Azərbaycan dini kadrlarını özü hazırlayacaq: Dərslər kimə etibar ediləcək? - Komitə açıqladı

3-05-2019, 17:05   


Azərbaycan dini kadrlarını özü hazırlayacaq: Dərslər kimə etibar ediləcək? - Komitə açıqladı

Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində kolleclər (mədrəsə) fəaliyyət göstərəcək. 

QMİ sədrinin müavini Hacı Fuad Nurullayev deyib ki, dini təhsil müəssisələri 2, yaxud 4 illik olacaq: 

“Həmin kolleclər QMİ-nin tabeliyində olan məscidlərin nəzdində fəaliyyət göstərəcək. Ona görə də kolleclərin fəaliyyətə başlaması məsələsi artıq gündəmdədir. Hazırda bizim bir neçə mədrəsə və kurslarımız var. Amma respublika üzrə 10-a yaxın kollec tipli təhsil müəssisənin açılması nəzərdə tutulur. Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci və Naxçıvan İslam Kolleci fəaliyyətə başlayacaq. Çünki bu gün fəaliyyət göstərən mədrəsə və kurslarımızın sayı qaneedici deyil”.

Maraqlıdır, yeni dini kolleclər ölkədə hansı dini modellərin tətbiqinə təkan verəcək?  Ümumiyyətlə, bu addım Azərbaycanı xaricdən və daxildən din adı altında gizlənən qrupların təzyiqindən qoruyacaqmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Cebhe.info-ya bildirib ki, siyahıda göstərilən kolleclərin bir hissəsi uzun illərdir fəaliyyət göstərir: 

““Açılacaq” ifadəsini həmin kolleclərin hamısına şamil etmək olmaz. Faktiki olaraq üç kollec - Bakı Şəbnəm İslam Kolleci, Zaqataladakı Əliabad İslam Kolleci və Şəki İslam Kolleci 90-cı illərdən fəaliyyət göstərir. Elə fikir yaranmasın ki, bu kolleclərin hamısı gələcəkdə fəaliyyət göstərəcək. Digər islam kolleclərinə gəlincə isə onların da gələcəkdə fəaliyyət göstərməsi məsələsi var. Bütün bunların hamısının məqsədi ondan ibarətdir ki, Azərbaycan xalqı və dövlətinin milli maraqlarını bilən, bu istiqamətdə çalışan, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinə sadiq olan, bu dəyərlərə hörmətlə yanaşan, qoruyan və təbliğ edən yüksək səviyyəli din xadimləri yetişdirməkdir. Niyyət həm də ondan ibarətdir ki, din xadimlərimiz kənarda yox, Azərbaycanda oxusunlar”.

Kolleclərdə din tədris edən xadimlərin və eləcə də dini ədəbiyyatın yetərli olmasına gəlincə, komitə rəsmisi deyib ki, Azərbaycanda nəinki din xadimlərinin ölkə daxilində yetişməsinə, eyni zamanda istifadə edilən dini ədəbiyyatın böyük əksəriyyətinin də ölkədə çapına çalışılır: 

“Əsas tarixi dini qaynaqlar var ki, onlar nəzərdə tutulub. Dini maarifləndirmə işini özümüz apardığımız kimi, çalışırıq ki, dini ədəbiyyatı da yerli müəlliflər yazsın və ya tərcümə etsin. Həmişə çalışmışıq ki, mədrəsələrdəki dərsləri Azərbaycanda təhsil almış mütəxəssislər tədris etsin. İndiyə qədər və bundan sonra da əsas məqsəd bundan ibarətdir ki, bu mədrəsələrdə təhsil verən müəllimlər bu meyarlara cavab versin. Hazırda müəllimlər bu meyarlara cavab verib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq edir. Bu məsələdə QMİ ilə mövqelərimiz üst-üstə düşür, heç biri fikir ayrılığı yoxdur”.

Yeni dini kolleclərin fəaliyyəti vətəndaşların xaricdə təhsil almasının əleyhinə deyilmi?

Gündüz İsmayılov qeyd edib ki, xaricdə və yaxud ölkə daxilində dini təhsil almaq qanunvericiliklə tənzimlənir: 

“Biz bu məsələlərə yalnız qanunvericilik və milli maraqlarımız çərçivəsində yanaşırıq. İstənilən halda bizim üçün əsas meyar qanundur”. 

İlahiyyatçı Tural İrfan isə açıqlamasında əvvəllər də bu tip mədrəsələrin fəaliyyət göstərdiyini bildirib: 

“Effektiv olmadığına görə həmin mədrəsələrin fəaliyyəti dayandırıldı. Çünki o zamanlar ölkəmizdə dini fənləri bilən və tədris edəcək kifayət qədər baza yox idi. Xaricdən gələn və ya xaricdən təsirlənən müəllimlər dərs deyirdi. Bunun nəticəsində də radikal və xurafatçı qruplar meydana gəlirdi. Qeyd edim ki, sözügedən kollec və ya mədrəsələrin ölkəmizdə normal fəaliyyətinə böyük ehtiyac var. Çünki cəmiyyətin dini aclığını doyuracaq sabitqədəm, ənənəvi islam qaydalarının vahid xətt üzrə təbliğatı vacibdir. Ancaq bu mədrəsələr QMİ-nin nəzdində olacaqsa, bu, o qədər də faydalı olmayacaq. Çünki bu qurumun nəzdində fəaliyyət göstərən məscidlərə əksəriyyəti xaricdə təhsil almış şəxslər rəhbərlik edir. Bakı İslam Universiteti milli dəyərlərə bağlı fəaliyyət göstərdiyi üçün onun məzunlarını, elə məni də illərdir işlə təmin etmirlər. Lakin İranda, Türkiyədə, Səudiyyə Ərəbistanında, Suriyada, Liviyada, Misirdə təhsil almış, həmin ölkələrin bir-birinə tam zidd islam modellərini o dövlətlərin siyasi baxışlarına müvafiq şəkildə mənimsəmiş şəxsləri böyük həvəslə böyük məscidlərə axund-imam təyin ediblər. Nəticədə  məzhəbçilik, radikallıq, xurafat yaranır ”. 

İlahiyyatçı hesab edir ki, Azərbaycanda milli-mənəvi dəyərlərə əsaslanan islam modeli formalaşmayıb: 

“AXCP sədri Razi Nurullayev 2018-ci il prezident seçkilərində milli islam modelinin formalaşması təklifini irəli sürmüşdü. Hazırda ölkəmizdə yayılan islam qonşu və digər müsəlman ölkələrindəki islam modellərinin qarışığıdır. Əsasən İran modeli daha üstünlük təşkil edir. Qismən də Türkiyə modeli və müəyyən bir iki dəstə də Səudiyyə modeli üzrə dini yaşamağa cəhd edir. Hələ də orucluğun başlamasında vahid təqvim məsələsini tətbiq edə bilməyən bir idarə, hansı tədrislə müvəffəqiyyət əldə edəcək dini kolleclərdə? Sözügedən mədrəsələrdə kimlər dərs keçəcək? Bakı İslam Universitetinin və BDU-nun İlahiyyat fakültəsinin məzunlarını yaxın buraxılmır. Elə etmək lazımdır ki, bu mədrəsələr xaricdən və daxildən din adı altında ölkəmizə təzyiq göstərmək istəyən qüvvələrə münbit şərait yaratmasın. Çünki bu təhsil olacaqlarında QMİ təkbaşına  tədrisi və nəzarəti həyata keçirə bilməyəcək”.

Tural İrfanın qənaətincə, bu kolleclərin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəzdində fəaliyyət göstərməməsi böyük yanlışlıq olardı:

“DQİDK həm dövlət idarəsidir, həm də onun fəaliyyətində qətiyyən məzhəbçilik, xurafatçılığa meyl, qərəz və regionbazlıq təzahürləri yoxdur. DQİDK həmin ocaqlara tədris proqramını və müəllim təyinatını daha ədalətli təşkil edə bilər. QMİ-nə belə bir ciddi məsələni etibar etməyi doğru saymıram. Əgər bu kolleclərdə nəzarəti DQİDK həyata keçirərək müasir və mənəvi dəyərlərimizə uyğun formalaşdırılan ənənəvi islam modeli tədris olarsa, yerli müəssisələrdə təhsil almışlar tədrisə cəlb olunarsa, nəticə müsbət ola bilər”. 

Yeganə Oqtayqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar