Bakının Xətai rayonunda yenidən yaşıllıq cəlladları peyda olub. Belə ki, ötən həftədən etibarən Məhəmməd Hadi küçəsi 93/99 ünvanında Həzrət Temirov adlı iş adamı tərəfindən ərazidəki ağaclar kütləvi şəkildə məhv edilir, kökündən çıxarılır. Yaxınlıqda yaşayan sakinlər buna etiraz edərək, küçələrə çıxıb, yaşıllıq cəlladlarının qarşısını kəsirlər.
“Yeni Müsavat”ın məlumatına görə, mayın 6-da gecə saatlarında M.Hadi küçəsində iki binanın sakinləri gecə saatlarında ayağa qalxıblar. Sakinlərin küçələrə çıxmasına səbəb naməlum nömrədən gələn telefon zəngi olub. Bildiriblər ki, zəng edən şəxs onları hədələyib. Zəngdən dərhal sonra isə sakinlərin qoruduğu ərazidəki projektorun işıqları kəsilib. Bina sakinləri dərhal məsələ ilə bağlı polisə müraciət ediblər. Əraziyə polis nəfərləri gəlib və gecə saatlarında bir neçə sakinlə birlikdə ərazidə keşik çəkiblər.
Mayın 6-da gündüz saatlarında isə baş verən hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəsmi münasibət açıqlandı. Belə ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında söylədi ki, 5 may 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət təkrarən nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb: “Əraziyə keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, 8 çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib. Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə nazirlik tərəfindən ”məcburi göstəriş" verilib.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sözügedən ünvanda ağacların kəsilməsi ilə bağlı 16 aprel 2019-cu il tarixində də şikayət daxil olmuşdu. Araşdırma zamanı M.Hadi küçəsi, 93/99 ünvanında 0,24 hektar yaşıllıq sahəsinin tikinti məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin 2013-cü il tarixli sərəncamı ilə vətəndaş Həzrət Temirova ayrıldığı müəyyən edilmişdi. Ərazidəki 131 müxtəlif cinsli ağac nazirliyin əməkdaşları tərəfindən qeydiyyata alınaraq torpaq mülkiyyətçisinə təhvil verilmişdi".
Bildirilib ki, sözügedən ünvandakı ağacların kəsilməsi və köçürülməsi ilə bağlı 28 mart 2019-cu il tarixində mülkiyyətçinin oğlu Rüstəm Temirov, 3 aprel 2019-cu il tarixində isə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən nazirliyin Dövlət Ekspertiza İdarəsinə müraciət olunub, lakin yaşıllıqların toxunulmaz qalması məqsədəmüvafiq hesab edilib, ağacların köçürülməsi və kəsilməsinə icazə verilməyib.
Xətai rayonunda və ümumilikdə qeyd olunan yerə yaxın ərazilərdə bu kimi ağacların məhv edilməsi halları ilk dəfə deyil. Metronun “Əhmədli” stansiyasının yaxınlığı, Ukrayna dairəsi ətrafında olan obyektlər tikilən zaman dəfələrlə ağacların kəsilməsi, məhv edilməsi halları baş verib. Baxmayaraq ki, Bakıda ağacların kəsilməsi birbaşa olaraq ölkə prezidenti tərəfindən qadağan edilib. Ölkə prezidenti dövlət müşavirələrində bu məsələyə xüsusilə toxunaraq, göstərişlər verib. Belə ki, İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı bildirmişdi ki, ağacların kəsilməsi halları azalıb, amma tam aradan qaldırılmayıb: “Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün”.
2017-ci ildə isə Yasamalda “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi zamanı 54 ədəd ağac qanunsuz olaraq kəsilmişdi. Həmin zaman da ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş vermişdi.
Hələ 13 aprel 2014-cü ildə Nazirlər Kabinetinin iclasında ölkə prezidenti yekun nitqi zamanı da ağaclarla bağlı məsələyə toxunmuşdu: “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.
Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır".
Ancaq görünür, hələ də ölkə başçısının tapşırıqlarına məhəl qoymayan iş adamları var. Onlar sakinlərin narazılıqlarını dinləməyib, dövlət başçısının tapşırıqlarına məhəl qoymayıb, öz mənfəətləri üçün çalışırlar. 30-40 illik ağacların məhv edilməsi, ekoloqların fikrincə, günbəgün əhalisinin sayı artan, inkişaf edən Bakı üçün faciəvi sonluqla nəticələnə bilər. Xüsusilə də ağacların kəsilməsi Məhəmməd Hadi küçəsi kimi, şəhərin mərkəzindən bir qədər kənar ərazilərdə də baş verir. 2018-ci ilin noyabr ayında da Xətai rayonunda Xudu Məmmədov küçəsində 11 ədəd böyük ağac kəsilmişdi.
Hazırda Məhəmməd Hadi küçəsində ağacları kəsən Həzrət Temirovun iş adamı olduğu söylənilsə də, onun konkret nə işlə məşğul olduğu ictimaiyyətə, mediaya bəlli deyil.
Əli RAİS,
“Yeni Müsavat”