İŞİD liderinin əlindəki “Türkiyə vilayəti” dosyesinin sirri...

2-05-2019, 16:38   


Xəbər verildiyi kimi İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin  5 illik fasilədən sonra ilk dəfə videosu yayılıb. Təbliğat məqsədi daşıyan və bu günlərdə çəkildiyi müəyyən edilən videokadrlarda maraqlı detal var-Bağdadi əlində dosye tutub və həmin dosyenin üzərində ərəbcə “Türkiyə vilayəti” sözləri yazılıb.

Bəs bu dosyenin sirri nədir və İŞİD lideri “Türkiyə vilayəti” ilə hansı mesajları vermək istəyirdi?

Virtualaz.org xəbər verir ki, BBC-nin təhlükəsizlik müxbiri Frenk Qardner Bağdadinin görüntülərinin “Əl-Qaidə”nin keçmiş lideri Üsəma bin Ladenin videolarını xatırlatdığını deyir. Qardnerin fikrincə Bağdadi bu videorliklə İŞİD-in hələ tükənmədiyini və cihadı davam etdirəcəyini çatdırmaq istəyir.


Qardner deyir ki, Bağdadinin əlindəki “Türkiyə vilayəti” dosyesi İŞİD-in Türkiyədə fəaliyyətini gücləndirə biləcəyini təxmin etməyə əsas verir. “İŞİD daha əvvəl Türkiyədə öz rəsmi varlığını elan etməmişdi. İndi isə İŞİD tərəfdarları onun əlindəki dosyedən ruhlanaraq sosial şəbəkələrdə çoxsaylı paylaşımlar ediblər”-o bildirir.

Türkiyəli ekspert Abdullah Ağar da deyir ki, İŞİD-in “Türkiyə vilayəti” dosyesi ilk dəfə görünür. Onun sözlərinə görə, İŞİD daha əvvəl Türkiyənin ərazisini “xilafət”in tərkibində 3 hissəyə bölmüşdü-cənub-şərq ərazilərini “Kürdüstan”, şimal bölgələrini “Qafqaz”, geri qalanını isə “Anadolu” vilayəti olaraq göstərmişdi. İndi isə görünən odur ki, onlar “birləşdirilib”, vahid “Türkiyə vilayəti” kimi nəzərdən keçirilir. “Bu videoda Türkiyə təhdid edilir. Bu, rəsmən bir şantaj videosudur”-Abdullah Ağar yerli KİV-lərə açıqlamasında deyib.

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar