ŞƏFƏQ AĞACAN HƏBS OLUNMASI İLƏ BAĞLI AÇIQLAMA YAYIB – Xüsusi əməliyyat (Yeniləndi)
3-05-2019, 16:55
Xəbər verdiyimiz kimi, dünən ölkə mediası Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacanın (Şəfəq Ağabalayeva) narkotik alveri ilə məşğul olduğuna görə həbs edildiyi barədə xəbər yayıb. Xəbərdə qeyd edilir ki, 1976-cı il təvəllüdlü Şəfəq Ağacan Nərimanov rayonu ərazisində marixuananı satarkən yaxalanıb. Şəfər Ağacan hadisə ilə bağlı açıqlama yayıb. O bildirib: “Öncəliklə bütün dostlarım və xalqıma demək istəyirəm ki, mənim gecəm də, gündüzüm də xeyir içində deyil! Məni yaxından, ictimaiyyətdən tanıyan hər kəs necə bir qadın və insan olduğumu çox yaxşı bilir. Mənə işçi olaraq gördüyüm və düşünürəm ki, yanıma planlı yerləşdirən bir nəfərin yardımıyla böyük bir böhtan atılıb və şərlənmişəm. Bunu demək istəyirəm ki, bu günə qədər ayağımda, qolumda qüvvət olduqca, bacardığım qədər xalqımın problemlərinə qaçmış və həll etməyə çalışmışam. Bu gün mən hərəkət edə bilmirəm və xalqımın mənə dəstək olmasını istəyirəm. Hazırda üzərimə oynanan “möhtəşəm ssenari”nin qurbanı olmaq istəmirəm. Xalqım üçün, vətənim üçün mübarizə aparmaq mənim bir Azərbaycan xanımı kimi borcumdur. Mən həmişə “Narkomaniya” bəlasına qarşı mübarizə aparan biri olmuşam. Azərbaycan qızı, ana olaraq bir çox işlərə imza atmışam. 03.05.2019 tarixində saat 10:00 radələrində məhkəməm olacaq, məni tanıyan hər kəsdən istəyim və xahişim məni tək qoymasınlar, tanımayanlar isə fəaliyyətimlə maraqlansınlar və qərarlarını versinlər. Hər şeydən öncə mən bir Azərbaycan anasıyam. Uzun müddətdir xəstəlikdən əziyyət çəkirəm və səhhətim yerində deyil. Bir daha səslənirəm ki, mənə atılan bu iyrənc böhtana qarşı saat 10.00-da Xətai rayon Məhkəməsində hər kəsin mənə dəstək olmasını gözləyəcəm. Gələ bilənlərə və gəlmə imkanı olmayan dəstəyi, ürəyi mənimlə olan hər kəsə indidən minnətdarlığımı bildirirəm! Hörmətlə, Şəfəq Ağacan”. ***
Ötən gün Bakının Nərimanov rayonunda narkotik vasitə satmaq istəyərkən polis tərəfindən saxlanılan Şəfəq Ağacan (Ağabalayeva) bu gün məhkəmə qarşısına çıxarılacaq. ONA-nın verdiyi xəbərə görə, bununla bağlı bir qədər əvvəl Şəfəq Ağacanın şəxsi “Facebook” səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, məhkəmə iclası Xətai rayon Məhkəməsində keçiriləcək. Qeyd edək ki, Şəfəq Ağacanın adından paylaşılan yazının şərh bölümündə “Facebook” istifadəçilərindən biri onunToma İsmayılova adlı qadın tərəfindən böhtana məruz qaldığını iddia edib. İstifadəçinin bildirdiyinə görə, T.İsmayılova özünü keçmiş ANS televiziyasının əməkdaşı kimi təqdim edərək, Ş.Ağacanın təsisçisi olduğu “Bakupress” xəbər saytında işləməyə başlayıb. Xatırladaq ki, jurnalistin saxlanılması barədə xəbər ilk olaraq ONA xəbər agentliyində yayımlanıb. Xəbərdə qeyd olunub ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb. Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib. *** Bakıda narkotik alveri ilə məşğul olan qadın jurnalist tutulub. ONA-nın əldə etdiyi məlumata görə, Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ötən gün paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb. Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva)olması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.azpolitika.info