Sirr deyil ki, işğalçı Ermənistan 1.5 milyardlıq böyük islam dünyasında Dağlıq Qarabağ məsələsi və saxta “soyqırım” iddiası ilə bağlı özünə daim müttəfiqlər axtarır, erməni işğalı, uydurma “erməni iddiası”na yanaşmada müsəlman dünyasındakı ənənəvi yekdil, prinsipial mövqeyi öz xeyrinə dəyişməyə çalışır. Eyni zamanda, Azərbaycanla onun əsas silah tədarükçülərindən olan İsrailin arasını vurmağa cəhd edir.
Hər halda faktdır ki, indiyədək islam ölkələrindən yalnız yarım-xristian Livan saxta “erməni genosidi”ni tanıyıb (Yerdə qalanların hamısı xristian dövlətləridir). Dağlıq Qarabağla bağlı vəziyyət isə bir az da ermənilərin ziyanınadır. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Özbəkistan kimi ölkələr Ermənistanı adında dövləti, ümumiyyətlə, tanımır.
*****
Konkret Qarabağ məsələsinə gəlincə, Ermənistana bu günədək yalnız qonşu İranla sıx yaxınlığa nail ola bilib. Daha doğrusu, bunda ən çox Tehran bəlli səbəblərdən (Güney və İsrail amili, Bakını gərginlikdə saxlamaq istəyi və s.) maraqlı olduğundan, iki tərəf isti münasibətlər qura bilib. Hərçənd, 57 müsəlman dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü kimi İran da təşkilatın Ermənistanı işğalçı kimi tanıyan sənədinə səs verib.
Az öncə Milli Məclisin spikeri Oqtay Əsədov Tehranda səfərdə olarkən İran rəhbərliyi (prezident, parlamentin spikeri) ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını birmənalı şəkildə bildirdilər. Hərgah, İran və Ermənistan arasında yüksək çinli rəsmilər səviyyəsində qarşılıqlı səfərlər davam edir, blokada şəraitində olan işğalçı ölkə cənub qonşumuz üçün mühüm iqtisadi-ticari maraq kəsb eləməsə də, hansısa ikitərəfli sənədlər, anlaşmalar imzalanır - onların çoxu kağız üzərində qalsa belə.
Ermənistan onun da yaxşı fərqindədir ki, 57 islam ölkəsi BMT-də mühüm səsdir. Bundan əlavə, Azərbaycan 152 ölkəni birləşdirən Qoşulmamaq Hərəkatının üzvüdür və bu qurum da ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır (Qurumun növbəti ali toplantısı Bakıda keçiriləcək). Yəni Dağlıq Qarabağ məsələsi BMT-də müzakirəyə çıxarılarsa, bunun nəticəsinin necə olacağını proqnozlaşdırmaq çətin deyil.
Bu mənada İrəvanın islam-ərəb dünyanda bir növ, “kəşfiyyat”a çıxıb özünə dəstək, arxa-dayaq və dost axtarmaq səylərini artırması tam məntiqli görünür.
Əfsus ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu sırada məxsusi seçilməkdədir. Belə ki, “Yeni Müsavat”ın məlumatına görə, son vaxtlar iki ölkə rəsmiləri arasında təmaslar xeyli artıb. Tərəflər artıq əməkdaşlığın müxtəlif sferalarına aid onlarla anlaşma imzalayıb. Mayın 2-də isə, İrəvanda Ermənistan-BƏƏ hökumətlərarası komissiyanın ilk iclası başlayıb. BƏƏ-nin dövlət naziri, komissiyanın həmsədri Əhməd Əli əl-Saiqi və onun rəhbərlik elədiyi nümayəndə heyətini həm baş nazir Nikol Paşinyan, həm də prezident Armen Sərkisyan tərəfindən qəbul edib.
“Azərbaycanın Xarici İşlər Nazirliyi Abu Dabi və İrəvan arasında belə fəallığın səbəbləri barədə düşünməlidir”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri “Atlas” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, İrəvan BƏƏ-yə MDB və Avrasiya İqtisadi Birliyinin bazarlarına çıxmaq üçün işğalçı ölkənin imkanlarından yararlanmağı təklif edir.
“Əlamətdardır ki, BƏƏ bütün beynəlxalq məsələlərdə özünün əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə vahid mövqedən çıxış edir. Nümunə kimi, İran, Yəmən və Suriya problemlərinə yanaşmanı göstərmək olar. Səudiyyə Ərəbistanı isə İrəvanın Azərbaycana qarşı işğalçılıq siyasəti üzündən Ermənistanla diplomatik münasibətlərə malik deyil və Qarabağ məsələsində birmənalı şəkildə Bakının mövqeyini müdafiə edir. O zaman necə ola bilər ki, Ermənistana münasibətdə BƏƏ və Səudiyyə Ərəbistanı fərqli siyasət aparır? Düşünürəm ki, bizim XİN bu məsələ üzərində düşünməlidir”, - deyə ekspert əlavə edib.
*****
Ermənistan şübhə yox ki, islam aləminə, onun önəmli dövlətlərinə çıxış əldə eləməklə həm də özünün böhran içindəki iqtisadiyyatına yeni “nəfəs” vermək, bununla da ölkədən kütləvi köçü və yoxsulluğun səviyyəsini azaltmaq, orduya çağırışçı problemini həll etmək, yekunda Qarabağ danışıqlarında Azərbaycan qarşısında uğurlu bir mövqeyə sahiblənməyə çalışır. Təhlükə həm də bundadır. Odur ki, Azərbaycanın XİN-i xüsusilə diqqətli olmasına gerçəkdən ciddi səbəb var. Təcavüzkar ölkənin islam dünyası hesabına blokada rejimini zəiflətməsinə imkan vermək olmaz.
“Ermənistanda bu gün böyük miqrasiya dalğası var. Ölkədə hökm sürən yoxsulluq insanların ölkənin gələcəyinə inanmaması onların dövləti tərk etməsinə gətirib çıxarır”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda keçirilən “BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi” sessiyasında çıxışı zamanı deyib.
Azərbaycanın baş diplomatı maraqlı bir detala da diqqət çəkib. Sitat: “Təyyarədə olarkən erməni mətbuatı ilə fikir mübadiləsi apardım. Onlara sual verdikdə dedilər ki, diaspor bizə kömək edir. Ancaq onların diasporu belə ölkənin gələcəyinə inanmır”.
Demək, elə eləmək lazımdır ki, bu inamsızlıq ildən-ilə güclənsin, Ermənistan, onun xalqı əmin olsun ki, BƏƏ ilə, İranla deyil, ilk növbədə iki müsəlman dövləti - Azərbaycanla, Türkiyə ilə anlaşmadan nicat tapa bilməyəcək...
“Yeni Müsavat”ın analitik xidməti