isə ya hamını dözməyə dilə tutmalı, ya da batan gəmidə suyu tükəndirməklə sələflərinin tapdalanmış yoluyla getməlidir.

Aprelin 21-də seçki məntəqələrinin bağlanmasıyla şoumen bitdi, amma 75% səs verilən yeni siyasətçi Zelenski növbəti gün doğulmadı. “Demokratiyanın təntənəsi”nə baxmayaraq, ukraynalılar qabaqkı, dəyişilmyən dünyada yuxudan ayıldılar…

Tərcümə Strateq.az-ındır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar