“Hesab edirəm ki, antialkoqol kampaniyasını o formada aparmaq yanlış idi. Birdən-birə mağazaların, xüsusilə də Moskvadakı mağazaların qapadılması, böyük növbələr, samoqon çəkilişinin artması, qəndin mağazalardan yoxa çıxması və s. bu kimi hallar kampaniyanın törətdiyi fəsadlar idi. SSRİ-də aparılan antialkoqol kampaniyaları heç vaxt müsbət nəticə verməyib…”
Mixail Qorbaçov
1985-ci ilin 7 may tarixi SSRİ-də növbəti antialkoqol kampaniyasının başlanması ilə yadda qalıb. Həmin gün bütün qəzetlərin birinci səhifəsində SSRİ Nazirlər Sovetinin “Sərxoşluq və alkoqolizmin aradan qaldırılmasına dair tədbirlər haqqında” qərarı yer alıb. Yenicə hakimiyyətə gələn Mixail Qorbaçovun start verdiyi bu kampaniya ölkədə böyük səs-küyə səbəb olub.
Bu ərəfədə spirtli içkilərin qiymətlərində artım, alkoqollu içkilərin talonla satışı, bir sıra içki mağazalarının bağlanması əhalidə böyük narazılıq yaradıb. Vəziyyətdən istifadə edən işbazlar qeyri-qanuni alkoqollu içkilərin “istehsal”ına başlayıblar. Mənşəyi bilinməyən xammallardan hazırlanan keyfiyyətsiz içkilər insan sağlamlığı üçün yetərincə təhlükəli olub. Statistik göstəricilərə görə, 1985-1986-cı illərdə spirtli içkilərdən zəhərlənərək olənlərin sayı 54 faiz artıb.
Qeyd edək ki, bu kampaniyaya qədər SSRİ-də dörd dəfə, 1918, 1929, 1958, 1972-ci illərdə dövlət səviyyəsində antialkoqol kampaniyaları həyata keçirilib. Həyata keçirilən tədbirlər kütləvi narazılıqdan başqa heç bir nəticə verməyib. Yeri gəlmişkən, onu da qeyd edək ki, kampaniyaların ideya müəllifləri olan Lenin, Stalin, Xruşov, Brejnev və ən nəhayət, Qorbaçovun xalqın gözündən kənar spirt qoxulu məclisləri gecə yarıyadək davam edib.
SSRİ-də alkoqollu içkilərin istifadəsi ilə bağlı belə bir statistika da var. 1955, 1975 və 1985-ci illərin göstəricilərinə görə müttəfiq respublikalar arasında əhalinin nisbətinə görə ən çox spirtli içkilərdən istifadə edənlər Rusiyada olub. Rusiya Federasiyasında bununla bağlı göstəricilər bu gün təəccüb doğuracaq həddədir. Rusiyada ildə addambaşına təxminən 18 litr təmiz alkoqol düşür. Bu rəqəmi yarımlitrlik araq şüşələrinə çevirsək 90 ədəd araq, tündlüyü 5 faizlik pivəyə çevirsək 720 şüşə pivə alınır.
Bəs bu rəqəmlərə qarşı tibb elmi nə deyir?
Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə, əgər insan ildə 8 litrdən artıq spirt qəbul edirsə, bu onun səhhəti üçün artıq təhlükə yaratmağa başlayır. Hər əlavə 1 litr kişilərin ömrünü təxminən 1 il, qadınların ömrünü isə 4 ay azaldır.
Bu fakt rus arağını sevənləri heç vaxt vaxt düşündürməyib. Aşağıdakı faktlar bunu bir daha sübut edir:
1. İlk dəfə Moskvada içki verilən iaşə müəssisəsi 1533-cü ildə açılıb.
2. II Yekaterinanın dövründə isə araq ən “hörmətli” içki sayılıb. Yeri gəlmişkən, rusların araq sevgisindən ən səmərəli istifadə edən elə II Yekaterina olub. Onun məşhur ifadəsi bu gün də Rusiyada olduqca populyardır: “Sərxoş xalqı idarə etmək daha asandır”.
3. 1885-ci ilə qədər araq 12 litr 300 qramlıq vedrələrdə satılıb.
4. 19-cu əsrin ikinci yarısından başlayaraq rus arağının istehsalı üçün əsas xammal kartof olub. İstehsal olunan arağın üçdə iki hissəsi məhz kartofdan hazırlanıb.
5. Almaniya-SSRİ müharibəsi illərində də araq arxa plana keçirilməyib. Dövlət Müdafiə Komitəsinin 22 avqust 1941-ci il tarixli qərarı ilə cəbhələrdə döyüşənlərə hər gün 100 qram araq verilib.
6. Dünyada yeganə olan “Araq muzeyi”də Rusiyada, Sankt-Peterburq şəhərində yerləşir.
7. Hazırda rus aralarının çeşidləri 3 mindən artıqdır. Bu rəqəm isə rus arağını sevənlər üçün dünyanın ən yaxşı göstəricisidir.
Rus arağı ilə bağlı bir çox lətifələr, deyimlər var. Araq içənlərə bəraət qazandıran ən yaxşı ifadəni isə elə ruslar deyiblər: “Araq düşmənidir. Amma kim deyir ki, biz düşməndən qorxurb, ondan qaçırıq?”
Bu kimi faktlar, lətifələr, gerçəkliklər SSRİ-də aparılan antialkoqol kampaniyalarının təsirini sıfıra endirib. Sonralar Mixail Qorbaçovun özü də 1985-ci ildə başladığı antialkoqol kampaniyasının düzgün aparılmadığını etiraf edib.
Qorbaçovun antialkoqol kampaniyası sayəsində sovet ticarəti büdcəyə əvvəlki illərə nisbətən 1986-cı ildə 12 milyard, 1987-ci ildə isə 7 milyard rubl az vəsait köçürüb. Bu isə mövcud dövr üçün iqtisadiyyatı onsuz da ağır vəziyyətdə olan SSRİ üçün böyük rəqəmlər olub və onun süqutunu sürətləndirib.
İlham Cəmiloğlu, Musavat.com