Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 04 may 2019-cu il
Vaşinqtonda son dərəcə maraqlı bir siyasi böhran – konstitusiya böhranı yaşanır. ABŞ Ədliyyə naziri Uilyam Barr ilə Konqresin Nümayəndələr Palatası ciddi toqquşma halındadır və bunun nəticəsində nazirin həbs olunması belə gündəliyə gələ bilər.
Gəlin, hadisələrin necə inkişaf etdiyinə baxaq.
İki il öncə Ədliyyə Nazirliyinin Prezident Trampın ruslarla əməkdaşlıq edib-etmədiyini araşdırması qərarlaşdırıldı.
O zaman Ədliyyə naziri olan Cef Seşns siyasi baxımdan özünü bu prosesdən kənarda saxladı və məsələyə qarışmayacağını bildirdi. Nazirlərin belə hüququ vardır, lakin bunu etdikləri halda, məsələ haqqında heç bir şey söyləmək hüquqları da qalmır.
Bundan sonra Ədliyyə nazirinin müavini bir təhqiqat qrupu yaratdı və rəhbərliyinə də FTB-nin sabiq direktoru Robert Mülleri xüsusi prokuror olaraq təyin etdi.
O, ilyarım öncə öz təhqiqatına başladı. Bugünədək iki Ədliyyə naziri dəyişdi, sonda vəzifəyə bugünkü nazir Uilyam Barr gəldi.
Nümayəndələr Palatasına son seçkilərdə əksəriyyəti demokratlar qazandı və bütün komitələrin rəhbərliyi onlara keçdi.
Vəzifəsi Ədliyyə Nazirliyinə nəzarət etmək olan Nümayəndələr Palatasının Ədliyyə komitəsi eyni zamanda prezidentləri vəzifədən azadetmə prosesini (impiçment təhqiqatını) aparan komitədir.
Xüsusi prokuror Robert Müller uzun müddətdən sonra öz hesabatını tamamladı, ancaq bağlı olduğu Ədliyyə Nazirliyinə ilk öncə hesabatın tamamı yerinə, qısa bir xülasəsini göndərdi.
Tramp, həqiqətən, təmizə çıxdımı?
Ədliyyə naziri də hesabatı tam oxumadan, xülasəyə əsaslanaraq, Trampın təmizə çıxdığını açıqladı və Konqresə də uyğun məktublar göndərdi.
Nümayəndələr Palatasının sədri Nensi Pelosi bütün hesabatın açıqlanmasını istədi.
Ədliyyə naziri prezidentin qanuni hüquqlarına uyğunluq baxımından, bunun doğru olmadığını, hesabatın gizli saxlanmalı olan bəzi bölümlərinin gizli saxlanacağını, ancaq ondan sonra açıqlana biləcəyini söylədi.
Bundan sonra Nümayəndələr Palatasının Ədliyyə komitəsi onlara hesabatı tam olaraq göndərməyən Ədliyyə nazirini təhqiqata çağırdı.
O, ilk iki iclasa qatıldı. Ədliyyə komitəsinin rəhbəri ilə Nümayəndələr Palatasının sədri Ədliyyə nazirini Konqresə yalan söyləməkdə ittiham etdilər.
Zorla gətirmə qərarı
Komitənin dünən keçirilən iclasında Ədliyyə nazirinin komitənin vəkilləri tərəfindən də dindiriləcəyi açıqlandı.Ədliyyə naziri bunu qəbul etməyəcəyini söylədi və iclasa qatılmadı. Tramp da onu dəstəklədi.
Ədliyyə komitəsinin rəhbəri nazirin iclasa gəlməməsinin də cinayət olduğunu və lazım olarsa, zorla gətirilməsi haqqında müvafiq sənəd çıxardacağını açıqladı. Buna da əməl etməzsə, Ədliyyə nazirinə həbsxana yolunun görünməsi mümkündür. Nümayəndələr Palatasının lideri bunun belə olacağını açıqladı artıq.
Prezidentin bunu durdurma hüququnun olub-olmaması da müzakirə edilir.
Bu, texniki bir məsələ ilə bağlı mübahisə kimi görünə bilər, lakin əslində, bütün konstitusiya nizamı və Prezidentin hüquqları ilə bağlı böyük bir böhrandır. Və hazırda necə nəticələnəcəyi də məlum deyil.
Tərcümə Strateq.az-ındır