“Bu iş əvvəlcə bir az qeyri-adi və çətin görünürdü. Amma çox keçməmiş adiləşdi, adam güllələmək gündəlik işimizin əsas hissəsi idi. Və bu proses o qədər adiləşmişdi ki, ilk günlər olduğu kimi, daha əvvəlcədən heç bir hazırlıq görmürdük. Sənədlər gəlirdi, silahımızı götürüb müəyyən olunmuş yerə gedirdik. Güllələnən şəxsin üzündəki ifadələr, yalvarış, dəli olması, qışqırması, ağlaması, gözümüzün önündə ürəyinin partlaması artıq bizə təsir etmirdi. Və illərlə, aylarla biz bu işlə məşğul olurduq. Biz sadəcə vəzifə borcumuzu yerinə yetirirdik, bu işdən aldığımız pulla ailəmizi dolandırırdıq...”
Bu fikirlər uzun illər cüllələnmə hökmünü icra edən Vasili Şiqalyovun xatirələrindəndir.
SSRİ-nin mövcudluğu dövründə məhkəmənin çıxartdığı ölüm hökmü güllələnmə ilə icra edilib. İcra ilə bağlı “NKVD”-də, daha sonra isə müvafiq qurumlarda bütöv bir aparat fəaliyyət göstərib. Struktura görə bu aparatda 4-5 nəfərlik komandalar olub. 1937-1939-cu illərdəki kütləvi repressiyalar zamanı komandalar 5 nəfərdən ibarət olubsa, 1970-1980-ci illərdə komandaların əsasən 4 üzvü olub. Komandalara ölümün baş verməsini təsdiqləyən bir nəfər həkim, onu qeydə alıb rəsmiləşdirən bir nəfər prokurorluq əməkdaşı da daxil edilib.
SSRİ-nin ayrı-ayrı müttəfiq respublikalarında komandaların sayı fərqli olub. Estoniya, Latviya, Litva və Moldoviyada isə ölüm hökmünü icra edən komandalar olmayıb. Bu respublikalarda güllələnməni icra etmək üçün “cəlladlar” digər respublikalardan ezam olunublar, yaxud ölüm hökmünə məhkum olunanları başqa respublikalara aparıblar.
Ölüm hökmünü içra edənlər (güllələyənlər) digər vəzifə sahibləri kimi rəsmi olaraq ştat vahidində olublar və dövlətdən maaş alıblar. Amma onların əmək haqqları mövcud dövrdə digər dövlət orqanlarında işləyənlərdən üstün olub. Hər bir icraçı adam güllələməyə görə ayda 200 rubl maaş alıb. Bundan əlavə, onlar hər bir icraya görə əlavə pul (qonorar) da alıblar. İcraların sayından asılı olmayaraq əməkdaşlar hər rüb 150-170 manat pulla mükafatlandırıblar. Daha bir “üstünlük” isə ondan ibarət olub ki, güllələnmə içra olunan gün ölüm faktı təsdiqləndikdən sonra əməkdaşlar iş günündən azad olunaraq istirahətə buraxılıblar.
Güllələnmə hökmünü icra edənlərdən bəziləri öz xidməti vəzifələrini yarımçıq qoyublar, gündəlik olaraq gördükləri qanlı səhnənin ağırlığına tab gətirməyiblər. Bu vəzifədən təqaüdə çıxanların ömrü uzun olmayıb. “Cəllad”lar stress “atmaq” üçün əsasən spirtli içkilərdən istifadə ediblər. Hətta xidməti vəzifəsini icra edərkən spitli içkilərdən istifadə edilməsinə rəhbərlik göz yumub.
Əməkdaşların bir çoxlarının ailə üzvləri “evin kişisinin” nə işlə məşğul olması haqqında məlumatları olmayıb. Və ümumiyyətlə, bu əməkdaşlar özlərini heç vaxt olduqları vəzifədə təqdim etməyiblər.
SSRİ dövründə, xüsusilə Stalinin hakimiyyəti illərində ən “məhsuldar cəlladlar” amansızlıqları ilə tarixə düşən general Bloxin, Pyotr Maqqo, Lavrenti Beriyanın şəxsi mühafizəsinin rəisi Sardion Nadariya, Vasili və İvan Şiqalyov qardaşları, çobanlıqdan “NKVD” sisteminə gələn Ernest Maç olub.
Təkcə general Bloxinin “ölüm siyahısı”nda 30 mindən artıq adam olub. Yüksəkçinlilərin güllələnməsi məhz ona həvalə edilib. Beriya ilə Bloxinin arasında intriqa yarananda və Beriya onu həbs etdirmək istəyəndə Stalin buna mane olub: “Lavrenti Pavloviç, Bloxin kimi mütəxəssisi həbs etmək olmaz, o bizim “qara iş”imizi görür, özü də çox keyfiyyətli görür...”
Pyotr Maqqo sözün əsl mənasında öz işinin fanatı olub. O, güllələnməni elə icra edib ki, kənardakılar bu prosesə incəsənət janrı kimi baxıblar. Maqqo 15 mindən artıq insanın həyatına son qoyub.
Sardion Nadariya da amansızlığını əsirgəməyib, 10 min insanı şəxsən güllələyib.
Vasili və İvan Şiqalyov qardaşları “nümunəvi” xidmətlərinə görə ən çox təltif olunan “cəlladlar” olub.
Ernest Maçın da “ölüm siyahı”sı minlərlə insanım adı ilə “zənginləşib”. O, təqaüdə çıxdıqdan sonra böyük həvəslə öz “peşə”sini gənclərə öyrətməklə məşğul olub.
Bu sahədə işləyənlərin əksəriyyəti təqaüdə çıxdıqdan sonra içkiyə qurşanaraq qısa müddətdən sonra ürək və qaraciyər xəstəliklərindən ölüblər.
İlham Cəmiloğlu, Musavat.com