"Nəzir qutularının qoyulması, anonim nəzir verilməsi "Qurani-Kərim”də qoyulan zəkat, sədəqə, fitrə verilmə əmrinə ziddir və israfçılığa xidmət edən əməldir” Sfera.az-a açıqlamasında bunu ölkədə mövcud olan nəzir qutularına yığılan vəsaitlərin xərclənməsində şəffaflığın olub-olmaması məsələsinə toxunarkən ADP sədri Sərdar Cəlaloğlu deyib:
"İslam dinində sədəqənin fərdi qaydada və ünvanlı verilməsi əmr edilir. "Quran”da yazılıb ki, yoxsullara, ehtiyacı olanlara, yolda qalanlara fitrə və zəkat verin. Ona görə də nəzir qurularına pul yığılması anonim nəzir hesab olunur. Allah bir adamın yoxsul olduğunu görmədiyi halda ona nəzir verilməsini qadağan edir. Bu mənada anonim olaraq bir qutuya pul salmaqla verilən həmin vəsaitin doğrudan da ehtiyacı olana gedib çatdığını necə bilmək olar? Ona görə də qutulara nəzir salınması tamamilə yanlış və müqəddəs kitabımıza ziddir. Düzdür, məscidlərin təmirilə bağlı insanlar pul verə bilər. Ancaq bu da aşkarlıq şəraitində olmalıdır. Məsciddə ibadət edən icma yığışmalı, təmirə olan ehtiyac müəyyən edilməli və pul yığıb təmir etməlidirlər”.
Həmsöhbətimiz bildirdi ki, nəzir qutuları israfçılığa və həmin pulu götürənlərin niyyətinə xidmət edir:
"Dəfələrlə görmüşük ki, nəzir qurularına yığılan pulların bölüşdürülməsi üstündə mollalar bir-birlə savaşıblar. Həmçinin, həmin vəsaitin şəffaf xərclənməyərək mənimsənilməsilə bağlı da çoxlu məlumatlar var. Nəzir qutusuna yığılan pulu mollalar götürüb adətən özlərinin bildiyi şəxsi məqsədləri naminə xərcləyirlər. Nəticədə nəzir qutuları həmin pulu oradan götürüb xərcləyən insanların niyyətinə xidmət edir”.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti rəhbəri Rəhimə Dadaşova isə verdiyi cavabla ümumən sualdan yayınıb: "Əvvəla, heç də bütün məscidlərdə nəzir qutuları yoxdur. İkincisi, olanlarda yığılan pullar da həmin məscidin kommunal xərclərinin ödənilməsi, xidməti işlərin görülməsinə sərf olunur. Amma geniş məlumatın olması üçün sualı QMİ-nin Nəzarət-Təftiş şöbəsinə ünvanlamışam. Maksimum sabah onlardan yazılı cavab alacam”.
Qeyd edək ki, Azərbaycanda 500-ə qədər ziyarətgah var ki, burada yerləşdirilən nəzir qutularına hər gün xeyli miqdarda vəsait yığılır. Amma nəzir qurularına yığılan pulların miqdarı, onun hara, hansı məqsədlər üçün xərclənməsi barədə hər hansı bir açıqlama bu günə qədər verilməyib. Bu da nəzir qutularına yığılan pulların xərclənməsi məsələsində şəffaflığın olmadığını göstərir. Bu günlərdə məsələ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da həyacan təbili çalaraq millətin sədəqəsinin ancaq bir ailənin, bir varislər qrupunun cibinə axmasının yolverilməz olduğunu diqqətə çatdırıb.