Bakıda həmkəndlisi olan tələbəni qətlə yetirməkdə ittiham edilən gənc növbəti dəfə hakim qarşısına çıxarılıb. Məhkəmə iclasında hadisənin təfərrüatları məlum olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Rauf Murğuzovun cinayət işi üzə məhkəmə iclası keçirilib.
Hakim Rasim Sadıxovun sədrliyi ilə məhkəmə iclasında əvvəlcə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda yazılıb ki, təqsirləndirilən Raufla mərhum Elman Xəlilov arasında mübahisə qətl hadisəsindən bir gün əvvəl baş verib.
Belə ki, onlar birlikdə kafedə olan zaman Rauf bir qıza nömrə verib. Buna görə də əvvəlcə kafedə olan həmyerlisi Hikmət Raufa narazılığını bildirib. Bu mübahisəyə Elman da qoşulub. Rauf bu söhbəti rayonda da açacağını, Hikməti biabır edəcəyini deyib.
İttihamda yazılır ki, söhbətə müdaxilə edən mərhum Elman isə Raufa deyib ki, hamı hamının ailəsini yaxşı tanıyır. Ardınca isə o, Raufa "sənin də ailəndə "qrex" var" deyib. Bununla da onun bacısının boşanmasına eyham vurub.
Bu sözlərdən sonra Rauf Elmanı öldürmək qərarına gəlib. Səhər baş tutan görüşdə isə Rauf Elmana 9 bıçaq zərbəsi vurub.
Elman aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Rauf Murğuzova Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə maddələri ilə ittiham irəli sürülüb.
Elan olunmuş ittihamla Rauf özünü təqsirli bildiyini deyib. Hadisənin ittiham da yazıldığı kimi olduğunu söyləyən Rauf suallara cavabında bildirib ki, mərhumla hadisədən əvvəlki münasibətləri həmyerli kimi yaxşı olub.
Rauf qeyd edib ki, həmin sözlərdən sonra Elmanı öldürmək qərarına gəlib və bunun üçün də evdən bıçaq götürüb.
Məhkəmə iclasında mərhumun anası Nəsibə Xəlilova da iştirak edib. Xəlilova təqsirləndirilən şəxsə sual verib ki, oğlunu niyə öldürüb?
Rauf bu suala cavab verməyib.
Nəsibə Xəlilova söyləyib ki, kaş oğlunu öldürməzdi, şikəst edərdi, kor edərdi.
Daha sonra məhkəmədə təqsirləndirilən Raufun anası Mətanət Qafarova ifadə verib.
Qafarova söyləyib ki, oğlu hadisədən bir gün əvvəl evdə olanda xəstə olduğunu deyib: "Mən rayonda müəllimə işləyirəm. Həmin ərəfədə öz hesabıma məzuniyyət götürüb Bakıya gəlmişdim. Raufla bir evdə qalırdıq. Həmin gün Rauf dedi ki, xəstələnib. Kefi yox idi, yemək də yemirdi. Nə qədər soruşdumsa, heç nə demədi.
Səhəri gün mən Raufdan xəbər tuta bilmədim. Zəng elədim ki, harada olduğunu öyrənim. Zəngi başqa adam açdı, dedi ki, oğlum dava edib, polisə gətiriblər. Ora gedəndə polislər oğlumu dindirdi. Mən də orada idim. Rauf dedi ki, həmyerlisi Hikmətlə mübahisəsi olub. Sonra da Elman həmin mübahisəyə müdaxilə edib. Rauf kafedə olan bir qıza nömrə verib. Həmin qız da Hikmətin qrup yoldaşı olub. Qız Hikmətə deyib ki, sənin yerlin, Rauf gör nə edir? Hikmət də Raufa deyib ki, o mənim qrup yoldaşımdı, bacım kimidir. Bu da deyib ki, qız kafedə pivə içir, nə bilim nə. Buna görə mübahisə ediblər. Hikmət Raufdan qorxduğu üçün Elmana deyib. Elman da Raufla söhbət edəndə qızımla bağlı sözü deyib.
İndi Elman yoxdur, amma Hikmət var. Hikmət gəlib desin, görək, məni, qızımı tanıyır? Qızımın hansısa səhv hərəkətində yanında olub? Bu işin günahkarı Hikmətdir. Rauf həmin gün Hikmətlə görüşəcəkdi. Amma Hikmət görüşə gəlməyib".
Daha sonra mərhumun anası Nəsibə Xəlilova məhkəmədə ifadə verib. Söyləyib ki, bu işin günahkarı olan Hikmət də cəzalandırmalıdır.
"Mənim oğlum torpağın altındadır. Bu adam da burada. Hikmət isə universitetə gedir. Hikmət deyirmiş ki, özünü öldürəcək. Çünki Elmanı onun günahı üzündən öldürüblər. Həmin gün Raufla görüşə Hikmət getməli idi. Rauf Hikmətə zəng edib. Amma Hikmət qorxduğu üçün getməyib.
Əgər oğlumu yaralasaydı, bu adamı bağışlayardım. İmkan verməzdim ki, onu tutsunlar. Axı bir sözə görə adam öldürərdilər? Sənə də ona deyərdin. Vurardın, qolunu, ayağını qırardın. Mənə deyərdin, sizi barışdırardım".
Mərhumun anası təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib: "18 yaşlı oğlumu buna görə böyütməmişdim. Möhtərəm hakim, xahiş edirəm ki, bir anlıq özünüzü mənim yerimə qoyun. O zaman nə qərar versəniz, razıyam".
Məhkəmədə şahid qismində Məmməd Məmmədov da ifadə verib.
Hakim elan edib ki, bu hadisəyə görə Məmməd Məmmədov barəsində də ayrıca cinayət işi icraata ayrılıb. Buna səbəb isə onun hadisə barədə məlumatlı olub polisə xəbər verməməsidir.
Məmməd Məmmədov deyib ki, hadisə günü Rauf ona zəng edib: "Mənə dedi ki, Elmanı öldürəcək. Açığı, mən buna inanmadım. Dedim ki, mən gəlib söhbəti həll edəcəm, sən heç kimlə danışma. Elmanı da, Hikməti də tanıyırdım. Rauf isə mənim əmimin nəvəsidir. Raufu başa salandan sonra dedim ki, evə get. Mənə dedi ki, yaxşı. Onda mən rayonda idim. Gecə evlərinə getdim ki, anasına deyim. Amma anası da Bakıya getmişdi. Telefonunu da bilmədiyim üçün xəbər verə bilmədim".
Rauf da bunu təsdiqləyib. O deyib ki, Məmmədə evə gedəcəyini deyib. Daha sonra Məmməd onların evinə gedib, ancaq qapını açan olmayıb.
Məmməd Məmmədovdan niyə polisə məlumat verməməsi soruşulub. Şahid deyib ki, Raufun dediyini edəcəyinə inanmayıb və düşünüb ki, Rauf söz verdiyi kimi onun Bakıya gəlməyini gözləyəcək.
Məhkəmə iclası mayın 3-də davam etdiriləcək.
Qətl hadisəsi ötən ilin dekabr ayında Bakının Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında baş verib.
Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.
Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.
Xatırladaq ki, qətlə yetirilən E.Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən R.Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi idi.