Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türkiyə üzrə regionşünaslıq ixtisasının I kurs tələbəsi Rüstəm İsmayılbəyli universitet rəhbərliyinin ona qərəzli töhmət verdiyini deyir. Gəncin sözlərinə görə, may ayının 2-də paylaşdığı məlumatda ona verilən töhmətin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirmişdi:
“Yanvarın 6-da jurnalist, bloger Mehman Hüseynov üçün iştirak etdiyim mitinqdən sonra universitet mənə töhmət verib. Siyasidir, heç bir universitet nizamnaməsinə uyğun deyil və ən əsası da, mən bu töhmətlə tanış edilməmişəm. Tanış edilməyimin məcburiyyəti nizamnamədə qeyd edilib və mənim apellyasiya haqqım var idi. Haqqım oğurlanıb.İndi isə dünən ictimaiyyətə də açdığım məsələylə bağlı dekan Elxan Əzizov mənə ikinci töhməti verdirib universitetdən xaric etməyə çalışır. Bir məsələdə üç hüquqsuzluq, üç repressiv hərəkət var. Dekan müavinləri və prorektorlar mənə hesab verməkdən qaçırlar. Dünən dekan Elxan Əzizov evimizə zəng edərək “Rüstəmi universitetdən qovduracağam, onu məhkəməyə verəcəyəm” deyə atamı hədələyib.
BDU tələbəsi onu da qeyd edib ki, bu gün rektor Elçin Babayev onu qəbul edib:
“Rektorun sözlərinə görə, dekanın dediyi yanvar töhməti ümumiyyətlə yox imiş. Əvvəl dekabrda olub deyildi, sonra hətta əmr də var dedilər, amma son nəticə budur ki, töhmət yoxdur, heç vaxt da olmayıb. İkinci töhmət ola bilməz, qovulma məsələsi ümumiyyətlə mövzu deyil. Rektor E. Babayev bildirdi ki, siyasi fəaliyyətimin də universitetə dəxli yoxdur, bu onların işi deyil. Dekan Elxan Əzizova gəlincə, rektor onunla bağlı xüsusi tədbir görüləcəyini dedi”.
Məsələ ilə bağlı sözügedən universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri bildirdi ki, məlum olayla bağlı açıqlama hazır olanda bu ictimaiyyətə təqdim olunacaq.