Soyadlara da qadağa gəlir?

4-05-2019, 14:53   


Soyadlara da qadağa gəlir?

Bir neçə il əvvəl şəxs adları ilə bağlı məhdudiyyətlər tətbiq edən Nazirlər Kabineti yanında Terminologiya Komissiyası indi soyadlar siyahısına düzəliş etmək fikrinə düşüb. 

Bu dəfəki kampaniyanın çoğrafi adların və toponimlərin əleyhinə çeviriləcəyi gözlənilə bilər. Belə ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova son zamanlar soyadlarda daha çox coğrafi adlara və toponimlərə üstünlük verildiyinin müşahidə edildiyini xüsusi vurğulayıb: 

"Ümumiyyətlə, Azərbaycanda son aylar yer adları ilə bağlı soyad götürmək istəyənlərin sayı çoxalıb.Soyad götürmək istəyən Azərbaycan vətəndaşları daha çox coğrafi adlara və toponimlərə üstünlük veriblər.Bu soyadlarda ən çox Qazax rayonu üstünlük təşkil edir. Növbəti yerlərdə Şuşa və Laçın rayonlarının adlarını özlərinə soyad götürmək istəyənlərin müraciəti qeydə alınıb. Eyni zamanda "oğlu” və "qızı” sözlərindən istifadə etməklə soyad götürmək istəyənlərin də sayı artıb”.

Sayalı Sadıqova, sözlərinə görə, aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına soyadların dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 45 müraciət daxil olub.

O bildirib ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində -ov və -yev soyad sonluqları, demək olar ki, qeydə alınmır: "Çünki 2010-cu ildən soyadlarda -ov və -yev sonluqlarının qeyd olunmamasına başlanılıb. Daha çox -lı, -li, -lu, -lü, -gil, -soy, oğlu və qızı formasından istifadə olunur”.

Xatırladaq ki, bir neçə il əvvəl adıçəkilən Komissiya “Azərbaycan dilində şəxs adları lüğəti”-ni hazırlamışdı ki, bu da cəmiyyətdə birmənalı olaraq qarşılanmadı. Sayalı Sadıqova mətbuata açıqlamasında bildirmişdi ki, “Azərbaycan dilində şəxs adları lüğəti” adlı kitaba Ədliyyə Nazirliyində saxlanılan, indiyə qədər şəxs adları ilə bağlı çap olunan lüğətlərdəki seçmə, daha yaxşı adlar daxil edilib.

Hətta bu siyahının “ASAN xidmət” mərkəzlərinə göndəriləcəyi bildirilirdi.Terminologiya Komissiyasının ad və soyad məsələsində hegemonluq meyilləri verilən açıqlamalardan da bəlli olur. Belə ki, qeyd olunur ki, “ASAN xidmət” mərkəzlərindən belə bəzi adlarla bağlı uşaqlara sənəd verərkən onlara müraciət olunur: 

“Uşaqlara yad dildə, qəribə, gülünc adlar qoyularkən “ASAN xidmət” mərkəzlərindən bizə tez-tez müraciət edib dəqiqləşdirmələr aparılır”. Bir qədər sonra bəzi adların qoyulması qadağan olundu.Bu sırada əcnəbi mənşəli olanlar da, türk mənşəli olanlar da var idi. Bu yaxınlarda isə, nəinki Sayalı Sadıqovanın bir neçə il əvvəl dediyi kimi 5-6 sözbirləşməsindən, hətta 2 sözün birləşməsindən ibarət olan adların qoyulmasına qadağa qoyuldu. Məsələn, heç bir valideyn öz övladına Nailə Münəvvər, Banu Çiçək adlarını qoya bilməz.Bu da insan haqlarının pozulması kimi qəbul edilir.Məsələn, kimsə iki əziz adamının adını övladına vermək istəyir, amma bunun qarşısı alınır.

Doğrudur, Terminologiya Komissiyasının qoyulmasını qadağan etdiyi adların içərisində gülüş doğuran - məsələn, Kolxoz, Sovxoz, Ansambl, Cinayətkar, Cani, Raykom, Narkoz kimi adlar var, amma bütün hallarda bu insan hüquqlarının pozulması kimi dəyərləndirilir. Mütəxəssislər hesab edirlər ki, ad seçimi hər bir şəxsin fərdi hüququdur.Vətəndaşlar əxlaqı pozmayan, milli - mənəvi dəyərlərə zidd olmayan hansı adları istəyirlərsə, övladlarına qoya bilərlər.Dövlət Komissiyası və digər qurumların isə adlarla bağlı qadağa qoyması deyil, öz mövqelərini tövsiyyə formasında bildirməsi doğru olar.

Xatırladaq ki, bu il Azərbaycanda şəxs adlarının izahlı lüğətinin yeni nəşrinin hazırlanması nəzərdə tutulur. Lüğətə 7500 yeni adın daxil edilməsi, köhnə nəşrdə olan 1700 adın isə buradan çıxarılması nəzərdə tutulur.

Komissiyanın soyadlarla bağlı açıqlamalar verməyə başlaması isə adlardan sonra soyadlarla bağlı qadağaların da gündəmə gələ biləcəyi ehtimalını yaradır.Məsələn, coğrafi adların çox qoyulmasından narahat olan Komissiyadan belə bir bəyanat da gözlənilə bilər - “Bu gündən “Tovuzlu” soyadının qoyulması qadağan edilir.Bu soyada malik bütün Tovuzlular soyadını dəyişsin”.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz (Aşırlı) Göyüşlü “Cümhuriyət”ə açıqlamasında deyib ki, kənd, qəsəbə, rayonla bağlı soyadlar deyil, təxəllüs normal qarşılanmalıdır: 

“Bu da daha çox yaradıcılıqla, mədəniyyət sahəsində fəaliyyətlə məşğul olan şəxslərdə müşahidə edilir. Burada qeyri-adi nə isə görmürəm.Amma yer adları ilə bağlı soyadların olmasını məncə, ciddi bir şəkildə araşdırmaq, incələmək lazımdır. Bu sahədə bir az xarici təcrübəyə, xüsusən də, Türkiyə təcrübəsinə baxmaq olar. Bu bir az həssas məsələdir. Çünki soyad belədir ki, bütöv bir nəsildə davam edir.Təxəllüs isə həmin şəxslə, yaxud uzaqbaşı onun övladıyla sona çatır.Ona görə də soyad məsələsində ciddi araşdırmaq və sonra qərar vermək lazımdır.Bu məsələdə şəxsi qənaətim isə belədir ki, soyadların yer adları ilə adlandırılması o qədər də məqbul variant deyil”.

Şair-publisist Əkbər Qoşalı isə hesab edir ki, kənd, yer, çay, dağ adlarının soyad, təxəllüs kimi götürülməsinə qadağa qoymaq olmaz:

“Bu qadağanı cəmiyyət dəstəkləməyəcək. Bu məsələ ciddi araşdırılmalıdır.Ədəbiyyat adamlarının, şair və yazıçıların öz kəndinin, torpağının adını təxəllüs kimi götürməsi vətənpərvərlik, yurda bağlılıq hissi ilə bağlıdı. O yurdların çoxu itirdiyimiz torpaqlardı. O adları yaşatmaq lazımdır”. 

Əkbər Qoşalı hesab edir ki, bu, tövsiyə ola bilər, qadağa olmayacaq: “Yəqin ki, tövsiyə edəcəklər. Alternativlər, çıxış yolları göstəriləcək”.

Xatirə Nəsirova
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar