ABŞ İran sahillərinə təyyarədaşıyan və bombardmançılar qrupu göndərəcək.Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton bildirib.
“ABŞ bir sıra artan həyəcanlı əlamətlərə və xəbərdarlıqlara cavab olaraq “Avraam Linkoln” təyyarədaşıyan zərbəçi qrupunu və bombardmançıların operativ qrupunu ABŞ-ın Mərkəzi komandanlığının regionuna göndərəcək. Bu, İran rejiminə aydın və dəqiq siqnal olacaq ki, Birləşmiş Ştatlar və ya müttəfiqlərimizin maraqlarına istənilən hücum amansız güclə qarşılanacaq”, - Boltonun bəyanatında deyilir.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar İranla müharibəyə cəhd etmir, amma istənilən hücuma cavab verməyə tamamilə hazırdır.
Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurası İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınmasına cavab olaraq ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığını (CENTCOM) terror təşkilatı, ABŞ-ın özünü isə “terrorizmin sponsoru olan dövlət” kimi tanıyıb.