“XALQIMIZ BUNDAN 100 DƏFƏ FİRAVAN YAŞAMALIDIR” – “Başqa ölkədən qorxacaqsansa…”

7-05-2019, 10:57   

 


Sərdar Cəlaloğlu: “Azərbaycanda qeyri-rəsmi könüllü birliklər, könüllü ordunun təşkilinə dair qərar qəbul olunmalıdır”


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “AzPolitika.info”-ya müsahibəsi
- Sərdar bəy, ölkəmizdəki ümumi ab-havanı necə qiymətləndirirsiniz?
– Əslində, Azərbaycanın imkan və potensialına görə vəziyyət pisdir. Amma Yaxın Şərq regionuna, Ukraynaya baxanda Azərbaycanın durumu yaxşıdır. Vəziyyətin yaxşı və ya pis olması da nisbidir. Resurslarına görə Azərbaycan indikindən yüz dəfə abad, əhalisi də indikindən yüz dəfə firavan və xoşbəxt yaşamalıdır. Ancaq görürük ki, bu, belə deyil. Eyni zamanda bizdən də qat-qat pis durumda olan ölkələr var. Ümumilikdə, gözləntilərimiz qarşısında bizdə vəziyyət sözsüz ki, pisdir.
- Bir qədər konkret danışsaq, ölkədə hansı problemlər var?
– Konkret onu deyim ki, ölkədə işsizlik var. Əhalinin böyük hissəsi ölkəni tərk edir. Ələlxüsus məhsuldar qüvvələr, mədəniyyət və əxlaqın daşıyıcıları, savadlı kəsim. Bir çox hallarda aparılan siyasət xalqın marağına uyğun olmur. Yəni ciddi problemlər var. Eyni zamanda xarici müdaxilə riskləri mövcuddur. Rusiya, Ermənistan tərəfindən. Bu mənada Azərbaycandakı ümumi vəziyyətə qiymət vermək çətindir. Çünki bəzi obyektiv şərait var ki, yaranan durum da onunla bağlıdır, digər tərəfdən isə subyektiv səbəblər var. Yəni qüsurlu idarəçilik.
- Azərbaycanda islahatların getdiyi haqda da bəyanatlar səslənir, Prezident Əliyev bir sıra istiqamətlər üzrə fərmanlar verib. Siz bunları görməzdən gəlirsiniz?
– İslahat olmayan şeyə islahat desək, cəmiyyət daha ciddi faciələrlə üzləşə bilər. Xalq gözləyir ki, islahatlar yolu ilə nələrəsə nail olmaq mümkündür, odur ki, inqilaba getmir. Amma islahat adı altında islahat olmayan addımlar atacaqsınızsa, onda bu inqilabın qapısını açmış olarsınız. Yəni xalq görər ki, islahat deyilən prosesdən bir nəticə yoxdur. Bu zaman seçim başqa olar.
İkincisi, islahat ciddi struktur dəyişiklikləri deməkdir. Əgər islahat aparılırsa hökumət konkret hansı yeni sektor yaradacağını elan etməli, məsələn, kənd təsərrüfatı idarə edilməsində hansı fundamental dəyişikliklər edəcəyini açıqlamalıdır. Və yaxud səhiyyədə tibbi sığorta tətbiq edəcəksə, bu islahat olacaq. Ancaq əmək haqqının 10 manat artırılması islahat deyil. Yəni islahat miqdar deyil, keyfiyyət dəyişikliyi deməkdir. Hökumət isə kəmiyyət dəyişikliklərini islahat kimi təqdim edir.

- Məsələn, məhkəmə-hüquq sferasında atılan addımları islahat adlandırmaq olarmı?
– Məhkəmə-hüquq sferasında islahatlar deyəndə nə nəzərdə tutulur? Birincisi, istintaq prokurorluqdan ayrılmalıdır. Prokurorluq dövlət adından qərar verməməlidir. Müstəqil vəkillər kollegiyasının yaranmasına imkan olmalı, ancaq dövlətin vəkillər kollegiyası olmamalıdır. Avropa Məhkəməsinin qərarlarından sonra səhv qərar verən hakimlər haqqında cəza tətbiq olunmalıdır. Siyasi məhbus yaradan məhkəmələr haqqında tədbirlər görülməlidir. Eləcədə, hakimlərin vəzifəyə seçilmə və vəzifədən getmə qaydaları konkret olmaldır. Əgər bu istiqamətdə addımlar atılarsa, bunlara ciddi islahatlar demək olardı. Yoxsa hansısa hakimin rüşvətlə tutulması islahat sayıla bilməz. İndi islahat nəyə deyirlər? Məsələn, Sumqayıtda filan hakimi tutublar və demək islahat başlayıb. Qardaşım, dövlətin hüquq-mühafizə strukturlarında fundamental struktur dəyişiklikləri olacaqsa, bu islahatdır. Ancaq Azərbaycanda hələ ki, belə bir şey yoxdur. Həm də ölkədə islahat nəzərdə tutulursa, ilk olaraq konstitusiya və qanunlarda müəyyən dəyişikliklər edilməlidir. Məhkəmə-hüquq sferası ilə bağlı hansı qanuna dəyişiklik edilib ki? Əgər belə dəyişiklik yoxdursa, onda hansı islahatlardan danışa bilərik?
- Nəzərə alın ki, son dövrlər bəzi struktur dəyişiklikləri həyata keçirilib…
– Bəli, idarəetmənin keyfiyyətini yüksəltmək məqsədilə nəzarəti artırmaq olur. Ancaq bu islahat deyil. Və ya əmək haqlarının, təqaüdlərin artırılması islahat deyil. İslahat təqaüdlərin müəyyən edilməsində qaydaların dəyişdirilməsi ola bilər. İndi pensiya necə təyin edilir? Vətəndaş sosial fonda aylıq ödəniş edir və təqaüd yaşına gələndə ona aylıq pensiya kəsilir. İndi əgər qərar qəbul edilsə ki, bəzi adamlar az pensiya alır və dövlət özü onların təqaüdünə əlavələr edir, bu olacaq islahat. Ancaq indi 180 manat təqaüd verilir və bazarda da qiymət 10 dəfə qalxır, milli valyuta zəifləyir. Nəticədə də hökumət təqaüdləri 2-5 faiz artırır. Bunun da adı islahat deyil, indeksasiyadır. Həm də islahat qərarla olmur, proqramla olur. Bu proqram da xalqın müzakirəsinə çıxarılır, ictimai müzakirədən keçir və s. Məsələn, SSRİ-də bir neçə islahat keçirməyə cəhd edildi. Bunlardan biri də “Yenidənqurma proqramı” idi. Bu, dövlətin idarə edilməsinə dair fundamental islahat idi. Məhz bu islahat proqramı nəticəsində partiyanın dövlət idarəçiliyində yükü azaldıldı, özəl və qeyri-dövlət müəssisələri yaranmağa başladı.
- Və bu islahat proqramı da SSRİ-nin sonuna çıxdı…
– Ona görə SSRİ-ni yıxdı ki, islahatı vəziyyəti aydınlaşdırmaq üçün apardılar və islahatdan dərhal sonra qanun və konstitusiyada dəyişiklik etmədilər. Bu ayrı bir mövzudur. Ancaq onu demək istəyirəm ki, islahat dövlət sferasını sinxron əhatə etməlidir. Qanunvericilikdə, siyasətdə və konkret sahələrdə islahat sinxron getmirsə… Bunlar bir yerdə olmasa, idarəetmənin əsasları dəyişilmirsə və sən idarəetmənin keyfiyyətini dəyişirsənsə, mütləq orada böhran yaranacaq.
- Bu gün Azərbaycanın bir nömrəli problemi Qarabağ münaqişəsi və konfliktlə bağlı aparılan sonu görünməyən danışıqlarda nəticənin əldə olunmamasıdır. Danışıqlardakı Vyana və Moskva təmasından sonra irəliləyişin ola biləcəyinə dair fikirlərlə razılaşırsınızmı?
– Mən, hökumətin Qarabağla bağlı apardığı siyasəti səhv hesab edirəm. Dağlıq Qarabağ münaqişəsi ilə ancaq hakimiyyətin məşğul olması, xalqın və müxalifətin bu prosesdə iştirak etməməsi iki ciddi problem yaradıb: bütün məsuliyyət iqtidarın üzərinə düşüb və iqtidar bu problemi təklikdə həll edə bilməz. Bu mənada hesab edirəm ki, Azərbaycanda qeyri-rəsmi könüllü birliklər, könüllü ordunun təşkilinə dair qərar qəbul olunmalıdır. Dövlət öz rəsmi gücündən savayı könüllülərin olmasına da şərait yaratmalı idi. Yəni partizan fəaliyyətinə imkan olmalıdır. Dağlıq Qarabağ probleminin həlli yalnız müharibədən keçir. Başqa həll variantları bizim xeyrimizə olmayacaq.

- ABŞ növbəti danışıqlar prosesinin Vaşinqtonda aparılmasını təklif edir…
– Danışıqların uzadılmasında məqsəd Dağlıq Qarabağı ilhaq etməkdir. Yəni bizdən almaqdır. Rusiya, ABŞ və Fransa konflikti ədalətli həll etmək niyyətində olsa, bunu asanlıqla həyata keçirə bilərlər. Yəni BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edib qərar verərlər. Amma deyirlər ki, problemi siyasi yolla həll edin. Yəni hüquq yolunu da demirlər. Hüquqla olsa Dağlıq Qarabağın beynəlxalq hüquq çərçivəsində hansı ölkəyə məxsus olduğunu asanlıqla müəyyən etmək olar. Ancaq siyasi yol deyirlər. Siyasi yol da tərəflərin vasitəçilərin təklifi ilə razılaşdırılması deməkdir. Qarabağın dinc yolla həlli ərazinin dinc yolla ermənilərə verilməsi deməkdir. Bunun başqa adı yoxdur. Yox, sən Qarabağı qaytarmaq istəyirsənsə müharibə etməlisən. Azərbaycan xalqının buna potensialı var, beynəlxalq şərtlər buna imkan yarada bilər. Yox, əgər sən başqa ölkədən qorxacaqsansa, onda torpağı da başqasına verməlisən. Bizdən dəfələrlə kiçik xalqlar var və onlar uzun illər torpağa görə müharibə edib. Məsələn, çeçenlər 25 il ruslarla savaşıb. Xalqın sayının azlığı onu gücsüz etmir, iradəsizliyi gücsüz edir.
- Sərdar bəy, Əli İnsanov siyasətə gəldiyini elan edir, ortaya iddia qoyur. Sabiq nazirin siyasi imkan və perspektivlərini necə qiymətləndirirsiniz?
– Hesab edirəm ki, Azərbaycanda reallığı şişirdilmiş formada qiymətləndirmə var. Düzdür, onun müəyyən resursları var, hansı ki, bu imkanlar müxalifətdə yoxdur. Bununla belə onun müxalifətdə olan qüvvələrdən fərqli və ciddi nəsə uğur əldə edəcəyinə inanmıram. Birincisi, adam ortaya ciddi ambisiya qoyur, özünün lider, aparıcı sima olmasına dair. Bunun özü ciddi problemdir. İkincisi də, uzun müddət siyasi həyatdan təcrid olunduğuna görə cəmiyyətin nəbzini tutmaq, ab-havasına uyğun iş görmək imkanına malik olmayacaq. Əgər ətrafına normal insanlar toplasa, mümkündür ki, təcrübəli komanda sayəsində nəsə ola bilər. Məncə, indi gözləmək və onun atacağı addımları izləmək lazımdır. Yəni İnsanov ilk olaraq hansı addımları atır, nə istəyir. Bunları görmədən danışmaq tezdir.
- İnsanovun indiki şərtlər daxilində partiya yarada və müxalif cəbhədə ciddi mövqe tuta biləcəyinə inanırsınızmı?
– Açığı, mən çox da inanmıran. Əgər komanda yarada bilsə nələrsə nail ola bilər. Ancaq təklikdə heç nə edə bilməz. Təkcə partiya yaratmaqla heç nəyə nail olmaq mümkün deyil. Normal komanda yaradılsa, düzgün vəzifə bölgüsü aparılsa, effektiv idarəetmə olsa və üstəlik maliyyə imkanlarının olmasını nəzərə alsaq, nələrsə edə bilər. Ancaq hər şeyi edə bilməz. Yəni nəsə edə bilər, amma hər şeyi edə bilməz.
Vaqif NƏSİBOV
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar