Şəmşad Ağa
Praqa - kilsələr, məbədlər, qəsrlər şəhəri
Burada az qala hər küçədə kilsəyə rast gəlinir. Orta əsrlər Avropasının inkvizisiya - cəza aparatı rolunu oynayan kilsələr indi bu ölkələrdə mədəni abidəyə, daha dəqiq desək, tarixin mühafizə qalalarına çevrilib.
İlllərdir ki, burada kilsə zəngləri də itaətə çağırmır. Artıq tarix "itaət dövrü"nü keçmişdə salıb-itirib.
Cordano Brunonu, Yan Qusu, Janna Darkı və s. diri-diri tonqalda yandıran kilsələr Avropanın "qaranlıq" keçmişindən çağdaş tarixinə işıq saçır. Milyonlarla turisti ölkəyə cəlb edən bu abidələr həmin abidələrdir ki, bir vaxtlar Yan Qusu fikirlərindən imtina və tövbə etməyə dəvət edirdi.
Bəli, 1415-ci ilin 6 iyununda kütlənin qarşısıda yandırılaraq edam edilən və külləri Ren çayına səpilən Qus və onun kimi yüzlərlə insanın küllərindən yaranan çoğrafiyadır Avropa...
Onun bügünkü möhtəşəmliyi və bizlər üçün nümunəyə çevrilməsi də təsadüfi deyil, məhz bu tarixi gerçəkliklərdən doğub. Artıq indi kilsələr yalnız tarix olaraq ucalıqda dayanır, hətta heç kəs kilsədən hündür bina tikə bilməz. Avropada "ateistlər ölkəsi" kimi tanınan Çexiyada da tarix kilsə adı ilə ölkənin başı üzərindədir...
Heç hər gün yoxa çıxan və sayı 3 minə düşən çexləri bu coğrafiyanın bir parçasına çevirən Yan Jijkadan - "müdhiş kor"dan da 7777 dəlisi olan gözəl vətəndaş - Koroğlu düzəltməyə ehtiyac yoxdur...
Çexiya - bura Kafkanın vətənidir...
Frans Kafka - ömrü "Qəsr" axtarışında keçsə də, bir gecəyə yazdığı əsər kimi ölkəsi "Çevrilmə"yə məhkum idi. Əslində, Kafka xəyali bir qəsr axtarışında olsa da, "Qəsr"in motivi qəsr axtarışı deyildi, qəsrdən, kilsədən, məbəddən qurtuluş idi və nəhayət, bir vaxtlar dostları və ətrafındakılar üçün müəmmalı olan bu "qəribə adam"ın ölkəsi qəsrdən qurtula bildi...
Öləndə dostu Maks Broddan xahiş etmişdi ki, "Məhkəmə", "Qəsr" və "Amerika" romanlarını məhv etsin, lakin Maks onun vəsiyyətinə əməl etmədi, Kafkanın ölümündən sonra əsərlərini çap etdirdi. Bəlkə də, Maks Brod olmasaydı, "ədəbiyyata dəxli olmayan hər şeyə nifrət edirəm” deyən bu adam öz "qəsr"inin qaranlığında əriyib yoxa çıxacaq, qəhrəmanları kimi sürrealist bir heçliyə yuvarlanacaq, "Milenaya məktublar"ı da "cavabsız" qalacaqdı...
Mənə görə, ədəbiyyat reallıqların xəyali təsvirə çevrilməsidir. Kafkanın da xəyali təsviri qəsrdən qaçış idi... Onların xəyali qaçışı ədəbiyyatı da mühasirədən xilas etdi, klerikal ədəbiyyat ifadəsi yalnız kitablarda qaldı...
***
Praqada Kafkanın muzeyini ziyarət etdik. Muzeyə daxil olmaq üçün ödəniş 200 çex kronudur. Yalnız uşaqlar və təqaüdçülər 80 kron ödəməlidirlər. Amma jurnalistlərə giriş sərbəstdir. Muzeydə isə Kafkanın əlyazmaları, kitaba yazdığı avtoqraf, Melenaya məktubların əlyazması və kitabları, şəkilləri, həmçinin digər Avropa mütəfəkkirlərinin əsərləri var.
***
Qayıdaq Çexiyanın tarixinə. Müstəqilliyi Azərbaycandan 1 yaş kiçik olan bu ölkə 2004-cü ildən Avropa İttifaqının üzvü, Şengen zonasına daxildir. Ağaoğlunun təbirincə desək, "Sərbəst insanlar ölkəsi"dir.
Fərqimiz təkcə bunda deyil, aramızda həm də böyük bir uçurum var. Dediyim kimi, fərqimiz həm də odur ki, onlar Kafka yetişdirdilər, biz Hafka...
Kafkanın muzeyi
Maks Brodun Kafka haqqında yazısı
Yazdığı avtoqraf
Milenaya məktublar