Deputatların qaz və işıq davası böyüyür – qarşılıqlı ittihamlar

26-04-2019, 18:31   


AVP sədri, deputat Fəzail Ağamalı qaz və elektrik enerjisinə qoyulan limitin ləğvini zəruri edən səbəblərdən yazıb. Musavat.com xəbər verir ki, o, özünün müəllif məqaləsində son vaxtlar ölkəmizdə qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi, hər iki enerji daşıyıcısının qiymətlərinin əvvəlki səviyyəsinə qaytarılması ilə bağlı təkliflərin kifayət qədər aktuallaşdığını qeyd edib.

“Etiraf edim ki, müzakirələrdə iştirak edən peşəkar iqtisadçılarımızın və millət vəkillərinin mütləq əksəriyyəti haqlı olaraq limitin ləğv olunmasının tərəfdarıdır. Deputat Fazil Mustafa və Vahid Əhmədov istisna olunmaqla” - F.Ağamalı yazıb. Daha sonra deputat öz həmkarları barədə bunları yazıb: “Onların Milli Məclisin plenar yığıncağında və mətbuatda doğal qaz və elektrik enerjisinin qiymətilə bağlı söylədiyi dozalı fikirlər əsassız və ölkə prezidentinin həyata keçirdiyi islahatların mahiyyətilə ziddiyyət təşkil edən konyuktur mövqedi. Yetərincə savadlı və məlumatı olan hörmətli həmkarlarım ən azı “Kombi” sistemini işlədən şəhərlərimizdən, Abşeron, Quba və ölkəmizin digər rayon və kəndlərində “Ceyran peçi”lə qızdırılan evlərin 6-7 ayda qaz və elektrik enerjisinə sərf olunan maliyyə tutumunu deputat seçildikləri rayonun əhalisindən öyrənə, daha ədalətli və obyektiv mövqeyini ortaya qoya bilərdilər”.

Ä°lgili resim

Fəzail Ağamalı: “Onların doğal qaz və elektrik enerjisinin qiymətilə bağlı söylədiyi dozalı fikirlər əsassız və...”

F.Ağamalı ardınca təbii qaz və elektrik enerjisinə tətbiq edilən limitin bütövlükdə ləğv olunmasının zəruriliyini deyib. Deputatın bu mövzudakı məqaləsini musavat.com saytından oxumaq olar: http://musavat.com/news/deputat-qaza-ve-isiga-qoyulan-limitin-legvinden-yazdi-muellif-meqalesi_608804.html

Deputat Fazil Mustafa ile ilgili görsel sonucu

Fazil Mustafa: “Görünür son vaxtlar ölkədə geniş yayılmış populizmdən qazanc götürmək kursundan Fəzail müəllim də yararlanmaq fikrindədir”

Deputat Fazil Mustafa həmkarının ona ünvanlı iradına cavab verib. O, özünün sosial şəbəkədəki şəxsi səhifəsində yazıb:“Görünür son vaxtlar ölkədə geniş yayılmış populizmdən qazanc götürmək kursundan Fazail müəllim də yararlanmaq fikrindədir. Mən əlbəttə, onun hər hansı fikrinə hörmətlə yanaşıram və burada hansısa neqativ məna axtarmaq niyyətindən uzağam. Hətta Fəzail müəllim öz populist izahında daha da irəli gedərək qazın və işığın bütün vətəndaşları üçün ödənişsiz olmasını təklif etsəydi belə, yenə də buna bir təklif kimi normal yanaşardım. Çünki təklif irəli sürmək bir hüquqdur və bizlər də bir millət vəkili olaraq öz hüquqlarımızdan istifadə edirik. Həm də öz təklifimdə daha realist və həlli mümkün olan varianta üstünlük vermişəm ki, müvafiq qurumlar öz qərarlarında düzəliş edərkən bir neçə alternativi gözdən keçirmək imkanı əldə etsinlər”. F.Mustafa daha sonra yazıb: “Allah etsin ki, qaz və işığı ümumiyyətlə pulsuz etsinlər, yaxud da Fəzail müəllimin arzuladığı kimi ümumiyyətlə, limiti qaldırsınlar, burada hay-küy qoparmaq üçün hansısa bir əsas yoxdur axı... İşdir birdən bizim söylədiyimiz realist varianta üstünlük verilərsə, (sözsüz ki, limitin tətbiq olunması barədə qərarda olduğu kimi, bu qərar da ənənəvi olaraq ölkə prezidenti ilə razılaşdırılaraq verilə bilər) o halda hörmətli Fəzail müəllim qeyd edəcəkmi ki, ölkə prezidenti öz keçirdiyi islahatların mahiyyətinə zidd qərar qəbul edilməsinə göz yumub? Əslində ölkə prezidenti bütün məsələlərə praqmatik yanaşması ilə tanınan siyasətçi olduğundan cəmiyyətdən gələn mesajları bizsiz də, Fəzail müəllimsiz də dəqiq oxuya bilir və ümid edirəm ki, vətəndaşların marağına uyğun ən doğru qərarı da verəcəkdir. Sonda vurğulamaq istərdim ki, qeyri - peşəkar iradlara rəğmən bundan sonra da səsləndirəcəyim təkliflərin populizmdən uzaq, reallığa uyğun və vətəndaşların maraqlarına cavab verən formada olmasına həmişə səy göstərəcəyəm”.

vahid ÉhmÉdov ile ilgili görsel sonucu

Vahid Əhmədov: “Biz populist çıxışlardan da uzağıq; son qərarı dövlət başçısı verəcək, bunu da unutmaq lazım deyil”

Deputat Vahid Əhmədov isə Musavat.com-a açıqlamasında bildirdi ki, hər bir millət vəkilinin fikirlərinə hörmətlə yanaşır: “Amma mən hər hansı bir məsələni ictimailəşdirəndə məsələləri hərtərəfli ölçüb-biçirəm, ciddi araşdırmalar aparıram, yalnız ondan sonra hər hansı məsələyə toxunuram. Limit ona görə tətbiq olunub ki, insanlar az ödəniş etsinlər, israfçılığa yol verib böyük vəsaitlər ödəməli olmasınlar. Ona görə də plenar iclasda Fazil Mustafa limitin iki dəfə artırılmasını təklif etdi”.

V.Əhmədov qeyd etdi ki, hazırda bu məsələlərin araşdırılması prosesində iştirak edir: “Biz bu məsələnin üzərində işləyirik, görüşlər keçirir, müzakirələr aparırıq. Şirkətlərin də özünün müəyyən arqumentləri var. Konkret olaraq Neft Şirkətinin və “Azərişıq”ın rəhbərliyi ciddi arqumentlərə malikdir. Məsələn, “Azəriqaz” rəhbərliyi deyir ki, əhalinin 70 faizi limit çərçivəsində qaz istehlak edir, yalnız 30 faiz limiti keçir. Elektrik enerjisinin istehlakında isə əhalinin 80 faizi limiti keçmir, cəmi 20 faiz limitdən artıq istifadə edir. Hər halda, bunlar rəsmi rəqəmlərdir və biz bu şirkətlərin arqumentlərinə ciddi yanaşırıq. Şirkətlərin arqumenti budur ki, limitin tətbiq edilməsi ödəmələrə də öz təsirini göstərəcək. Hazırda əhalinin həm qaza, həm də elektrik enerjisinə görə ödəmələrinin faizi yüksəkdir”. Bununla belə, V.Əhmədov bu məsələ ilə bağlı həssas yanaşmanın olduğunu xüsusi vurğuladı: “Biz millət vəkili olaraq daim əhali ilə işləyirik və yerlərdə vətəndaşların üzləşdikləri problemləri öyrənib ölkə rəhbərliyinə çatdırırıq. Odur ki, əhalini narahat edən məsələlər daim diqqətimizdədir, buna heç kimin şübhəsi olmasın. Biz daim həm dövlətin, həm də xalqın marağını nəzərə almışıq, bundan sonra da belə olacaq. Lakin biz populist çıxışlardan da uzağıq. Elektrik enerjisi və qazın limiti ilə bağlı son qərarı dövlət başçısı verəcək, bunu da unutmaq lazım deyil”.

Qeyd edək ki, Milli Məclisin son iclasında deputatlar Fazil Mustafa, Qənirə Paşayeva, Tahir Kərimli və digərləri limitin artırılması təklifi ilə çıxış etmişdilər. V.Əhmədov isə “Yeni Müsavat”a müsahibəsində deyib ki, əhalinin vəkiyyətini nəzərə alıb müəyyən güzəştlərə getmək olar.

Cavid TURAN,
Musavat.com

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar