Ağ Ev ümid edir ki, İran və ABŞ arasında müharibə olmayacaq.Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidentinin mətbuat katibi Sara Sanders bildirib.
Daha əvvəl isə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib ki, Vaşinqton İranla müharibəni və ya rejim dəyişikliyini deyil, ölkə hakimiyyətinin siyasətində dəyişikliyi istəyir.
Həmçinin prezidentin xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə baş direktoru Viktoriya Kouts telefonla keçirdiyi brifinqində deyib ki, prezident Donald Tramp İran hökumətinə səmimi olaraq ikitərəfli görüş keçirməyi təklif edir.
“Donald Tramp İran rejimi ilə görüş keçirmək təklifində səmimidir və prezident onların bunu qəbul edərək İran xalqının layiq olduğu gələcəyi təmin etməyə başlayacaqlarına ümidvardır”, - Ağ Ev rəsmisi qeyd edib.
Qeyd edək ki, İran nüvə müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəliklərin bir hissəsini icra etməkdən imtina edib. İran Prezidenti Həsən Ruhaninin sözlərinə görə, nüvə müqaviləsində yer alan 5 ölkənin hamısına bununla bağlı məktub göndərilib:
"Əgər nüvə müqaviləsindəki tərəf ölkələr 60 gün ərzində müzakirə masasına otursa, neft satışı və bankçılıq sahələrində milli mənafelərimiz təmin edilsə, bugünkü vəziyyətə qayıdarıq.Nüvə müqaviləsi çərçivəsində uranı 3,67 faiz zənginləşdirməkdə borcluyuq, ancaq 60 gündən sonra 5 ölkə ilə bir nəticəyə gəlməsək, bu vəzifəmizi sona çatdıracağıq".
Ruhaninin bu bəyanatından dərhal sonra ABŞ növbəti addımını atıb. Vaşinqton Qətərdəki Əl-Udeyd hərbi bazasına strateji bombardmançı “B-52H Stratofortress” tipli təyyarələr göndərmək qərarına gəlib.
Bu təyyarələr “Tomaqavt” tipli qanadlı raket daşımaq üçün nəzərdə tutulub. “Tomaqavt” tipli raketlər hədəfə doğru yönəldilərək qərargahdan idarə olunur və böyük dağıdıcı qüvvəyə malikdir. Təyyarələr artıq ABŞ-ın Luiziana ştatındakı “Barksdley” hərbi bazasından çıxıb.
Xatırladaq ki, ötən həftə ABŞ Fars körfəzinə “Avaam Linkoln” təyyarədaşıyan hərbi gəmisini də göndərib. Hazırda gəmi Aralıq dənizindədir və Fars körfəzinə doğru hərəkət edir.
Bütün bunlara cavab olaraq isə İran bəyan edir ki, hərbi müdaxilə olarsa, ABŞ layiqli cavabını alacaq.