Ergün Diler
“Takvim”, Türkiyə, 30 aprel 2019-cu il
Nə Çin, nə də “İpək yolu” bir gündə meydana gəlməyib. Bu, əlbəttə, bir prosesdir, dünyanın orbitini dəyişdirmək istəyən ağılın məhsuludur. Axşamdan səhərədək olan bir iş deyil. Ancaq bu, inanılmaz incə hesabların, müdhiş balansların nəzərə alındığı bir modeldir. 65 ölkə bu işin içində olacaq.
Bu yolla pul da, enerji də, mal da hərəkət edəcək. Günün sonunda itirən ABŞ olacaq. Təbii, belə davam edərsə.
Bütün mübarizə də belə davam etməməsi üçündür.
Dava-dalaşın görünən tərəfi əkiz qüllələrə (Nyu York – tərc.) hücum idi. Bundan sonra ABŞ İraq və Əfqanıstana girdi. Məqsəd Çinin enerji əldə etməsinin qarşısını almaq idi. ABŞ enerjiyə nəzarət edərək mümkün böyük rəqibini mühasirəyə almaq istəyirdi. Yəni, Çin ABŞ-ın istədiyi qədər istehsal edəcək, onun istədiyi qədər qazanacaqdı. Çinin enerji əldə etməsinin qarşısının alınması eyni zamanda onun oyun qurmasının önünə də sədd çəkəcəkdi. Yəni, şahmat oynanılırdı.
Bu mübarizədə iki aktyor – enerji kranını Çinə təslim edən İran və irəliləyişə əngəl olma ehtimalı olan Türkiyə çox önəmli idi. Çin enerjiyə çıxış əldə etsə də, Türkiyə veto qoyduğu an sıxıntı yaşardı. Bu da aydın şəkildə ortada idi.
Səudiyyə Ərəbistanı faktoru da önəmli idi. Xaşuqci da bu səbəblə – səudlar bir yerə gedə bilməsin, Çinlə yaxınlaşmasın deyə ortadan qaldırıldı.
Sudandakı çevriliş də hesaba daxil idi. Məqsəd “İpək yolu”nun Afrika ayağında Çinə kəm vurmaqdı. O da edildi.
“İpək yolu”nun əməliyyat mərkəzi London idi. Ağıl orada idi. İngilislər həm Çini böyüdür, həm ABŞ-ı tormozlayır, həm də Orta Şərqdə oyun qururdu.
“Dəmir ipək yolu” ilə Çindən İngiltərəyə gedən qatar 12 min km məsafə qət edirdi. Pekin və London birləşirdi. Moskva ilə Ankaranı da bu oyuna, bu marşuruta daxil etdikdə, çöldə qalan sadəcə ABŞ olurdu. Bu səbəblə qurulan model ya İran, ya da Türkiyə üzərindən pozulmalı idi. Qarşıdakı ağıl hadisəyə belə baxırdı.
Üstəlik, Ankara Moskva ilə yan-yana, “İpək yolu”nun içində, lakin Rusiya ilə birgə hərəkət etmək istəyirdi. Bu, ABŞ və İngiltərə mərkəzli cərəyanların heç birinin istəmədiyi bir addım idi. Çünki Türkiyənin müdafiəsiz qalması hər zaman müştəri cəlb edirdi. S-400-lərin alınması Türkiyə mərkəzli əməliyyatları çətinə salacaqdı. Quru və dənizdə deyil, lakin havada təhlükəsizlik açığımızın olması məlum bir “sirr”dir. Türkiyə bunu Çinlə qapatmaq istədi, mane oldular. İndi bunu Rusiya ilə edəcək. Bu yay təslimat olacaq. O vaxta qədər də bizə qarşı olanlar qapıya dayanacaqlar. Türkiyənin seçdiyi marşurutdan şikayətçi olanlar əllərindən gələni edəcəklər. Bu, məlum deyilmi? Əlbəttə, məlumdur.
Rusiya ordusunun xor ansamblını daşıyan təyyarəni kim necə düşürdüsə, rus hərbi təyyarəsini Suriyada Türkiyə adına kim necə vurdusa, həmin güclər yenə oxşar hücumlar edəcəklər. İqtisadi baxımdan da əllərindən gələni edəcəklər. Həm də heç düşünmədən. Edə bilərlərmi? O, ayrı məsələdir. Lakin qəti olaraq bunu yoxlayacaqlar.
Günlərdir Qərb mətbuatı Türkiyənin pulunu, maliyyəsini özünə dərd edib. Çünki haradan baxırsınız baxın, Türkiyə və İran qəti olaraq böyük oyunun böyük oyunçularıdır.
Ötən ilin may ayında ABŞ Senatının Gina Haspeli MKİ direktoru təsdiq etməsinin iki səbəbi vardı. Səbəblərdən biri Türkiyə, digəri də İran idi. Bu məsələnin üzərində çox durmasam da, yazdım. Altını qalın xətlə cızdığım nöqtələr vardı. Onları paylaşdım. Türkiyə və İran Haspelin mütəxəssis olduğu sahələrdir. ABŞ da yeni dövrdə təsirli olması üçün Türkiyə və İranda uduza bilməzdi. Bu səbəblə, Senatın bunu anlamayan bir neçə üzvü razı salındı.
2018-ci ilin oktyabrında Haspelin Türkiyəyə səfər etməsindən öncə maraqlı bir hadisə oldu. İranda da çox nüfuzlu olan bir türk iş adamı (əslində, hamının tanıdığı) ilə 3 saata yaxın bir görüş keçirən Haspel, çox məmnun halda Vaşinqtondan Türkiyəyə uçdu.
Bu iş adamı kim idi? Bilmirəm. Kim ola bilər ki? Birlikdə düşünək, baxaq. Türk iş adamının İrandakı investisiyalarının da Vaşinqtondan idarə edildiyini nəzərə alsaq, Haspel doğru adamla görüşmüşdü.
Haspel MKİ direktoru olmadan öncə hazırladığı hesabatda Türkiyə ilə İranın eyni tərəfdə ola bilməyəcəyini detallı şəkildə göstərirdi. Hesabatda qeyd edilirdi: “Türkiyə və İran nə qədər eyni tərəfdə olan kimi görünsə də, bunu pozacaq həmlələrin edilməsi çox çətin deyil”.
Məlum idi ki, Suriya və məzhəb fərqlilikləri qaşınacaq. Çünki hesabatdakı detallarda bunlar vardı.
Haspel Türkiyədən ayrılan zaman təyyarəsində çox özəl bir şəxs vardı. Bu şəxs vaxtilə İran kəşfiyyatına işləmiş, amma indi Vaşinqton adına hərəkət edirdi. İrana giriş izni olmayan bu şəxs də Haspelin illərdir inandığı adamdır. Bu şəxs Haspel Vaşinqtondan Türkiyəyə uçan zaman da təyyarədə idi. Aydındır ki, Haspelin Vaşinqtonda görüşdüyü türk iş adamının və əvvəllər İran kəşfiyyatında işləyən bu şəxsin verdiyi məlumatlar MKİ direktorunu daha da gücləndirirdi. Çünki hesabat onların verdiyi “töhfələr” nəzərə alınaraq hazırlanırdı.
Haspel uğursuzluğu sevməyən biri kimi tanınır. Ancaq onun bu məsələdə özünü ailəsindən birini “xərcləyə biləcək qədər” işə qapdırdığı çox da bilinmir. Bu səbəblə, Haspelə MKİ-nin gələcəyini dəyişdirəcək şəxs olaraq baxılır. Və hədəfində Türkiyə və İran vardır.
Nə edər, nə edə bilər? Bilmirəm. Lakin həmlələr bu iki ölkə üzərindən gələcək. Həm bu ölkələri yanlarına alacaqlar, həm də Çinə və “İpək yolu”na nəzarət edəcəklər. Bu, müharibə oyunudur.
Önəmli olan odur ki, bizim qapımıza necə dayanacaqlar? AKP-yə yaxın, ancaq ona müxalif bir hərəkata start verilə bilərmi? Mümkündür. Maliyyə əməliyyatı üçün buradakı pul sahibləri və xaricdəkilər ortaq hərəkət edə bilərmi? Bu da mümkündür.
Ancaq Türkiyə də əvvəlki Türkyə deyil. Əvvəlki kimi kövrək deyil. Qarşılarında yoluna döyüşərək davam edən böyük bir dövlət var.
Məncə, ABŞ bunu hər kəsdən yaxşı görməkdədir.
Ayrıca, London da siyasi hərəkatlar və ya maliyyə oyunları üçün həmlə etməyi yoxlayacaqdır. Hədəf, əlbəttə, Ərdoğan və AKP-dir.
İstanbul seçkilərinin taleyi dəqiqləşsə, hər şey aydınlaşacaq. Hər şey daha aydın görünəcək. Şifrə “İstanbul”dur.
Rus mafiyasının İstanbulda toplanmasını da hesaba qatmalıyıq. 30 mafiya lideri burada toplanaraq kimə, nə mesaj verdi? Kimlər Rusiya-Türkiyə ittifaqına qarşıdırlar? Və nə üçün? Düşünək. Bunları yan-yana gətirərək düşünək…
Qeyd: Qlobal güc balansını anlamağa yarayan həmlələr var. Rotşild ailəsinin Çinlə əməkdaşlığına dair çox önəmli iddialar oldu. Çində bu ailənin çox güclü olması ilə bağlı müxtəlif mənbələrə dayanan hesabatlar hazırlandı. Ancaq Rotşild ailəsinin özü susdu. İndi ilk dəfədir ki, bunu dünyaya açıqlamağa hazırlaşır.
4 iyul tarixinin ABŞ üçün önəmini bilməyən yoxdur. Həmin tarixdə Ceykob Rotşild (Jacob Rothschild), bir zamanlar Avropa hökmdarlarının sahib olduğu çoxsaylı mebel və əl sənəti əsərlərini Londondakı Kristi (Christie`s) auksionunda hərraca çıxaracaq. Əslində, bu satış formal göstəriş üçündür. Çünki 54 parçadan ibarət olan bu xüsusi antikaların yeni sahibi “Huawei”nin patronu Ren Çjenfey (Ren Zhengfei) olacaq. Yəni, Ceykob Rotşild Çinlə olan dostluğunu“Huawei” üzərindən nümayiş etdirəcək.
Yaxşı, bəs “Huawei”nin patronunun qızını kim girov götürmüşdü? Harada götürmüşdü? Və nə etmişdi?
Beləliklə, ABŞ və Rotşild ailəsi qarşılıqlı həmlələr edir. Dünya budur.
Tərcümə Strateq.az-ındır