Səhiyyə Nazirliyi bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində baş vermiş qəzada yaralananların vəziyyəti ilə bağlı açıqlama verib.
Nazirliyin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, avtobusun sürücüsü də daxil olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan altısının vəziyyəti yaxşıdır, həyatlarına təhlükə yoxdur. Bir yaralının vəziyyəti isə ağır stabil qiymətləndirilib.
“Bir uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib”, - Abubəkirov əlavə edib.
Ü.Xudiyeva
Virtualaz.org
* * *09:41
Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 72-ci kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Şirvan şəhərindən yeniyetmə güləşçiləri Cəlilabad şəhərində keçiriləcək yarışa daşıyan “Mercedes Vito “ markalı, 90 SL 765 dövlət nömrə nişanlı mikroavtobus idarəetməni itirərək aşıb.
Hadisə nəticəsində avtomaşında olan 11 yaşlı güləşçi dünyasını dəyişib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Hadisə barədə əlavə məlumat veriləcək.
Virtualaz.org