- Heç bir həftə deyil, başçı gəlib klubda görüş keçirdi. Nə olsun, nə faydası. Müəllimləri, idarə işçilərini, öz adamlarını yığıblar ora, bir az söhbət edib dağılışıblar. Amma bu dağıla-dağıla gedən kənddən, onun problemlərindən bir kimsə danışıbmı? Qorxublar, çəkiniblər. Təki, kağız üzərində hər şey yaxşı olsun...

***
Tovuz rayonunun Aşağı Quşçu kəndindəyik. Nehrəm və Əyyubludan sonra Azərbaycanın ən böük üçüncü kəndidir Aşağı Quşçu. Amma bəlkə də indi ən rəzil gündə olan kəndlərindən biri.
Həmsöhbətlərimizin dediyinə görə, bir neçə gün öncə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov kənddə görüş keçirib. Hər şeydən danışılıb bu görüşdə. Bircə kəndin problemlərindən başqa…Problemlərdə ki bitməz-tükənməz.
Hansından başlayasan, bilmirəm.
Amma qoy elə lap əvvəldən başlayaq.

***
Tovuz rayon mərkəzindən Aşağı Quşçuya 7 kilometrlik yoldur. Mərkəzdən kəndə kiçik tutumlu avtobuslarla da gəlmək olar, taksiçiliklə məşğul olanlarla da. Yəni taksiylə. Adambaşına 1 manat pul alırlar Tovuz avtovağzalından Quşçuya, daha doğrusu kəndin ayağına qədər olan yola kimi. Amma kəndin içinə isə girmək, ən azı mərkəzinə çatmaq üçün isə əlavə iki manat ödəməlisən.
Bizi avtovağzaldan kəndə aparan sürücü deyir kəndin mərkəzi yolu elə bir vəziyyətdədir ki?

- İndi gedək özün görəcəksən, bacıoğlu. Gör o yola girənin ağlı var, ya yox? Məcburuq işləyək. Qardaşım mənə təzə “nol yeddi” almışdı, dağıldı getdi bu yollarda. Elə təzə söhbətə başlamışdıq ki, “hə, gəldik” dedi.
Maşın sözün həqiqi mənasında əzablı yollarla irələliləyib kənd poçtunun qabağına çatdı.
Siz təsəvvür edin, 2 kilometr yolu qət etmək, Tovuzdan kəndə gəlməkdən uzun çəkdi. Çala-çuxurdan ibarət uzanıb gedən bu yola yol demək olmaz. Yol inciyər adamdan.
Hə, bu yol Aşağı Quşçu kəndinin mərkəzi yoludur hələ. Sovet dövründə “Lenin küçəsi adlanıb. Yüksək keyfiyyətli asfalt döşənmiş bu yolun işıq dirəkləri gecəsini gündüzünə çevirirmiş. Səkiləri varmış. Müstəqillik dönəmində “Vaqif” küçəsi adlanan bu yola sonuncu dəfə asfaltı elə Lenin ideologiyası dövründə, yəni SSRİ zamanı çəkiblər. Təsəvvür edin, 30 ildən çoxdur ki, Azərbaycanın üçüncü ən böyük kəndinin ən böyük küçəsinin yoluna bircə maşın da asfalt tökülməyib.

- İraq olsun, kiminsə hüzürü düşəndə qapısının ağzına gətirib bir maşın çınqıl tökür ki, ayıbdı, kənardan qonaq gəlir, bir az abırlı görünsün küçə. İndi neyləyək, arzulayaq ki, küçə boyu hüzr düşsün, heç olmasa çınqıl töksünlər, uşaqlar palçığa batmasın məktəbə gedəndə? Nə bələdiyyə? Bələdiyyə bəlkə də adamların qapılarının ağzına tökdürdüyü o çınqılı da öz hesabına “oformit” edir.
Həmsöhbətimiz deyir ki, indi hələ yaxşıdır.

- Düzünü deyirəm. Siz yayda bura gəlin. Bir maşın keçdisə bitdi, ətraf toz-dumandan əskik olmur. Sovet vaxtı bu yoldan iri maşınların istifadəsi qadağan idi. İndi kimin vecinə? Bir “Kamaz” keçən kimi tozu bir saata dağılır. O da gedir qonur bizim, uşaqlarmızın ciyərlərinə.
Əslində siz adi yol da deyib keçməyin. Bakı-Qazax avtomagistralını Aşağı-Quşçu kəndi ilə birləşdirən əsas yol uzanıb düz Azaflıya kimi gedib çıxırdı. Ordan isə Tovuzun dağ kəndləri başlayır. Yəni strateji bir yoldur. Amma bu mərkəzi yol ömrünü kəndin poçtunun yanında başa vurur. Bilirsizmi niyə? Çünki poçtun yanındakı körpü uçub. Yol da elə orda bitir. Körpünü düzəltdirmək isə nə Tovuz rayon rəhbərliyinin, nə yerli bələdiyyənin, nə də kənd icra nümayəndəsinin yadına düşür. Elə şəkildə gördüyünüz kimi piyadalar taxta qoyub o yana keçir, maşınlar isə kəndin içiylə fırlanıb mənzil başına çatırlar.
Yeri gəlmişkən, icra nümayəndəsi dedik axı? Kəndin icra nümayəndəsi Sadıqov Aslan İskəndər oğlunun əyləşdiyi inzibati bina isə Mədain xarabalığını xatrıladır. Adam heç olmasa öz oturduğu birmərtəbə bu tkilini belə təmir etdirmir. Dövlətin kənddəki təmsilçisinin əyləşdiyi bu tikiliyə hər dəfə girib çıxanda onun nələr hiss etdiyini anlamaq istərdim.
Problem, xaraba qalan təkcə yol deyil. Kəndin bircə normal infrastrukturu yoxdu. 3 orta məktəbi var Aşağı Quşçunun. Sonuncu dəfə nə vaxt təmir olunduğunu vaxtıyla bu məktəbdə oxuyub, evlənib və övladı da hazırda bu məktəblərdə oxuyanların özləri də bilmirlər, unudublar.

- Təsəvvür edin, hələ də təbaşirlə yazırlar uşaqlar. Hələ də sovetin vaxtındakı yazı taxtalarıdır. Təbaşiri belə uşaqlara aldırırlar. Təbaşir cəhənnəmə e, indi dünyanın hansı vaxtıdır ki, uşaqdan ayda 5 manat odun pulu yığılsın. Sinif otaqları buz kimidir. Neyləyək, əlacımız yoxdur, sonradan dava-dərmana verməkdənsə, odun pulu veririk ki, sinif qızsın.
Şəkildə gördüyünüz bu məktəb binası, daha doğrusu ibtidai siniflərin korpusunun pəncərəsindən çıxan tüstünü görəndə, adam 21-ci əsrin 19-cu ilində yaşadığına şübhə edir.
Həmsöhbətlərim deyir ki, təhsilin səviyyəsi də günü-gündən düşür.

- Dərs otaqlarına girsəz, görərsiz ki, jurnalda adı olanların yarısı sinifdə yoxdur. Əsas da yuxarı siniflərdə. Əksəri hazırlıq üçün rayon mərkəzinə gedir. Amma vaxt vardı Aşağı Quşçu məktəbi rayonda adla çağrılardı.
Rayon mərkəzinə təkcə dərs almağa getmir kənd sakinləri. Elə sağalmağa da ora gedirlər. Kəndin uçulub-dağlımaqda olan bir xəstəxanası var. Adı xəstəxanadır, amma nədənsə günortaya kimi işləyir.

- Saat 2 oldu, hamı dağılışıb gedir evinə. Burda? Ay qadan alım, burda adam yatar? Adam sağalmağa gələr e, xəstəxanaya, ölməyə yox. Bunun daşı-divarı uçub gedir. İçərisi bum-buz. Camaat ağlını itirməyib ki?
Kəndin ən böyük problemlərindən biri də içməli suyla bağlıdır. 15 minə yaxın əhalisi olan bu kəndə su böyük fasilələrlə verilir. Və özü də heç bir filtirasiyadan keçməmiş. Suyun nə verilmə saatı var, nə də müddəti. Dağlara yağış yağıbsa, suyun götürüldüyü Zəyəm çayı bulanır, elə həmin vəziyyətdə də kəndin başındakı hovuza toplanır, ordan da bulanıq su evlərə verilir. Suyun fasilələrlə verilməsinin bir səbəbi də var. Əhalinin içməli su ilə təminatı üçün nəzərdə tutulmuş su kəməri rayonun İbrahimhacılı kəndi və Qovlar şəhəri yaxınlığında salınmış üzüm sahələrinə axıdılır. İçməli sudan əziyyət çəkən əhali etiraz etdikdə isə etirazı yatırmaq üçün suyu 1-2 saat müddətinə verirlər.
Quşçu sakinləri deyir ki, kəndin öz kəhrizləri var. Amma əksərinin gözü tütülüb. Əhalinin içməli su ilə təminatı üçün nəzərdə tutulmuş artezian quyularından da su götürülməsinə süni əngəllər yaradılır. Bir su maşınına gün ərzində, ancaq 1 dəfə su götürməyə icazə verilir.
Suyla bağlı başqa bir problem də var. Kəndli öz sahəsini suvarmaq üçün su tapa bilmir. Hələ sovetlər dönəmində kəndin başında su anbarı olub. Biz ora da baş çəkdik. Su anbarı gör nə vaxtdır təmizlənmir ki, artıq nəinki lil basıb, üstüdə kol-kos da bitib.

- Lilin üstünə su yığılır, o su da sahələrə vurulur vəssəlam. Ümidimizi ancaq Allaha bağlamışıq. Yağış yağar, sahə suvarılar.
Həmsbhbətim deyir ki, kənd sakinlərinin əsas məşğuliyyəti üzümçülükdür. Di gəl, bu üzümü sata bilmirlər.

- Yetişdririk, yığırıq, amma qalır üstümüzdə, qəpik quruşa belə verəmmririk. Sovet vaxtı kənddə iki şərab zavodu vardı. Hamısını dağıtdılar. Zavod olsa, həm kəndli qazanar, həm zavod. Bu il görək məhsul yaxşı olmalıdır. İndidən bazar axtaraq ki, üzüm həyətdə, sahədə çürüməsin.
Kəndin əbədi prolemlərindən biri də işıqdır. Düzdür, sakinlər elektrik verilişindən narazı deyirlər. Amma…Hə, bunun da bir əmması var. Dərd odur ki, azca külək əsən kimi kənddə işıqlar sönür. Çünki tranformatorlar illərdi dəyişdirimir. Elektrik xətləri köhnəlib. Kabelləşmənin isə Quşçuda nə olduğunu bilmirlər. Transformatorlardan çıxan elektrik naqilləri də hörümçək toruna bənzəyir. Bir-birinə dəydisə…
Ona görə də, “Azərişığın rayondakı rəhbərliyi ən rahat variantı tapıblar. Külək əsən kimi gəl işığı kəsək, məntiqini işə salmaqla.

***
Kənddən geri Tovuza qayıdırıq.

  • Xeyir idimi kənddə, qonaqsan deyəsən.
  • Hə qonağam, jurnalistəm.
  • Qadan aleym, nə olar bu yoldan da yaz…
Sadəcə, qımışdım…Ürəyimdə “elə buna görə gəlmişdim” deyibən…