" ABŞ-ın Ermənistandakı yeni səfiri Lin Treysi aprelin 24-də - saxta “erməni soyqırımı” günü erməniləri məyus edib. Xanım diplomat “genosid” sözü işlətməyib. O, Osmanlı İmperiyasında yaşanan məlum olayları “XX əsrin ən böyük dəhşətlərindən biri” adlandırmaqla kifayətlənib. Şübhə yox ki, prezident Donald Tramp da eyni ifadəni işlədəcək.
Doğrudur, səfir öz dövlətinin ənənəvi mövqeyini ifadə edib. Məlumdur ki, ABŞ-ın bir çox ştatları uydurma genosidi tanısa da, dövlət səviyyəsində tanınma qərarı yoxdur. Hər necə olmasa, Amerikada ən yüksək səviyyədə iddianın əsassız olduğunu yaxşı bilirlər. Lakin məsələdə bəzi yeni və incə xüsusatlar da yox deyil.
*****
İş ondadır ki, bu, Nikol Paşinyan iqtidarı dönəmində “soyqırım”ın ilk dönümüdür. Vaşinqton isə 1 il öncə ABŞ-ın əsas dəstəkçi olduğu “məxməri inqilab” nəticəsində Sərkisyan rejimini devirib hakimiyyətə gələn Paşinyana böyük ümidlər bəsləyirdi. O anlamda ki, “qərbçi” baş nazir həqiqətən Ermənistanın Rusiyadan vassal asılılığını azaltmaq üçün real addımlar atacaq, bundan ötrü Dağlıq Qarabağ konfliktinin həllində konstruktiv mövqe tutacaq. Belə bir mesaj prezident Donald Trampın Nikol Paşinyana bu ilin yanvarında göndərdiyi təbrik məktubunda aydın şəkildə əksini tapıb.
Yeni hakimiyyət başçısı isə əksinə, Rusiya ilə daha da yaxınlaşmaq kursu götürüb, Moskvaya xoş gəlmək üçün Suriyaya humanitar-hərbi kontingent göndərib, Putinin Avrasiya layihələrində (Avrasiya Birliyi, KTMT) daha fəal olacağını bəyan edib, hökumətin təzə proqramında Ermənistanın xarici siyasət kursu və milli təhlükəsizliyi baxımından Rusiya əsas prioritet və qarant ölkə elan olunub. Yenə məhz Amerikanın maraqları ziddinə olaraq, Paşinyan, onun müdafiə naziri David Tonoyan tamamən qeyri-konstruktiv, maksimalist və davakar ritorikaya üstünlük verərək, kövrək sülh danışıqlarını da təhlükə altına qoyublar.
Başqa sözlə, Vaşinqtonun budəfəki “24 aprel” ritorikası həm də Paşinyana ümidlərin xeyli dərəcədə qırılması reallığı ilə yoğrulub. Aydındır ki, Qarabağ probleminin həlli Ermənistanın qonşu Türkiyə ilə də münasibətlərinin normallaşmasına gətirər, nəticə etibarilə Ankara və Vaşinqton arasında “genosid” problemi də aradan qalxardı...
*****
Bu arada - saxta soyqırımın növbəti ildönümünə cəmi bir gün qalmış ABŞ-da nəşr olunan nüfuzlu “Washington Times” qəzeti Paşinyan hakimiyyətinin həm rusiyayönlü xarici siyasət kursunu, həm də Qarabağla bağlı indiki mövqeyini sərt tənqid edən məqalə dərc edib. Musavat.com-un tərcüməsini təqdim elədiyi həmin məqalədən bəzi sitatlar xüsusilə diqqət çəkir.
“Ermənistan ona qonşu dövlətlərin malik olduğu nailiyyətlər və tərəqqidən məhrum qalan, dünyada ən kasıb ölkələrdən biridir. Nə qədər dəstəklənirsə-dəstəklənsin, Ermənistan ABŞ-ın nə dostu, nə də müttəfiqi sayılır və onunla eyni dəyərləri paylaşmır. Müharibə nəticəsində Ermənistan Rusiyanın vassalına çevrilərək dünya arenasında Kremli dəstəkləyir və İranla sıx əlaqələr qurmaqdadır”, - deyə təhlili yazıda ittihamedici tonda bildirilir.
Müəllifə görə, blokada rejimində olan Ermənistanda yaşanan böhranlar 2018-ci ildə iri iqtisadi və demokratik islahatlar vəd edən inqilab doğursa da, üstündən bir il keçməsinə rəğmən, verilən vədlər hələ də həyata keçirməyib:“Ermənistan və onun baş naziri Nikol Paşinyan islahatların, hətta Moskva və Tehranın cəngindən qurtulmağın ilkin şərti sayılan Qarabağda sülh üçün effektiv strategiya hazırlaya, habelə gərəkli demokratik islahatları həyata keçirə və iqtisadi böyüməni stimullaşdıra bilməyib”.
Nəşr Dağlıq Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara qoşmağa çalışan Paşinyan hökumətinin tələbləri və Amerikadakı erməni lobbisinin mövqeyi arasında bənzərlik olduğunu yazıb və qeyd edib ki, Azərbaycanla yeni müharibədən Ermənistanın qalib çıxacağı şübhə doğurur: “Bütün bunlar Ermənistan üçün böyük bədbəxtliklərə və iqtisadi fəlakətə gətirib çıxaracaq. Təbii ki, bundan sonra demokratiya, tərəqqi, əhalinin sayının azalmasının qarşısının alınmasından danışmaq mümkün olmayacaq. Əgər Ermənistan həqiqətən faydalı nəticələr əldə etmək istəyirsə, daxili tərəqqinin ilkin şərti sayılan, münaqişənin iki tərəf üçün məqbul hesab olunan həlli yoluna razı olmalı, ABŞ-dakı erməni milli komitəsi kimi alovlu millətçi lobbilərin fəaliyyətini ram etməlidir”.
*****
Vaşinqtondakı Analitik Şuranın “Avrasiya” mərkəzinin direktoru, ABŞ-ın Ukrayna və Özbəkistandakı sabiq səfiri, Amerika hökumətində və siyasi dairələrində, xüsusilə də respublikaçılar arasında mühüm əlaqələrə malik Con Herbst isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Amerikada gözlənilən görüşü ilə bağlı deyib ki, dövlət katibi Mayk Pompeonun bu təklifi həqiqətən də Ağ Ev administrasiyanın konfliktin həllinə təkan vermək istəyini sübut edir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, 1 in.am erməni portalına açıqlanmasında deyib.
“Pompeonun şəxsən konfliktin həllinə cəlb olunması çox pozitiv haldır. Fikrimcə, qarşıdakı görüşün məqsədi ilk növbədə problem öyrənmək və situasiya ilə daha yaxından tanış olmaqdır”, - deyə o qeyd edib. Rusiyanın təklif elədiyi “Lavrov planı”na gəlincə, amerikalı ekspert Pompeonun görüş təklifinin bu planı dəstəkləmək anlamına gəlmədyini bildirib: “Bu, böyük səhv olardı. Mən düşünmürəm ki, Tramp administrasiyası bu planı dəstəkləməyə hazırlaşır”.
Yəni belə qənaət hasil olur ki, ABŞ-ın Qarabağa dair öz həll planı var. Ekspert çevrələrində bunu qeyri-formal olaraq, “Bolton planı” da adlandırırlar. Ancaq “Bolton planı”na ciddi əngəllərdən biri elə Rusiya ilə daha da yaxınlaşma kursu aparan Paşinyan hökumətidir - baxmayaraq ki, Vaşinqtonun Nikola Qarabağla bağlı ümidləri tam sıradan da çıxmayıb.
“Cənab Paşinyanın baş nazir seçilməsi ilə İrəvanda çox mühüm və müsbət dəyişikliklər oldu. Ola bilsin ki, o, Qarabağla bağlı yeni perspektivlər təklif eləsin. Bizim tərəfdən də Ermənistanın yeni hakimiyyəti ilə Dağlıq Qarabağ məsələsində əməkdaşlıq eləmək müdriklik olardı. Düşünürəm ki, dövlət katibinin təşəbbüsünün qayəsini məhz bu təşkil edir”, - deyə analitik əlavə edib.
Beləcə, ABŞ-ın Qarabağla bağlı Rusiya planından fərqli bir “yol xəritəsi” təklif eləmək istədiyi məlum olur. Eyni zamanda bu planla bağlı Paşinyan konkret və ədalətli mövqeyə çağırılır. Herbstin xəbərdarlıq xarakterli açıqlamasından və “Washington Times”dəki tənqidi məqalədən aydın görünür ki, Vaşinqtonun narazı olduğu Paşinyandan konkret gözləntiləri var və onların başında Qarabağ məsələsinin nizamlanmasına İrəvanın real töhfə verməsi tələbi öndə gəlir...
Siyasət şöbəsi,
“Yeni Müsavat”