Dinin tədrisi: Deputat razı, elmi işçi narazı, partiya sədri hazır - FƏRQLİ BAXIŞ

30-04-2019, 16:36   


Dinin tədrisi: Deputat razı, elmi işçi narazı, partiya sədri hazır - FƏRQLİ BAXIŞ

Azərbaycandakı təhsil müəssisələrində dini dərslərin keçiləcəyinə dair xəbər yayılıb. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, gələn ilin sentyabrından bütün ali və orta məktəblərdə İslam dini, eləcə də digər dinlər haqqında icbari dərs keçiriləcək. Tələbələr həmin dərslərdən imtahan verəcəklər. Dini tədrislə bağlı dərsliklər də hazırlanıb. Təhsil Nazirliyi həmin dərslikləri Dövlət Komitəsinə göndərib. Bütün orta məktəblərdə tədris proqramlarına geniş şəkildə İslam dini haqqında məlumatlar əlavə edilib. İslam şagirdlərə orta məktəbdə aşağı siniflərdən öyrədiləcək. 

Ancaq çox keçmədən Təhsil Nazirliyi ali və orta məktəblərdə dini dərslərin keçiriləcəyi ilə bağlı xəbərə münasibət bildirib. Bildirilib ki, 2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərindən istifadə etməsi nəzərdə tutulur. Həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb. Hazırda istifadə olunan “Həyat bilgisi” dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Amma təhsil ocaqlarında dini dərslərin keçiriləcəyi məsələsini birmənalı qarşılamayanlar da var. Əks fikirlərlə çıxış edənlər dini dərslərin hansı aspekdə tədris olunacağının açıqlanmasını tələb edirlər. 

Mövzu ilə bağlı Cebhe.info-ya danışan millət vəkili Fazil Mustafa deyib ki, əslində ictimaiyyətə bu məsələnin izahı fərqli verilməlidir: 

“Burada heç bir qəbahət yoxdur. “Multikulturalizm” və “Həyat bilgisi” adı altında dinin mahiyyətinin anlaşılması vacibdir. Hesab edirəm ki, təkcə dindən söhbət getməməlidir. Həm də ateizmdən müəyyən qədər məlumatın verilməsi vacibdir. Uşaqları bütünlüklə bu sferaya aid olan bilgilərlə tanış etmək lazımdır. Təkcə İslam dini tədris olunmamalı, digər dinlər barədə də məlumatın verilməsi uşaqların bilik səviyyəsini yüksəldə bilər. Təbii ki, ayrıca İslam dininin mahiyyəti barədə məlumat verilməlidir. Qətiyyən dinlər tarixində olan mübahisələr və hər hansı konfliktlər mövzusuna toxununlmamalıdır. Daha çox dinin mesajları, əsas istiqamətləri, Peyğəmbərin həyatı ilə bağlı epizodlar və onun müəyyən proseslərdə aldığı qərarlar öz əksini tapa bilər. Bunlar hamısı insanlarda ilkin dini bilgilərin formalaşmasına gətirib çıxarar. Sonradan insanlar daha çox bilgi əldə etmək istəsələr, onlar üçün xüsusi ixtisaslaşmış qurumlar, dini təhsil müəssisələri var ki, ora yönələ bilərlər. Bütövlükdə hər hansı bir şəkildə ölkənin dünyəvi modelinin alternativi kimi anlaşılmamalıdır. Konkret olaraq “Multikulturalizm” və “Həyat bilgisi” formatı altında dinin tədris olunması normaldır”. 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün təhsil ocaqlarında dinin tədrisinə başlanılmalı idi: 

“Bu, xeyli gecikmiş məsələdir. Əgər o vaxtdan bizim təhsil ocaqlarımızda din tədris olunsaydı, heç bir dini təriqət və məzhəb Azərbaycanda at oynada bilməzdi. Çünki onların işi bəzi insanları yalnış fikirlərlə çirkin yola sürükləməkdir. Bu baxımdan, dövlətçilik aspektindən dini tədris vacibdir. Vətəndaşlara dinin hansı sferasının təbliği məsələsi də vacibdir. “Qurani-Kərim”in və İslam dəyərlərinin Azərbaycanda düzgün təbliği ölkədə millətin birləşməsi üçün olduqca vacibdur. Müəyyən ateist insanlar var ki, İslam dini haqda səhv fikirlər söyləyirlər. Amma dinin çox böyük inqilabi gücü var. Bundan səmərəli istifadə etsək, Azərbaycan həm xarici ölkələrin təsirindən azad olar, həm də ölkəmiz dinin verdiyi imkanlardan istifadə edib gözəl və ədalətli cəmiyyət , kamil vətəndaş yetişdirə bilər. Dinlə bağlı özümün də tədqiqatlarım var. Bu məsələdə hər cür dəstəyə hazıram”. 

AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Siyasi nəzəriyyələr” şöbəsinin aparıcı elmi münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Şahin Bağırovun sözlərinə görə, dinin orta məktəblərdə tədrisi dünyəvi dövlətlərə xas deyil: 

“Din dövlətdən ayrıdır. Həm də dini-mistik dünyagörüşü bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan toplumunda da kifayət qədər intişar tapıb. Məncə, buna ehtiyac yoxdur. Əslində təhsil müəssisələrində din tədris olunur. Fəlsəfə dərslərində bütün dinlər haqqında məlumat verilir. Yetər ki, sanballı pedaqoqlar bunları tədris etsin. Qaldı İslam dininə, mollalara da “müəllim” dedizdirmək istənilirsə, onda bu başqa məsələ... Bunun əvəzində orta məktəblərdə hərbi dərslərin saatı artırılmalı, şagirdlərə müasir silahlar -tank, top, avtomat barədə biliklər verilməli, vərdişlər aşılanmalıdır. Əlavə ixtisaslaşdırılmış idman dərsləri - futbol, şahmat i tədris olunsa, yaxşıdır”. 

AMEA-nın elmi işçisi hesab edir ki, Azərbaycanda din dərslərinin tədris olunduğu xüsusi məktəblər fəaliyyət göstərə bilər: 

“Heç kim kafir deyil, heç kim Allahını danmır və heç kim də dinin əleyhinə deyil (ateist dünyagörüşlülər istisna olmaqla). Sadəcə dini dərslərin keçirilməsi üçün ayrı-ayrı xüsusi məktəblər nəzərdə tutula, kim istəyirsə, gedib öyrənə və təhsil ala bilər. Vicdan azadlığı Azərbaycan Konstitusiyası ilə təsbit olunub, hətta ölkəmizdə İlahiyyat İnstitutu da fəaliyyət göstərir. Heç kimin fikrinə hörmətsizlik etmək lazım deyil. Əməllərinizlə Allahı sevdiyinizi nümayiş etdirin. Dünyəvi dövlətlərdə dünyəvi elmlərin öyrənilməsi həyata keçirilən məktəblərdə bunun nə qədər ağılabatan olması şübhə doğurur. Malı mala qatmayaq, orta məktəb uşağına dünyəvi elmlərin öyrənilməsi daha vacibdir, nəinki mistik dünyagörüşü aşılanması...” 

Alçina Amilqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar