Poroşenkonun adamlarını dindirməyə çağırıblar

24-04-2019, 08:47   

Ukraynanın Baş Prokurorluğu hazırkı prezident Petro Poroşenko ilə işləmiş bəzi keçmiş məmurları şübhəli şəxs qismində dindirilməyə çağırıb. Söhbət Milli bankın keçmiş rəhbəri Valeriya Hontareva, Prezident administrasiyasının keçmiş rəhbəri Boris Lojkin və onun müavini Aleksei Filatov-dan gedir. Çağırış sənədləri prokurorluğun saytında dərc olunub.

Onların hər üçü biznesmen Serhiy Kurçenkoya qarşı cinayət işi üzrə, yəni dövlət büdcəsindən 1,5 milyard dolların mənimsənilməsində şübhəli bilinir. Qontareva mənimsəmə və cinayətkarlara yardımda, Filatov və Lojkin isə qanunsuz gəlirlərin leqallaşdırılmasında, cinayətkar təşkilat üzvləri ilə əlbirlikdə şübhəli bilinir.

Milli bankın keçmiş rəhbəri hazırda Londonda yaşayır. “Ukrayna xəbərləri” agentliyinə müsahibəsində o, Ukraynaya qayıtmaq niyyəti olmadığını bildirib.

“Siyasi motivlidir”

“Bunu yalnız siyasi motivli adlandırmaq olar, başqa heç cür. Çünki mən nə Yanukovych, yaxud Kurçenko ilə görüşmüşəm, nə də keçmiş birinci vitse-premyer Sergey Arbuzovla tanış olmuşam. Heç vaxt hansısa sövdələşmədə iştirak etməmişəm”, – Hontareva söyləyib.

Ukraynalı oliqarx Serhiy Kurçenko da keçmiş prezident Viktor Yanukovych kimi Rusiyaya qaçıb. Prokurorluq ona doqquz epizod üzrə ittiham irəli sürüb: dövlət neft və qaz şirkətlərindən qaz mənimsəməkdə, “Naftoqaz” şirkətinin və digər şirkətlərin pullarını ələ keçirmək məqsədilə sui-qəsddə, saxta sahibkarlıqda ittiham olunur.

Biznesmen mayeləşmiş qaz, neft məhsulları və bank sahələri ilə məşğul olub. 2014-cü ildə o, 266 milyon dollarlıq sərvətlə ən zəngin ukraynalıların 100-lüyünə düşüb.

Onu Yanukoviçin oğluna yaxın saysalar da, özü bunu təkzib edib. Ancaq Maydan etirazlarından sonra keçmiş prezidentin ardınca Rusiyaya qaçıb.

Kurçenko Rusiyada da neft-qaz biznesiylə məşğuldur. DW-nin məlumatına görə, onun adamlarına məxsus, “GeОlog Oil&Gas Trading” Avstriya şirkəti Almaniyada qaz doldurma məntəqələri şəbəkəsimi alıb. Maraqlısı odur ki, “Geolog Oil”un icraçı direktoru Christoph Gerg şirkəti Vyanada Kurchenko-nun şirkətlərinə məxsus ünvanda qeydiyyatdan keçirib.

Ukraynanın bəzi nəşrləri iddia edirlər ki, 31 yaşlı oliqarxın “Petrolium” şirkəti Donbasda Kiyevin nəzarətində olmayan ərazilərdən Rusiyaya kömür daşıyır. Həmin kömürün bir hissəsinin sonradan Türkiyəyə (Mərsinə) ixrac olunduğu bildirilir.

Azadlıq radiosu 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar