Orta məktəblərdə tədris yükünün ağır olması təhsil sisteminin ən vacib problemlərindən biridir.
Tədris yükü nə qədər ağır olsa da, qəbul imtahanlarında əldə edilən nəticələr şagirdlərin heç də dərsləri lazımı qaydada mənimsəmədiyini deməyə əsas verir. Digər tərəfdən isə son günlərdə orta məktəbdə baş verən hadisələr ümumtəhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmadığını göstərir. Hər iki məsələdə qonşu Gürcüstanda önəmli islahatlar aparılıb.
Qonşu ölkədə ötən ilin əvvəlindən bu vaxtadək tətbiq edilən dəyişikliyə görə, 1-6-cı sinif şagirdəri çəkisi daha az olan dərsliklərlə təmin olunub. 2-3-cü sinif şagirdləri üçün dərsin müddəti 5 dəqiqə azaldılaraq 40 dəqiqə, 1-ci sinif üçün isə 35 dəqiqə olub.
Gürcüstanda tətbiq olunan digər təhsil islahatına görə, məktəbin əksər güşələrində - dəhlizdə, otaqlarda, həyətdə, yeməkxanada, kitabxanada, zallarda videokameraların quraşdırılması məcburidir. Məktəbə giriş də istisnasız olaraq hamı metal detektor ilə yoxlanılır. Bütün məktəblərdə psixolqlar var və onlar "problemli" uşaqlarla işi aktivləşdiriblər. Polis məktəblərdəki pristavlarla daha fəal ünsiyyət saxlayır.
Müvafiq islahatların Azərbaycan məktəblərində həyata keçirilməsi mümkündürmü?
Azərbaycan Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü “Cümhuriyyət” qəzetinə açıqlamasında bildirib ki, “Təhsilin İnkişafı üzrə Dövlət Srategiyası”nda da tədris yükünün yüngülləşdirilməsi, kiçikhəcmli dərsliklərin hazırlanması nəzərdə tutulur:
“Nədənsə bunlar hələ ki, masa üzərində qalmaqdadır. Türk liseyləri var ki, onlarda dərslərin müddəti 40 dəqiqədir. Eləcə də dərs saatının saat 8.00-da deyil, bir qədər gec başlaması ilə bağlı təcrübələr var. Çantalar həqiqətən çox ağır olduğu üçün dərsliklərin daha kiçikölçülü hazırlanması da zəruridir. Müşahidə edirik ki, hər uşağın yanında çantasını daşımaq üçün bir valideyn gedir. Dərs saatlarının, həftəlik dərs yükünün ağır olması uşaqların fiziki-psixolioji sağlamlığına təsir edən amillərdir. Elə məktəblər var ki, hətta həftədə 6 gün dərs günüdür”.
Məlahət Mürşüdlü qeyd edir ki, bu məsələlərin həyata keçirilməsi ciddi problem deyil:
“Hesab edirəm ki, Təhsil Nazirliyi yavaş-yavaş bu islahatları həyata keçirəcək. Tədris planları, proqramlar dəyişilməlidir. XXI əsr informasiya bolluğu əsridir. Hər bir informasiyanı, tarixi həqiqəti dərsliyə yerləşdirmək olmaz. Proqramların sıxlaşdırılması, uşaqların yaş səviyyəsinə uyğunlaşdırılması üçün mütəxəssislər işləməlidir. Bürokratik əngəllər bu islahatların həyata keçirilməsinin qarşısını alır. Bunların həyata keçirilməsi üçün ciddi problem görmürəm”.
Müəllimlər Birliyinin rəhbəri bildirib ki, Azərbaycan məktəblərində bəzi təhlükəsizlik məsələləri nəzərdə tutulur:
“Kameraların quraşdırılması çox vacibdir. Bu məsələdə təhsil sturukturularımız çox geridə qalırlar. Hətta Bakı şəhərindəki məktəblərin çoxunda belə siniflərdə kameralar quraşdırılmayıb. Təhlükəsizlik məsələləri ilə bağlı tam texniki təhcizatla təmin olunan məktəblərimiz yoxdur. Bunun üçün maliyyə və istək lazımdır. Baş verən hadisələrdən sonra bu məsələdə istəyin olması xüsusilə vacibdir. Məmurlarımız bunu istəsələr, maliyyə tapmaq olar. Bu həm müəllim, həm şagird, həm də idarəçinin məsuliyyətini artırır. Bunu etməmək üçün hər hansı bir bəhanə görmürəm”.
Xatirə Nəsirova
Cebhe.info