“USA Today” ABŞ-da yəhudilərin hazırkı durumu ilə bağlı iri məqalə dərc edib. Yazının başlığında bildirilir ki, əvvəllər yəhudilər üçün Amerika istisna ölkə idi. Ancaq daha zəmanə dəyişib. Anti-semitizm indi ABŞ-da da Avropada olduğu qədər güclüdür.
Yəhudi əsilli Joshua Safran qələmə aldığı yazıda vurğulayır ki, bir yəhudi kimi mən Amerikada rahat hərəkət edə bilərdim. Bilirdim ki, heç bir terrorçu məni öldürməklə bağlı məkrli plan qurmayıb. Bu azadlıq təminatını mənə Amerika vermişdi. Ancaq səyahət üçün ABŞ-dan kənara çıxan hər yəhudi sizə deyə bilərdi ki, dünyanın qalan yerlərində yəhudilərə münasibət zülmətə qərq olmuş əyyamlardakı kimi yaxşı deyil.
Müəllif dediklərinin sübutu kimi bir sıra Avropa ölkələrində məhz yəhudi olduğuna görə başına gələn macəralardan söhbət açır. Xüsusən Fransada, hətta paytaxt Parisdə belə eşitdiyi “Yəhudilərə ölüm” şüarlarının onda doğurduğu qorxu hissindən bəhs edir. Deyir ki, yəhudi dövləti İsraildə belə özünü o qədər azad hiss etməyib, ancaq ABŞ ona yəhudi olaraq bu azadlığı verib. Özü də lap çoxdan. 1790-cı ildə Corc Vaşiqton Amerika yəhudilərinə qanunla belə bir haqq tanıdı. Yəhudilər düz 229 ildir ki, bu azadlığın sevincini yaşayırıq.
2018-ci ilin 27 oktyabrında terrorçu “Bütün yəhudilərə ölüm” şüarı ilə sinaqoqa hücum etdi. Hadisə Pensilvaniya ştatının ikinci ən böyük şəhəri olan Pitsburqda baş verdi. 11 nəfər öldürüldü, xeyli insan yaralandı.
2019-cu ilin aprelin 29-da Kaliforniya ştatının ikinci böyük şəhəri olan San Dieqoda da sinaqoqa hücum oldu. Terrorçu 1 nəfəri öldürdü, 3 nəfəri isə yaraladı. O, verdiyi ifadədə bəyan etdi ki, yəhudiləri layiq olduqları yerə-cəhənnəmə göndərmək üçün sinaqoqa gəlib.
İndi vəziyyət elədir ki, bəzi sinaqoqların qarşısında silahlı mühafizə dayanmaq məcburiyyətindədir. Mən sinaqoqun rəhbərlərindən soruşdum ki, sizcə, bu, normaldırmı. Avropada bunu görmüşdük, indi də eyni mənzərəni ABŞ-da görməkdəyik. Sinaqoqun nümayəndəsi dedi ki, bizi öldürmək üçün plan quranlar çoxdur, ona görə də silahlı mühafizəni təşkil etmişik.
Müəllif deyir ki, ABŞ-da əhalinin 2.2 faizi özünü yəhudi sayır və onlar 40 cəmiyyət vasitəsi ilə bir əraya gəlirlər.
Yazının sonunda qeyd olunur ki, Amerika yəhudilər üçün daha istisna ölkə deyil. Amerikada da yəhudilər qorxu içində yaşayır.
Elbəyi Həsənli
Musavat.com