İran: Müharibə, yoxsa inqilab?

8-05-2019, 16:57   


İran: Müharibə, yoxsa inqilab?

İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi mayın 6-da jurnalistlərə açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrana xəbərdarlıq məqsədilə səsləndirdiyi son bəyanatına reaksiya verib. 

O bildirib ki, Boltonun Amerikanın təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisinin və bu ölkənin bombardmançı qırıcılarının bölgəyə göndərilməsi ilə bağlı bəyanatı yeni bir şey deyil və bu bəyanatlar şou yaratmaq məqsədi ilə səsləndirilir: 

“Boltonun hərbi və təhlükəsizlik məsələlərdən anlayışı yoxdur və onun bu sözləri də daha çox şou xarakteri daşıyır. İran İslam Respublikasının silahlı qüvvələrinin dəqiq məlumatına görə, Amerikanın təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisi hələ iyirmi bir gün əvvəl Aralıq dənizinə daxil olub. Elə buna görə də, hesab edirik ki, Boltonun dedikləri, psixoloji bir savaş başlatmaq məqsədi ilə məlum bir olaydan naşıcasına sui-istifadə etməkdən başqa bir şey deyil. Amerika ordusu regional böhranlar qarşısında mütəmadi olaraq uğursuzluqla üzləşib. Məhz buna görə də, güman etmirəm ki, Amerika ordusunun və onun komandanlarının İranın silahlı qüvvələrinin gücünü sınamağa hansısa bir meyili və ya rəğbəti olsun” -deyə Keyvan Xosrəvi əlavə edib.

Xatırladaq ki, Bolton mayın 5-də jurnalistlərə açıqlamasında Amerikanın Yaxın Şərq regionunda öz hərbi gücünü artırmasından danışıb. İranın bölgədə apardığı təxribat xarakterli fəaliyyətinə toxunan Bolton deyib ki, Tramp hökuməti Amerikanın regionda hərbi qüvvələrinin gücünü artırmaqla Tehran rejiminə açıq bir siqnal vermək istəyir: “Amerika İranla müharibə etmək fikrində deyil. Lakin İranın Amerika qüvvələrinə və ya onun regional müttəfiqlərinə qarşı hər hansı bir hərbi addımına sarsıdıcı cavab verəcək. ABŞ hökuməti, İranın regional çaxnaşmaları qızışdırmasını və onun bölgənin sabitliyinə qarşı yönələn təhdidlərini nəzərə alaraq, özünün təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisi ilə bombardmançı-qırıcılarını Orta Şərq məntəqəsinə göndərməyi qərara alıb.

Hesab edirəm ki, ABŞ-ın “USS Abraham Lincoln” gəmisinin və bombardmançı qırıcılarının bölgəyə göndərilməsi İran rejiminə açıq bir mesajdır. İran tərəfindən ABŞ-ın mənafeyinə və onun müttəfiqlərinə qarşı həyata keçirilən hər hansı bir hücuma, kəskin və sarsıdıcı cavab veriləcək. Biz İranla savaşmaq niyyətində deyilik. Lakin, “Sepah”ın, onun dəstəklədiyi muzdlu qruplaşmaların və İran ordusunun qüvvələrimizə qarşı hər hansı bir hücumuna kəskin reaksiya vermək üçün tam hazır vəziyyətdəyik” -deyə Con Bolton vurğulayıb.

ABŞ-ın dövlət katibi Mayk Pompeo mayın 6-da bildirib ki, İran və ya onun dəstəklədiyi terror təşkilatları Amerikanın milli mənafeyi əleyhinə hücum təşkil etsələr, bunun bədəlini ödəməli olacaqlar.

Finlandiyaya səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandıran Pompeo İran rejiminin son dövrlər vəziyyəti daha da kəskinləşdirən addımlar atdığını deyib.

“İstər İran, istərsə də şiə yaraqlı qruplaşmaları, husilər və Hizbullah kimi onun dəstəklədiyi üçüncü tərəflər bizim milli mənafeyimizə zidd olan hücumlar təşkil etsələr, biz buna görə İranı məsul biləcəyik, xüsusən də birbaşa olaraq bu ölkənin ali dini liderini”- deyə, ABŞ xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

Yaranmış vəziyyəti şərh edən politoloq Nəzakət Məmmədova hesab edir ki, ABŞ-ın İran sahillərinə zərbə qrupu və “esmines” göndərməsi rəsmi Tehrana daha çox psixoloji təzyiq xarakteri daşıyır. Amma ABŞ-ın yaxın perspektivdə İrana aid silahlı qüvvələrə və hərbi birləşmələrə aviazərbələr endirə bilər: 

“Amerikanın İrana qarşı hərbi əməliyyatlara başlaması real görünmür. Çünki rəsmi Vaşinqton İraqda və Əfqanıstanda keçirilən yerüstü hərbi əməliyyatlardan sonra belə müdaxilələrin çox riskli olduğunu anladı. Belə əməliyyatlar ABŞ-ın büdcəsinə milyardlarla dollar vəsaitin xərclənməsi hesabına başa gəlir. Amma istənilən real nəticə isə alınmır. Eyni zamanda, belə əməliyyatlar ABŞ-ın dünyada nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. Biz bunu Suriyada gördük. ABŞ İŞİD-ə qarşı mübarizədə daha çox PYD/YPG terror təşkilatlarının, muzdlu hərbi şirkətlərin, Səudiyyə Ərəbistanının yardımından istifadə etdi. Ona görə də ABŞ-ın İran kimi böyük bir dövlətə qarşı hərbi əməliyyatlara başlaması inandırıcı deyil. Amma İranın Yaxın Şərqdəki mövqelərinə zərbə vurulacaq. İranın müttəfiqlərinə qarşı hərbi əməliyyatlar keçirilə bilər. Bu əməliyyatlar əsasən İranın Yaxın Şərqdə nüfuz dairəsinə daxil olan əraziləri əhatə edəcək. Amma ABŞ və İsrail İranın coğrafi sərhədlərinə nə müdaxilə edəcək, nə də yerüstü əməliyyatlar aparacaq. Yəni Amerika və İsrail İranı “şiə ayparası”na daxil olan Suriya, İraq, Yəmən, Livan və Fələstində əzməyə çalışacaq. Məqsəd isə İranı Yaxın Şərqə olan siyasi iddialarından çəkindirmək, İsrailin Yaxın Şərqdə manevr imkanlarını genişləndirməkdir. İran da bufer zona yaratmaqla buna imkan vermir. Onu da qeyd edim ki, Yaxın Şərqdə İran və ABŞ və İsrailin kəşfiyyatları arasında müharibə gedir. Lakin dövlətlərarası açıq müharibə olmayacaq. İranın maliyyə və hərbi dəstək verdiyi “Qüds ordusu”, “Mehdi ordusu”, “Haşti- şaabi”, “Hizbullah” silahlı birləşmələri ABŞ terror təşkilatı kimi tanıyıb. Onların keçirdiyi hər hansı əməliyyat terror aktı kimi dəyərləndiriləcək. Bununla da ABŞ İranın Yaxın Şərqdə fəaliyyətinin qarşısını almağa çalışır. Ona görə də Yaxın Şərqdə İsrailin və İranın geosiyasi nüfuz mübarizəsi apardığı bölgələrdə müharibə şiddətlənəcək”. 

Müşfiq Abdulla
Cebhe.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar